İyunun 1-i qubalıların
yaddaşında birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi
və möhtəşəm Alov festivalı ilə yadda qalacaq.
Məşəl Quba şəhərində Heydər Əliyev adına Mədəniyyət və İstirahət
Parkının qarşısında qurulan Oyunların rəmzi qapısında rayon
ictimaiyyəti tərəfindən bayram əhval-ruhiyyəsi ilə qarşılandı.
Məşəli güləş üzrə veteranlar arasında dünya çempionu Musa
Mirzəyev qəbul etdi. Bundan sonra 14 nəfər məşəlçinin yürüşünə
start verildi. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər
Əliyev prospekti boyunca dörd kilometr məsafəni qət edərək Quba
Meydanına gəldilər. Burada quraşdırılan səhnəyə qalxan kik-boksinq
üzrə əməkdar məşqçi Telman Məhərrəmov məşəli alovlandırdı. Məşəlin
alovlandırılmasını izləyən qubalılar bu tarixi hadisəni alqışlarla
qeyd etdilər.
Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa
çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil
verildi.
Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah
məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla
izlədilər.
Bununla da Quba birinci Avropa Oyunlarının məşəlinin
alovlandırıldığı 55-ci yaşayış məntəqəsi oldu.
Qarşılanma mərasiminin iştirakçısı, qubalı gənc Elmar Hacıyev
AZƏRTAC-a müsahibəsində birinci Avropa Oyunlarının məşəlinin
alovlandırılmasını doğma rayonu üçün ən əlamətdar hadisələrdən biri
kimi qiymətləndirdi: "Bu kimi mötəbər yarışların keçirilməsi üçün
yalnız infrastruktur, böyük idman qurğuları kifayət etmir. Bunlarla
yanaşı, ölkənin beynəlxalq arenada böyük nüfuza sahib olması da
vacibdir. Məhz bütün bu amillərə görə Azərbaycana etimad
göstərildi. Əminəm ki, dövlətimizin başçısı İlham Əliyevin
rəhbərliyi ilə birinci Avropa Oyunlarını uğurla başa vuraraq,
respublikamızın adını daha da ucaldacağıq".
Quba sakini Ələkbər Məmmədbəyov isə yarışların başlanmasını
səbirsizliklə gözlədiyini bildirdi: "Birinci Avropa Oyunlarında
güləşçilərimizin çıxışlarını maraqla izləyəcəm. Artıq güləş
yarışlarına bilet də əldə etmişəm. Pəhləvanlarımızın yüksək əyarlı
medallar qazanacağına əminəm. Özüm də güləşlə məşğul olmuşam.
Birinci Avropa Oyunlarında tək güləş deyil, bütün idman növlərində
güclü idmançılarımız mübarizə aparacaqlar. Hamısına uğurlar
arzulayıram".
Günün sonunda Qubada möhtəşəm Alov festivalı keçirildi.
Respublikanın və rayonun tanınmış incəsənət ustalarının konsert
proqramı sakinlərin sevincini ikiqat artırdı. Festivalın sonunda
atəşfəşanlıq oldu.
Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində
alovlandırılan məşəlinin növbəti qarşılanma mərasimi iyunun 3-də
Xaçmaz rayonunda olacaq.