Mən, keçmiş idmançı kimi, Bakıda keçiriləcək birinci
Avropa Oyunlarını böyük əhəmiyyət daşıyan mühüm idman tədbiri
sayıram. Xüsusən də bu Oyunlar ilk dəfə keçirildiyi üçün. Avropa
Oyunları həm Polşa, həm də bütün Avropa üçün əhəmiyyət daşıyır,
xüsusən də ona görə ki, bu növ Oyunlar artıq bütün qitələrdə
keçirilir. Biz Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə də
sevinirik. AZƏRTAC xəbər verir ki, bu fikri azərbaycanlı
jurnalistlərlə görüşündə Polşa Respublikasının idman və turizm
nazirinin müavini Dorota İdzi söyləyib.
D.İdzi hesab edir ki, Avropa Oyunları həm də ona görə böyük
əhəmiyyət daşıyır ki, gələn il Rio-de-Janeyroda keçiriləcək Yay
Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün idmanın bir sıra növləri
üzrə təsnifat yarışı xarakteri daşıyır.
D.İdzi deyib: "Nazirlik çalışır ki, Polşa komandası Bakıda ən
güclü komandalardan biri olsun. Bizim komandamızda Mayya Vloşçovska
çıxış edəcək. Azərbaycan qarşıdan gələn Avropa Oyunlarının
irəliləyişi üçün onu həmin Oyunların beynəlxalq idman elçisi seçib.
Biz onun uğur qazanacağına ümid bəsləyirik. Biz idmanın güləş
növünü təmsil edən Monika Mixalik, İvona Matkovskaya və Aqneşka
Veşşekə də böyük ümidlərlə baxırıq".
İdmanın irəliləyişi üzrə işçi qrupuna başçılıq etdiyini diqqətə
çatdıran D.İdzi deyib: "Biz ölkəmizdə müxtəlif idman tədbirləri
təşkil etmək üçün çox iş görürük. Bakıda Avropa Oyunları ən mühüm
idman tədbirlərindən biridir və biz burada Polşanı irəliyə doğru
aparacağıq. Bakıda Polşa yığmasını idman sahəsində üç elçimiz –
dəfələrlə Olimpiya çempionları - üzgüçü Otıliya Endjeyçak, atıcı
Renata Mauer-Rujanska və yüngül atlet Robert Kojeniovski
dəstəkləyəcəklər. İdman Nazirliyinin nümayəndəsi böyük idman
tədbirlərinin təşkilində Polşanın təcrübəsindən danışaraq deyib ki,
Polşa 2017-ci ildə Vrotslav şəhərində "World Games" çempionatına,
habelə voleybol, avarçəkmə, həndbol, futbol və xokkey üzrə dünya və
Avropa çempionatlarına hazırdır.
Nazir müavini "Polşa üçüncü Avropa Oyunlarının keçirilməsinə
namizədliyini irəli sürməyə hazırdırmı" sualına cavabında deyib:
"Bizim idmanın bütün növlərinə uyğun gələn, Avropa Oyunları kimi
irimiqyaslı yarışlar keçirmək üçün zəruri olan infrastrukturumuz
çatışmır. Hazırda biz müvafiq infrastruktur yaradırıq, lakin bu
Oyunların keçirilməsinə hələ hazır deyilik". O, Azərbaycanın
birinci Avropa Oyunlarını keçirmək üçün zəruri idman
infrastrukturunu qısa müddətdə yaratmasını yüksək
qiymətləndirib.