Bəzi dairələr Avropa oyunları kimi möhtəşəm idman
hadisəsinin Azərbaycanda keçirilməsini həzm edə bilmir. Dünyada,
elə Avropanın özündə də insan hüquqlarının pozulması hallarını
görməzliyə vuran bu cür qurumlar Azərbaycana qarşı çirkin qarayaxma
kampaniyası çərçivəsində sifarişli yazılar da daxil olmaqla, bir
sıra qərəzli üsullardan istifadə edir.
Sirr deyil ki, Birinci Avropa oyunları ərəfəsində Azərbaycana
qarşı "qara piar" aparılması həvalə olunan xüsusi təşkilatlar və
KİV-lər var. Milli.az-ın məlumatına görə, Azərbaycanın müstəqil
siyasətini, ölkənin sürətlə irəlilədiyi inkişaf yolunu, eləcə də
Avropa Oyunlarına rekord dərəcədə qısa bir zaman ərzində yüksək
səviyyədə hazırlaşmasını qəbul etmək bu cür dairələr üçün
mümkünsüzdür. Təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsinin
prezidenti Patrik Hikki Avropa Oyunları məşəlinin yandırılması
mərasimində etiraf edib ki, "belə qısa müddət ərzində görülmüş bu
qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik.
Əslində, bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya
rekorduna imza atdı".
Təəssüf ki, 2012-ci ildə "Avroviziya" mahnı yarışması zamanı
qarşılaşdığımız "qara piar"la, bu gün Avropa Oyunları ərəfəsində də
üz-üzəyik. Xarici anti-Azərbaycan qüvvələrinin və erməni lobbisinin
mütəşəkkil qaydada apardığı bu kampaniyanın təşkilatçıları da
icraçıları da məlumdur. Onlar bu möhtəşəm idman yarışını
siyasiləşdirmək üçün əllərindən gələni etməyə çalışırlar və bir çox
hallarda bu işdə ölkə daxilindəki 5-ci kolonun nümayəndələrindən də
istifadə olunur. Bu kampaniyanın bir sıra ölkələrdə məlum
təşkilatlara həvalə olunduğu da sirr deyil. Məsələn, ABŞ-da bu
National Endowment for Democracy təşkilatı tərəfindən həyata
keçirilir. Bu təşkilatın apardığı kampaniyanın əsas mərkəzi rolunu
ABŞ dövlət katibi, ermənilərə xüsusi yaxınlığı ilə seçilən Con
Kerrinin ofisi oynayır.
"İnsan hüquqları naminə idman" kampaniyası adlandırılan digər
sənəddə isə Avropada hərəkətverici qüvvə rolunda beynəlxalq
hüquq-müdafiə təşkilatları çıxış etməklə, habelə rəsmi dairələr,
Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq
təşkilatlar cəlb olunmaqla Azərbaycana qarşı yeni "qara piar"
layihəsinin icrasına başlanılıb. Bu il yanvarın 15-16-da isə
Polşanın paytaxtı Varşavada beynəlxalq QHT-lərin görüşü zamanı
ermənipərəst mövqeyi ilə tanınan və Gürcüstanda keçirdiyi
qalmaqallı tədbirlə yadda qalan Çexiyanın People in Need, həmçinin
Azərbaycana qarşı aqressiv mövqeyi ilə tanınan Human Rights Watch,
vaxtilə Azərbaycanda uğursuz fəaliyyət göstərmiş Danimarkanın
İnternational Media Support, həmçinin Platform London, Netherlands
Helsinki Committee, İndex on Gensorship, Article XlX, İnternational
Partnership for Human Rights, YouAid Foundation və digər
təşkilatların nümayəndələri iştirak ediblər. Layihənin icrasına
Sərhədsiz Reportyorlar, Avropada Stabillik Təşəbbüsü, İnsan
Hüquqları və Biznes üçün Polşa Təşkilatı, Belarus Məlumat Ofisi və
başqa qurumların cəlb olunmasının zəruriliyi rəyi ifadə edilib. Az
qala Avropanın bütün anti-Azərbaycan meylli qurum və təşkilatları
əhatə edən görüşdə Azərbaycana qarşı təşkil olunacaq kampaniyanın
ilkin konturları müzakirə olunub. Birinci Avropa Oyunları isə həmin
kampaniyanın pik zirvəsi kimi müəyyən edilib.
Əl-Cəzirə, BBC, Nordic Broadcastes və Avropanin digər tanınmış
media qurumları başda olmaqla kampaniyaya beynəlxalq media
yardımının təşkil edilməsi də bu görüşünün əsas məqsədlərindən biri
olub. ABŞ-da NED-in vasitəsilə reallaşdırılan kampaniya ilə
Avropada start verilmiş layihənin koordinasiyasına dair
razılaşmanın olduğu və ümumi nəzarətin Vaşinqton və Londondan
həyata keçirildiyinə dair faktlar da mövcuddur. Təsadüfi deyil ki,
bu kampaniyaya məhz aprelin 20-də Londonda keçirilmiş tədbir zamanı
start verilib.
