Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində
alovlandırılan məşəli mayın 26-da İsmayıllı şəhərinə
gətirilib.
Axar.az xəbər verir ki, şəhərin girişində, Nizami Gəncəvi
küçəsində qurulan I Avropa Oyunlarının rəmzi qapısında məşəlin
izdihamlı qarşılanma mərasimi oldu. Mərasimə gələn insanların
sürəkli alqışları altında məşəli karate üzrə dünya və Avropa
çempionu Bayram Qəhrəmanov qəbul etdi.
Sonra 10 nəfər məşəlçinin yürüşü başlandı. Onlar məşəli növbə
ilə bir-birinə ötürərək Nizami Gəncəvi küçəsindən və Heydər Əliyev
prospektindən keçməklə 2,82 kilometr məsafə qət edərək, şəhərin
mərkəzi meydanına gəldilər.
Burada yürüşçülər musiqi sədaları altında alqışlarla
qarşılandılar. Poverliftinq üzrə beşqat dünya və üçqat Avropa
çempionu Kamil Qafarov Mədəniyyət Sarayının qarşısında quraşdırılan
səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı.
İdman müəllimi Rəvan Qarayev isə ilk Avropa Oyunlarının çırağını
yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə
təhvil verdi.
Mərasimdə aprelin 26-da qədim Atəşgah məbədində ilk Avropa
Oyunları məşəlinin alovlandırılması mərasiminin əks etdirildiyi
videoçarx nümayiş olundu.
Musiqiçilərin zəngin repertuarlı konsert proqramı, bir-birini
əvəz edən mahnı və rəqslər ismayıllılılara ikiqat bayram sevinci
yaşatdı.
İlk Avropa Oyunları məşəlinin qarşılanması mərasimindən aldığı
təəssüratını bölüşən rayon sakini, ziyalı Hümbət Əsədov dedi:
"Gözəl, unudulmaz, tarixi bir gündür. İnsanları, ən çox da
gənclərimizi sevinc içində görməkdən fərəhlənirəm. Axı, necə də
sevinməyim! Müstəqillik tarixi heç də uzaqda olmayan ölkəmizin bu
cür möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etməsi hamı kimi məndə
də iftixar hissi doğurur. Bu, əlbəttə, Azərbaycanın beynəlxalq
nüfuzundan, qüdrətli olmasından irəli gəlir".
Rayon sakini gənc şahmatçı, beynəlxalq dərəcəli usta, şahmat
məsələlərinin əyani həlli üzrə dünya çempionu Ramil Cavadov isə
sevincini belə ifadə etdi: "Bugünkü mərasim bir idmançı kimi məni
ikiqat sevindirir. Birincisi, ona görə ki, qədim Atəşgah məbədində
alovlandırılan və Azərbaycanın hər bir guşəsini qarış-qarış gəzən
məşəl rayonumuza gətirilib, minlərlə ismayıllılı bu alovu coşqu ilə
qarşılayıb. İkinci isə ona görə ki, bu tarixi hadisə ölkəmizdə
bütün sahələrdə, o cümlədən idmanda qazanılan böyük uğurlardan
xəbər verir. İyunun 12-28-də keçiriləcək "Bakı-2015" ilk Avropa
Oyunları hazırda nəinki Avropanın, dünyanın diqqət mərkəzindədir.
Hamı kimi, mən də yaxınlaşmaqda olan o günü səbirsizliklə
gözləyirəm".
Sonra birinci Avropa Oyunlarının məşəli Qəbələyə yola
salındı.