Bu ay yeni eranın başlanması qeyd olunur: İyunun 12-də
Azərbaycanın paytaxtı Bakıda Birinci Avropa Oyunları baş tutacaq.
Bu təntənəli idman festivalına 6 mindən çox idmançı
qatılacaq.
Axar.az xəbər verir ki, bunu dünyanın nüfuzlu CNN kanalı Bakıda
keçiriləcək I Avropa Oyunlarına həsr olunmuş yazısında qeyd
edib.
"2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin (AOK)
üzvləri Romada Baş Assambleya iclasında baş tutan görüşdə səsvermə
zamanı qəbul olunan qərara görə, sözügedən idman festivalı hər dörd
ildən bir keçiriləcək.
49 AOK üzvündən 38-i Asiya və Panamerika oyunlarının Avropa
ekvivalenti olan və 1951-ci ildən yer alan oyunların keçirilməsini
dəstəkləyib.
50 müxtəlif Avropa xalqının nümayəndələri iyun ayının 12-dən
başlayaraq 28 iyun – festivalın bağlanma mərasiminə qədər mübarizə
aparacaqlar. Komitə bildirib ki, Avropa Oyunları Olimpiya
oyunlarının eynisi deyil və oyunların əsas məqsədi idmana olan
marağı artırmaqdır.
Birinci Avropa Oyunlarında hansı idman növləri təmsil
olunacaq?
Olimpiya Komitəsi təkliflərə baxdıqdan sonra oyunlarda təmsil
olunacaq idman növlərini müəyyən edib. İdman festivalında 20 idman
növü təmsil olunacaq. Onlardan 4-ü bu festivalda debüt edəcək.
Yarışlarda təmsil olunacaq idman növləri bunlardır: Su idmanı
növləri, oxatma, atletika, badminton, cüdo, voleybol, boks,
avarçəkmə, velosiped yarışı, qılıncoynatma, gimnastika, atıcılıq,
stolüstü tennis, taekvando, triatlon və güləş.
Bəs debütünü edəcək "yeni" idman növləri hansılardır? Budur
onlar: basketbol, çimərlik futbolu, karate və sambo. İlk üçü, yəqin
ki, hər kəsə aydındır. Bəs sambo nədir? Bu idman növü yarışda necə
təmsil olunacaq?
Sambo, kökü SSRİ hərb tarixinə dayanan idman növüdür ki,
Azərbaycan özü də bir zamanlar bu ittifaqın tərkibində olub.
Bu döyüş növü 1920-ci ildə Qırmızı Ordu əsgərlərinin döyüş
bacarığını yüksəltmək üçün istifadə olunan əlbəyaxa idman növü
elementidir. Bu idman növündə həm güləş, həm də cüdonun elementləri
var, amma qaydalar müəyyən qədər fərqlidir. Və sözügedən idman
növünün rus dilindəki adının verdiyi məna "silahsız
özünümüdafiə"dir.
Biz, yəqin ki, bu yarış növündə ən yaxşı çıxışları Rusiyadan
görəcəyik.
İdmançılar üçün hansı güzəştlər nəzərdə
tutulub?
Güzəştlər iki cürdür: öz ölkəsi üçün medal qazanmaq və 2016-cı
ildə baş tutacaq Rio Olimpiya oyunlarına iştirakçı hüququ əldə
etmək.
Bakı 253 mükafata mərasim
təşkil edəcək.
Biz Bakı haqqında nə bilirik?
Biz bilirik ki, Rusiya və Türkiyənin Avropa Oyunlarına ev
sahibliyini təşkilatçılığını etmək niyyətləri olduğu barədə ilkin
fikirləri var idi, amma Azərbaycan tək iddiaçı oldu. Təxminən 2,5
milyon əhalisi olan Bakı bunu diqqət mərkəzində saxladı və bu
məsuliyyətli işi öz üzərinə götürdü.
Bakı Cənubi Qafqazın ən böyük şəhəridir, Xəzər dənizinin
sahilində yerləşir, Şərq və Qərbi özündə birləşdirir, neft və qazla
zəngindir və zəngin sərvətləri var. Bakı həmçinin parlaq ofis
tikililərinə, böyük işıqlı bulvara və elit mağazalara sahibdir.
Bakıya diqqətlə baxsanız, parıltının əsas mənbəyini – qədim
İçərişəhəri də görə bilərsiniz. XII əsrə aid olan bu qədim şəhər
YUNESKO-nun dünya irsinə daxildir. Qədim qala divarlarının ətrafı
isə sahil xətti və Bakı küləyi ilə öz gözəlliyini tamamlayır.
Azərbaycan Birinci Avropa Oyunlarına ev sahibliyi
etməklə nə əldə edəcək?
İdman naziri Azad Rəhimovun "Qardian" qəzetinə verdiyi
müsahibədə dediyi kimi, "Mühüm olan bizim ölkəmizin dünya
xəritəsində və Avropa xəritəsində mövqeyini yaxşılaşdırmaqdır".
"Bunun ən yaxşı yolu idman və mədəniyyət sahəsində əlimizdən
gələni etməkdir. İdman çoxsaylı insanları birləşdirmək üçün böyük
potensialdır".
Qeyd edək ki, 2019-cu ildə baş tutacaq İkinci Avropa Oyunlarına
Hollandiya ev sahibliyi edəcək.