Bütün bu sadalalanan faktların fonunda bu gün Böyük Britaniyanın
"Guardian" qəzetinin niyə Azərbaycana qarşı bu cür qərəzli mövqe
sərgiləməsi, niyə bir-birinin ardınca iftira dolu çirkin məqsədli
məqalələr yazması gün kimi aydındır. Azərbaycanı əsassız
ittihamlarla qaralamağa çalışan "Guardian" öz ölkəsində kral
ailəsinin əməllərini işıqlandırmaqdan məhrumdur. Çünki 2010-cu ildə
Böyük Britaniyada medianın etik davranışlarına nəzarət edən
Xartiyanın qəbul edilməsilə ölkədə KİV-lər tam susdurulub.
Yaradılan yeni xüsusi qurum Britaniyada media üzərində dövlət
nəzarətini bərpa etməsinə şərait yaradıb: axı bu qurum "etik
çərçivə"dən kənara çıxan media qurumlarını 1 milyon funt
sterlinqədək cərimə etmək hüququna malikdir. Bütün bunların səbəbi
isə "Guardian"ın Kral ailəsi haqda ifşaedici materiallar yayması
idi.
Bu gün demokrtaiyadan, jurnalist azadlığından dəm vuran
"Guardian" bu addımın qarşısında sarsıldı və o andan etibarən kral
ailəsi haqda bir kəlmə tənqid yaza bilmir. Görünür, bu "rametmə"
mexanizmi qarşısında duruş gətirmək üçün "Guardian" özündə cəsarət
tapmadı. Bu qəzet öz ölkəsində hakimiyyətin bəyənmədiyi
materialları yazan və yayan blogerlərin islamofob əsaslarla -
"radikal" adı ilə həbs olunduqda da susdu. "Guardian" 2011-ci ildə
yerli əyalətlərdən birinin meriyasının iclasını lentə aldığı üçün
həbs olunan və indinin özündə də məhbəsdə olan jurnalist Ceki
Tompsonla həmrəylik göstərməyə də cəsarət etmədi.
Bu həmin "Guardian"dır ki, oxucularına yay tətilini keçirmək üçün
tərtib etdiyi siyahıda Azərbaycanın işğal olunmuş ərazilərini də
əks etdirməyi, oradakı separatçıların ötürdüyü maliyyə vəsaitini
utanmadan həzm etməyi də özünə rəva bildi.
2011-ci ildə "Vikiliks"lə bağlı qalmaqalı zamanı isə bu saytın
əsas informasiya tərəfdaşı olan "Guardian" hətta maliyyəsini aldığı
dairələrin işinə yaramadığına görə depeşaları da redaktə etməyi və
senzuradan keçirməyi "unutmadı". Bütün bunlar isə onu göstərir ki,
"Guardian" iddia olunduğu qədər tərəfsiz və obyektiv deyil və
maliyyə mənbələrinin işinə yaramayanda ən vacib məlumatların belə
üzərinə pərdə çəkə bilir.
2011-ci ildə Cimmi Savil adli britaniyalı jurnalist müəllifi olduğu
uşaq verilişindən sui-istifadə edərək pedofiliya ilə məşğul olması
da Britaniya jurnalistləri və jurnalistikasının diqqətindən kənarda
qalır. Polis sözügedən əməllərlə bağlı Britaniya jurnalistikasında
saysız-hesabsız faktların olduğunu bəyan etsə də, bir müddət sonra
bu məsələ unutduruldu.
Elə Böyük Britaniyadan olan idman jurnalisti Oven Gibson hər
zaman idmandan yazdığı halda ötən ilin dekabrından başlayaraq
Birinci Avropa Oyunları haqda siyasiləşdirilmiş qərəzli materiallar
yazır. Bununla da jurnalistin tərəfsiz mövqe sərgiləməsi prinsipini
pozan Gibson Azərbaycana qarşı aparılan çirkin kampaniyanın
öncüllərindən biri olur. Bütün bu cür faktlara susan və ya
susdurulan "Guardian", görəsən, hansı ədalətli mövqedən danışır.
Bütün bunlar erməni lobbisinin və ya Azərbaycanda iqtisadi
layihələri alınmayan hər hansı biznes dairlərəninmi
sifarişidir?
