Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində
alovlandırılan məşəli şimal regionuna səfərini başa
vurub.
Azərtac xəbər verir ki, iyunun 5-də Siyəzən
sakinləri Oyunların məşəlini böyük təntənə ilə qarşılayıblar. Rayon
ictimaiyyəti şəhərin Heydər Əliyev prospektində qurulan Oyunların
rəmzi qapısında məşəlin qəbul olunmasını böyük coşqu ilə
izləyib.
Məşəli cüdo üzrə gənclər arasında Azərbaycan çempionu Bəsti
Səfərova qəbul etdi. Bundan sonra 11 məşəlçinin yürüşünə start
verildi. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev
prospekti boyunca 2 min 700 metr məsafəni qət etməklə şəhərin
mərkəzinə gəldilər. Mərkəzi kitabxananın qarşısında quraşdırılan
səhnəyə qalxan boks üzrə Azərbaycan çempionu Ruslan Qasımov məşəli
alovlandırdı. Məşəlin alovlandırılmasını izləyən siyəzənlilər bu
tarixi hadisəni alqışlarla qeyd etdilər.
Sonra qaydasız döyüş üzrə üçqat dünya çempionu İlqar Hüseynov
Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq
üçün Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidovaya təhvil
verdi.
Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah
məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla
izlədilər.
Bununla da Siyəzən birinci Avropa Oyunlarının məşəlinin
alovlandırıldığı 58-ci yaşayış məntəqəsi oldu.
Siyəzəndə məşəli qəbul edən cüdo üzrə gənclər arasında
Azərbaycan çempionu Bəsti Səfərova sevincini Azərtac-la bölüşdü:
"Çox həyəcanlıyam. Mənə tapşırılan işin nə qədər şərəfli və
məsuliyyətli olduğunu bilirdim. Qarşılanma mərasimində insanların
üzündəki sevinc və iftixar hissini görmək mənə güc verdi. Məşəli
böyük fərəhlə qəbul etdim və daşıdım. Doğma rayonumuzda 11
məşəlçidən biri olduğum üçün qürur duyuram. Bütün idmançılarımıza
uğurlar arzulayıram. Xüsusilə cüdo idman növündə yarışan
dostlarıma".
Siyəzən Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov birinci
Avropa Oyunlarının Azərbaycan tarixinin ən qürurverici
hadisələrindən biri olduğunu dedi: "Ölkəmizi təmsil edən idmançılar
bu mötəbər turnirdə böyük heyətlə çıxış edəcəklər. Bu, birinci
Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin bizə verdiyi əlavə
imkandır. İdmançılarımızın çox olması qazanacağımız medalların
sayına da təsir edəcək. Əminəm ki, qızıl medalların sayına görə
öndə gedən ölkələrdən biri olacağıq. Bu gün siyəzənlilər də birinci
Avropa Oyunlarından pay aldı. Oyunların məşəli doğma şəhərimizdə
alovlandırıldı. Bu möhtəşəm anlar siyəzənlilərin yaddaşında uzun
müddət qalacaq".
Sonra birinci Avropa Oyunlarının məşəli Xırdalan şəhərinə yola
salındı.