Müqəddəs Atəşgah məbədində
alovlandırılan "Bakı-2015" birinci Avropa Oyunlarının məşəli mayın
30-da Qobustana gətirilib.
Azərtac xəbər verir ki, qobustanlılar Avropa Oyunlarının
məşəlini böyük sevinclə qarşıladılar. Şəhərin Heydər Əliyev
prospektində mədəniyyət evinin qarşısında qurulan və ətrafında
minlərlə insanın toplaşdığı rəmzi qapıda birinci Avropa Oyunlarının
məşəlini məşqçi-müəllim Fərid Əzizov qəbul edib.
Sonra 10 nəfər məşəlçi sürəkli alqışlarla yürüşə başladı. Onlar
yol boyu növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev
prospekti boyunca 2,5 kilometr məsafə qət etməklə şəhərin bayraq
meydanında qurulan səhnəyə gəldilər. Karatenin tiroksin-kaymay növü
üzrə üçqat respublika çempionu İbad Rzazadə səhnəyə qalxaraq burada
qurulan məşəli alovlandırdı. Əlaçı şagird, Heydər Əliyev inşa yazı
müsabiqəsinin respublika turunun qalibi Gülər Cavadovanın qəbul
etdiyi ilk Avropa Oyunlarının çırağı yarışlar başa çatanadək
saxlanılmaq üçün Qobustan şəhərinə təhvil verildi.
Sonra aprelin 26-da Atəşgah məbədində ilk Avropa Oyunlarının
məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx
nümayiş etdirildi.
Rayonun həyatında unudulmaz tarixi bir gün olan məşəlin
qarşılanması mərasimindən aldığı xoş təəssüratı bölüşən şəhər 2
saylı tam orta məktəbin müəllimi Sevil Kərimova dedi: "Sevincimin
həddi-hüdudu yoxdur. Axı, necə də sevinməyim?! Bu gün biz
qobustanlılar da Atəşgah məbədində alovlandırılan məşəlin
hərarətini hiss etdik. Bu, bizim, eləcə də bütün xalqımızın
həyatında ən gözəl günlərdən biridir. İndi hər kəs möhtəşəm
beynəlxalq tədbir olan ilk Avropa Oyunlarının başlanacağı günü
səbirsizliklə gözləyir. Heç şübhə yoxdur ki, bu Oyunlar ölkəmizin
nəyə qadir olduğunu dünyaya bir daha göstərəcək".
Rayon gənclər və idman idarəsinin rəisi Rauf Rəcəbov isə
sevincini ifadə edərək bildirdi: "Bu gün bütün qobustanlıların,
xüsusən gənclərimizin, idmançılarımızın bayramıdır. Birinci Avropa
Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın, idmançılarımızın
uğuru, təntənəsidir. Ötən hər günün bizə yaxınlaşdırdığı bu
möhtəşəm Oyunlarda ayrı-ayrı Avropa ölkəsindən 6000 nəfər idmançı
idmanın 20 növü üzrə öz gücünü sınayacaq. İnanırıq ki,
idmançılarımız bu möhtəşəm yarışlarda gözəl nəticələr göstərəcək.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
idmanın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində aparılan ardıcıl və məqsədyönlü tədbirlər,
idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri uğurlu
nəticələr bu Oyunlarda da yüksək əyarlı medallar qazanacağımıza
əminlik yaradır".
Sonda musiqiçilərin ifasında konsert proqramı təqdim olundu.