Rusiyanın "Nezavisimaya
Gazeta" nəşri Bakıda 12-28 iyun tarixlərində keçiriləcək I Avropa
Oyunları barədə yazı dərc edib.
Publika.az xəbər verir ki, "Küləklər şəhəri köhnə dünyanın
olimpiadasına hazırdır" başlıqlı yazıda bildirilir ki, 6 mindən çox
idmançının iştirak edəcəyi yarışa hazırlıq praktik olaraq başa
çatıb.
Yüksək səviyyəli idman obyektləri Bakını daha da zənginləşdirib:
"Sosial infrastruktur, stadionlar, hovuzlar və idman sarayları
yalnız I Avropa Oyunları üçün yaradılmır, onlar həm də Azərbaycanda
kütləvi idmanın inkişafına xidmət edəcəklər. Bakıda 2017-ci ildə IV
İslam Həmrəyliyi Oyunları keçiriləcək və bu yarış ilin ən böyük
idman hadisəsi olacaq".
Nəşrin yazdığına görə, Avropa oyunlarına hazırlıq vaxt
çatışmazlığı şəraitində aparılıb: "Axı yalnız 2012-ci ilin
dekabrında Bakıda I Avropa Oyunlarının keçiriləcəyi barədə qərar
qəbul olunub. Yarışlar qayıqlar və kanoedə avar çəkmədən başqa,
Azərbaycan paytaxtının müxtəlif hissələrindəki 18 idman obyektində,
həmçinin Bakıdan 250 kilomert uzaqlıqda, Kür çayının mənzərəli
sahillərdə yerləşən Mingəçevir şəhərində keçiriləcək. 65 min
tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionu yarışlarda mərkəzi
idman obyekti olacaq və burada açılış və bağlanış mərasimləri
təşkil olunacaq. Açılış və bağlanış mərasimləri Afina-2004 Olimpiya
Oyunlarının mərasimlərinin bədii direktoru olmuş tanınmış incəsənət
xadimi, xoreoqraf və aktyor Dimitris Papaioannounun rəhbərliyi ilə
təşkil olunacaq".
Rusiya nəşri Bakının beynəlxalq tədbirlərin təşkilində artıq
böyük təcrübəsinin olduğunu qeyd edib. Bildirilir ki, 2012-ci ildə
"Avroviziya" mahnı müsabiqəsində bir çox obyektlər sıfırdan
tikilmişdi. Onların arasında"Crystal Hall" konsert zalı xüsusi
vurğulanır.
"Xəzər dənizinin sahilində yerləşən Su İdmanı Növləri Sarayı
Avropa Oyunlarında əsas idman obyektlərindən olacaq. İdman
kompleksi günəş batareyaları ilə təchiz edilib və binanın elektrik
enerjisinə olan tələbatın 50 faizinə qədərini təmin edə bilər.
Həmçinin, Su İdmanı Növləri Sarayının yanında su polosu, çimərlik
futbolu, voleybol kimi yarışlar üçün yüngül stadion yerləşir.
Əvvəlcə bu obyektlər müvəqqəti tikinti kimi nəzərdə tutulmuşdu.
Amma zərif konstruksiya, Xəzərə çox gözəl açılışı və potensialı
olduğu üçün Azərbaycan prezidenti İlham Əliyev iki yeni idman
obyekti və onların arasında böyük parkın Avropa Oyunlarından sonra
istirahətin zonasına çevrilməsi barədə qərar verdi. Daha bir idman
obyekti 5 min tamaşaçısı tutumu olan Milli Gimnastika Arenasıdır.
Milli Gimnastik Arenası artıq 2014-cü ildə bədii gimnastika üzrə
Avropa çempionatını qəbul edib.
Futurizm dizaynı ilə tikilən idman obyektinin yazınlığında
Atletlər Kəndi yerləşir. 13 hündürmərtəbəli bina və 1042 mənzildən
ibarət mikrorayonda xarici nümayəndə heyətləri yerləşəcək. Atletlər
kəndi qidalanma, məişət xidmətləri kombinatı, tibbi mərkəzlər və
gözəllik salonları ilə tamtəminatlı şəhərcikdir. Burada idmançılara
pulsuz xidmətlər göstəriləcək. Atletlərin yaşayacağı üç-beş otaqlı
mənzillər Avropa Oyunlarının başa çatmasından sonra azad bazarda
satılacaq və yaşayış üçün bütün lazımı infrastrukturları olan yeni
abad rayon yaranacaq".
Qeyd olunur ki, I Avropa Oyunlarına hazırlıq prosesində böyük iş
təcrübəsi olan beynəlxalq komanda və 12 min könüllü köməkçi iştirak
edir. Rusiya nəşri könüllülərin yarış müddətində şəhər
nəqliyyatından pulsuz istifadə edəcəyini və pulsuz qidalananacağını
yazıb: "Könüllülərin 85 faizindən çoxu yerli sakinlərdir və onlar
üçün əsas mükafat böyük beynəlxalq yarışın təşkilində unikal
təcrübəsidir, Soçi Qış Olimpiadasında da bu işlə məşğul olan Anna
Poronik "Bakı-2015"in könüllülər departamentinin baş meneceridir.
O, deyir ki, başqa ölkələrdən könüllülərin toplanmasında xarici
dildə ünsiyyət bacarığı və hansısa bir idman növündə ixtisaslaşma
nəzərə alınıb. "Bir il ərzində könüllülərin belə bir ordusunu
yığmaq çətin idi, amma Azərbaycanda hökumət, dövlət strukturları və
ali məktəblər bizi çox dəstəklədi. Yerli könüllülər yaxşı təcrübə
qazanırla və bu İslam Həmrəyliyi Oyunları, eləcə də "Formula-1"
yarşlarında kadr potensialı baxımından Azərbaycan üçün böyük miras
olacaq".
"Nezavisimaya Gazeta" sonda xatırladır ki, I Avropa Oyunları 20
idman növü üzrə keçiriləcək və onlardan 12-i idmançılara 2016-cı
ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya
Oyunlarında iştirak hüququ verən lisenziya qazandıracaq.