Mayın 31-də Birinci Avropa
Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli
Azərbaycanın şimal bölgəsinə qədəm basdı.
Azərtac xəbər verir ki, bu regionda məşəlin ilk qarşılanma
mərasimi dağlar qoynunda yerləşən, əsrarəngiz təbiətə malik Xızı
şəhərində keçirildi.
Sumqayıt şəhərindən sonra Xızıya gətirilən məşəl şəhərin Heydər
Əliyev prospektində qurulan Oyunların rəmzi qapısında rayon
ictimaiyyət nümayəndələri tərəfindən böyük coşqu ilə qarşılandı.
Məşəl Yeni Yaşma kənd tam orta məktəbinin fiziki hazırlıq müəllimi
Ağəli Əsgərov tərəfindən qəbul olundu. Bundan sonra 10 nəfər
məşəlçinin yürüşünə start verildi. Onlar məşəli növbə ilə
bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca iki
kilometrədək məsafəni qət edib Ümummilli Liderin adını daşıyan
parka gəldilər. Burada quraşdırılan səhnəyə qalxan Fəxri bədən
tərbiyəsi və idman işçisi, Giləzi qəsəbə tam orta məktəbinin fiziki
hazırlıq müəllimi Elmik Məmmədhəsənov məşəli alovlandırdı. Məşəlin
alovlandırılmasını izləyən xızılılar bu tarixi hadisəni alqışlarla
qeyd etdilər.
Sonra isə Avropa Oyunlarının çırağı yandırıldı və yarışlar başa
çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil
verildi.
Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah
məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla
izlədilər.
Qarşılanma mərasiminin birbaşa iştirakçısı olan məşəldar Ağəli
Əsgərov tarixi hadisənin sevincini AZƏRTAC-la bölüşərək bildirdi
ki, bu, onun həyatında ən yaddaqalan günlərdən biridir. "Bu mötəbər
yarışın Azərbaycanda keçirilməsinin əhəmiyyətini illər keçdikcə
daha dərindən anlayacağıq. İndi ilk Olimpiya Oyunlarından danışanda
Yunanıstan,futbol üzrə ilk dünya çempionatından bəhs edəndə Uruqvay
yada düşürsə, birinci Avropa Oyunları haqqında danışılanda da
Azərbaycanın adı çəkiləcək. Mən bununla qürur duyuram. Bütün
həmvətənlərimiz ölkəmizlə fəxr edir."
Xızı rayon Mədəniyyət və Turizm şöbəsinin metodisti Məsmə
Nuriyeva da əlamətdar hadisənin bir parçası olduğu üçün özünü
xoşbəxt saydığını bildirdi. "Birinci Avropa Oyunlarının yüksək
səviyyədə təşkili bütün dünyaya Azərbaycanın necə qüdrətli dövlət
olduğunu bir daha göstərəcək. Ölkəmizin bütün vətəndaşları
Prezident İlham Əliyevin ətrafında sıx birləşib, Vətənimizin daha
da güclənməsi üçün çalışırlar. Uğurlarımız daha da çox olacaq.
Mötəbər turnirdə iştirak edəcək idmançılarımıza uğurlar
diləyirəm."
Güləş üzrə məşqçi-müəllim Variz Rzayev xoş təəsürratlarını
bölüşərək deyib: "Məşəlin Xızıda alovlandırılacağı günü
səbrsizliklə gözləyirdik. Mərasimin necə coşquyla keçdiyinin şahidi
olduq. Artıq 11 gündən sonra ölkəmizdə Avropanın ən mötəbər
yarışına start veriləcək. İdmançılarımızın uğurları ilə bərabər
birinci Avropa Oyunlarına ev sahibliyi etməkdən də həzz
alacağıq".
Xızı birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 53-cü
yaşayış məntəqəsi oldu.
İyunun 1-də Qusar və Quba rayonlarında məşəlin qarşılanma
mərasimi olacaq. Günün sonunda isə Quba şəhərində möhtəşəm Alov
festivalı keçiriləcək.