Qədim tarixə malik, zəngin flora və faunası, ecazkar və
sirli abidələri ilə cəlbedici olan Şamaxı mayın 30-da keçirilən
möhtəşəm Alov festivalı ilə öz tarixinə yeni bir səhifə
yazdı.
3000 il yaşı olan bu qədim diyar möhtəşəm idman bayramını böyük
təntənə ilə qarşılayıb. Şəhərin küçə və parkları, meydanları,
xüsusən birinci Avropa Oyunları məşəlinin keçəcəyi ərazilər
bayramsayağı bəzədilib. İnsanlar böyük coşqu və həyəcanla Qobustan
rayonundan Şamaxıya gətirilməkdə olan Avropa Oyunlarının məşəlini
gözləyirdilər.
Nəhayət, saat 19:30-da məşəl Şamaxıya çatdı. Şəhərin Heydər
Əliyev parkının qarşısında, Oyunların bayramsayağı bəzədilən rəmzi
qapısında məşəli poverliftinq idman növü üzrə 3 dəfə Avropa və
dünya çempionu Elvin Eynalov qəbul etdi.
Sonra 10 nəfər məşəlçinin yürüşü başlandı. Onlar növbə ilə
məşəli bir-birinə ötürərək Heydər Əliyev prospektinə, oradan isə
S.Ə.Şirvani küçəsinə keçərək 2,81 kilometr məsafə qət edib,
avtovağzal dairəsində qurulan səhnənin qarşısına gəldilər.
Poverliftinq idman növü üzrə Azərbaycan çempionu, beynəlxalq
turnirlərin qalibi Fərid Səmədzadə minlərlə insanın sürəkli
alqışları altında səhnəyə qalxaraq məşəli alovlandırdı.
Yeniyetmələr arasında ağır atletika üzrə respublika
turnirlərinin qalibi Elmir Sadıqov ilk Avropa Oyunlarının rəmzi
çırağını yandırdı və yarışlar başa çatanadək saxlanılması üçün
Heydər Əliyev Mərkəzinə təhvil verdi.
Müqəddəs Atəşgah məbədində ilk Avropa Oyunları məşəlinin
alovlandırılması mərasimini əks etdirən videoçarx təqdim
olundu.
Alov festivalı, respublikanın tanınmış incəsənət ustalarının və
yerli musiqiçilərin ifasında bayram konserti şamaxılıların
sevincini daha da artırdı.
YAP rayon təşkilatı qadınlar şurasının sədri Gülnisə Ələkbərova
AZƏRTAC-ın müxbiri ilə söhbətində dedi ki, ulu öndər Heydər
Əliyevin banisi olduğu müasir müstəqil Azərbaycan hazırda tarixi
günlərini yaşayır: "Ötən hər gün bizi möhtəşəm idman bayramına -
ilk Avropa Oyunlarının keçiriləcəyi günə yaxınlaşdırır. Bu
Oyunların müqəddəs Atəşgah məbədində alovlandırılan məşəlinin
rayonumuza gətirilməsi hər bir şamaxılıda qürur və sevinc hissi
doğurub. Heç şübhə yoxdur ki, ölkəmiz Prezident İlham Əliyevin
rəhbərliyi ilə getdikcə daha da qüdrətlənəcək, bir çox bu cür
möhtəşəm tədbirlərə uğurla ev sahibliyi edəcək".
Alov festivalını böyük maraqla izləyənlər arasında gənclər
çoxluq təşkil edirdilər. Onlardan biri Vasif Şıxıyev
təəssüratlarını belə ifadə etdi: "Müqəddəs Atəşgah məbədindən od
alan birinci Avropa Oyunlarının məşəli bu gün Şamaxıya da nur
saçdı. Bu, biz gənclərdə böyük qürur, iftixar hissi doğurur.
Azərbaycanın dünya idman arenasında sayılıb-seçilməsi, ilk Avropa
Oyunları kimi möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etməsi
çoxları üçün əlçatmaz bir zirvədir. Fəxr edirik ki, Prezidentimiz
İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu zirvəyə ucalıb".