Azərbaycan prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi
Əli Həsənov bu cür mövqe sərgiləyən qurumlarla bağlı bildirir ki,
Qərbin müəyyən dairələri ilə sıx bağlılığı olan bu tipli qurumlar
müstəqil siyasət yürüdən və kimlərinsə iradəsinə baş əyməyən
dövlətlərə qarşı bir təzyiq vasitəsidir. Həmin təşkilatlar ardıcıl
şəkildə "jurnalist araşdırması" adı altında bəzi ölkələr, o
cümlədən də Azərbaycan haqqında əsassız, yalan və şantaj xarakterli
materiallar dərc ediblər. Görünür, anti-Azərbaycan dairələr l-ci
Avropa Oyunları ərəfəsində növbəti "jurnalist araşdırmasını" efirə
buraxmaqla öz məkrli istəklərinə nail olacaqlarını düşünürlər. Amma
əmin ola bilərlər ki, belə ucuz və primitiv metodlarla başqa
ölkələrlə bağlı reallaşdırdıqları ssenariləri Azərbaycanda həyata
keçirə bilməyəcəklər.
Bu gün bir sıra dünya, eləcə də Avropa ölkələrində irqi, dini,
milli ayrıseçkilik hökm sürdüyü halda Azərbaycan öz nəsillərdən
nəsillərə ötürülən tolerantlığı ilə bütün dünyaya nümunə olmaqda
davam edir. Böyük Britaniya Olimpiyası Asossiasiyasının Birinci
Avropa oyunlarına 150 idmançı göndərməsi də məhz bu mətbu orqanın
çirkin iddiaları ilə tərs mütənasibdir. Asossiasiya Avropa
oyunlarına öz rəğbətini və etimadını 2008-ci il Pekin yay olimpiya
oyunlarından sonra dünyanın heç bir nöqtəsinə göndərmədiyi ən geniş
tərkibli heyətini yola salmaqla nümayiş etdirir.
"Guardian"ın qeyri-peşakar və sifarişlə işləyən mətbu orqan
olduğunu isbatlayan daha bir məqam isə elə 20 gün əvvəl təxminən
eyni məzmunda olan bir məqalənin bu gün yenidən sayta
yerləşdirilməsidir. Bu, o deməkdir ki "Guardian"ın jurnalistləri
özlərinə əziyyət verməyərək bir qədər əvvəl yazdığı məqalənin
yan-yörəsini düzəldərək oxucuya sırıyır. Görünür, insanların
düşüncəsinin də öz dar maraqları qədər olduğunu zənn edən
"Guardian"ı yalnız bu məqalələrdən dolayı onlara yönəldiləcək maddi
vəsait maraqlandırır, öz peşə borcları yox. Əgər Avropa mediasının
öndə getdiyi bildirilən mətbu orqanlarının siması budursa, onlar
simasızlıq deyəndə nəyi nəzərdə tuturlar? Əgər bu saxtakar
qurumların qeyd etdiyi kimi olsaydı, Azərbaycanı beynəlxalq aləmdə
dəstəkləyən ölkələrin sayı durmadan artmazdı.
Bu cür saxtakarların qarşısına atılacaq faktlardan biri də elə
Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT TŞ üzv seçilməsidir. Yəqin
ki, insan haqlarından danışan bu qurumların Dağlıq Qarabağ
münaqişəsi nəticəsində öz evlərindən didərgin düşən 1 milyon
azərbaycanlının hüquqları maraqlandırmır. Çünki beynəlxalq hüquq bu
gün dünyada, sadəcə, kağız üzərindədir.
Qərbin sifarişli media dairələrinin bu cür qərəzli
davranışlarına toxunan Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan gücləndikcə, ölkəyə qarşı təzyiqlərin də artmasını təbii
sayır: "Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə
olan halda bizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də
işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici dairələr
Azərbaycana qarşı açıq kampaniya aparırlar. Biz buna hazırıq. Bu
kampaniya, əslində, heç vaxt dayanmamışdır. Sadəcə olaraq, önəmli
beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər
formalar alır. Biz bunu üç il bundan əvvəl - 2012-ci ildə
"Eurovision" müsabiqəsi ərəfəsində görmüşük. Bu gün də birinci
Avropa Oyunları ərəfəsində bunu görürük. Bu, koordinasiya şəklində
təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan
anti-Azərbaycan kampaniyasıdır ki, bunun məqsədi ölkəmizi
ləkələmək, qaralamaq, işlərimizə kölgə salmaq və Azərbaycanı geridə
qalmış, qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etməkdir.
Bütün bunlar təbii ki, yalan üzərində qurulur. Ona görə nə
Azərbaycan xalqı, nə dünya ictimaiyyəti buna inanmır".
Amma əfsuslar olsun ki, bu gün dünya siyasətində beynəlxalq
hüquq yox, riyakarlıq, ikili standartlar, ayrı-seçkilik, irqçilik,
islamofobiya, ksenofobiya hökm sürür.