Ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə
yardımı ilə həyata keçirilən, ictimai davranış qaydaları və ictimai
nəzarətə aid QHT layihələrinin icra vəziyyəti müzakirə
olunub.
Axar.az xəbər verir ki, toplantıda çıxış edən Şura sədri, millət
vəkili Azay Quliyev Mehriban xanım Əliyevanın rəhbərliyi altında
Bakı-2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinin hazırlıq
prosesini ən yüksək səviyyədə başa çatdırdığını bildirib və
cəmiyyətimizin bütün təbəqələrinin bu prosesdə fəal iştirakının
vacibliyini vurğulayıb. Şuranın I Avropa Oyunları və ictimai
davranış qaydaları ilə bağlı 29 QHT-nin layihəsinə 300 min manata
yaxın vəsait ayırdıqlarını bildirən Azay Quliyev təşkilatların
fəaliyyətlərini media ilə yaxından əməkdaşlıq səviyyəsində qurmalı
olduğunu deyib: "Cənab Prezident İlham Əliyev 27 may 2015-ci il
tarixli çıxışında bir daha bütün dövlət strukturlarının
fəaliyyətinə ictimai nəzarətin artırılmasının vacibliyini
vurğulayıb. Bütövlükdə cəmiyyətə verilən bu mesaj QHT-lərin də
üzərinə mühüm vəzifələr qoyur. Biz QHT-lərin I Avropa Oyunları,
ictimai davranış və mədəniyyət qaydaları ilə bağlı onlarla
layihəsini dəstəkləmişik. Görülən yüksək səviyyəli hazırlıqlara
baxmayaraq ölkəmizə səfər edəcək əcnəbilərdə nəqliyyatda, yaxud
hansısa xidmət sahəsində rastlaşa biləcəkləri uyğunsuz hərəkətlərin
və problemlərin Azərbaycan haqqında mənfi rəy formalaşdırmasına
imkan verməməliyik. QHT-lər narahatlıq doğuran ictimai davranış
qaydaları ilə bağlı maaarifləndirmə işini gücləndirməli və mövcud
problemlərlə bağlı real təkliflərlə çıxış etməlidirlər".
Tədbirdə çıxış edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin
İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov I Avropa
Oyunları ərəfəsində DYP ilə yanaşı QHT-də ictimai davranış və yol
hərəkəti qaydaları ilə bağlı təbliğat və maarifləndirmə prosesində
yaxından iştirak etdiyini deyib. Şuranın maliyyə yardımı ilə
QHT-lərin bu istiqamətdə həyata keçiridiyi layihələrin ümumi işin
səmərəliliyini xeyli artırdığını və yol hərəkət qaydalarına riayət
olunması ilə bağlı son göstəricilərin buna misal olduğunu qeyd
edib.
Toplantıda QHT rəhbərləri Rauf Zeyni, Ceyhun Musaoğlu, Sahib
Məmmədov, Elməddin Muradlı, Elşad Eyvazlı, Çingiz Bayramov, Vüsalə
Hüseynli, İradə Yaqubova, Niyaməddin Orduxanlı, Umud Mirzəyev,
Ərşad Hüseynov, Dilarə Vəliyeva, Bəxtimşah Tağıyeva, Rəfael
Becanov, Səbuhi Abbasov, Mətanət Cəfərova , Zəminə Səfərova, Venera
Əsgərova radio və televiziyalarda sürücüləri siqnal verməkdən
çəkindirən audio və video çarxların yayımlanması, ictimai davranış,
mədəniyyət qaydaları və ekologiyaya dair layihələr icra edən
QHT-lərin birgə monitorinqlərinin təşkili, əcnəbilərin çox olacağı
yerlərdə işğal altında olan torpaqlarımızın fərqləndirildiyi
Azərbaycan xəritələrinin asılması, turistlərin gedə biləcəyi
yerlərdə gigiyenik qaydalara riayət olunması, televiziyaların efir
siyasətinin daha peşəkarlıqla tənzimlənməsi, metro və avtobuslarda
maarifləndirici xarakterli materialların yerləşdirilməsi,
avtomobillərin park məsələsinin həllinə diqqətin artırılması və
digər təkliflərlə çıxış ediblər.
Toplantıda müzakirələrdə irəli sürülən təkliflərin
ümumiləşdirilərək mövcud problemlərlə bağlı Bakı şəhər İcra
Hakimiyyətinə müraciətin edilməsi və İctimai Televiziyada müvafiq
verlişlərin hazırlanması ilə bağlı razılıq əldə olunub.