Azərbaycan günəşin çıxdığı ilk Avropa
ölkəsidir
Xorvatiyanın İsveçrədəki səfiri Aleksandr Heinanın həyat
yoldaşı, jurnalist Zvyezdana Heina HRTİ (Xorvatiya Radio və
Televiziyası) kanalının səhər verilişi olan "Subotom ujutro" da
çıxış edərək Azərbaycan barədə təəssüratlarını bölüşüb.
Zvyezdana Heinanın müsahibəsini təqdim edirik.
Müəllif: Bakı iki həftə sonra I Avropa
Oyunlarına ev sahibliyi edəcək. Orada bizim idmançılarımız da
iştirak edəcəklər. Bu sırada bu günkü qonağımız, Avropa birincisi
olan karateçimiz Maşa Martinoviç də var. Digər qonağımız isə
həmkarım Zvyezdana Heinadır. O, Azərbaycanı bir qədər əvvəl ziyarət
edib və bu gün bizimlə Azərbaycan barədə təəssüratlarını bölüşəcək.
Zvyezdina, Azərbaycan və xüsusilə Bakı I Avropa Oyunlarına necə
hazırlaşır?
Zvyezdana Heina: Bakıdan yenicə qayıtmışam. Orada bir neçə gün
qaldım. Hər şeydən öncə qeyd etməliyəm ki, Azərbaycan, doğrudan da,
bir Avropa ölkəsidir, günəşin çıxdığı ilk Avropa ölkəsi. Bakı
paytaxtdır, 3 milyonluq əhalisi olan şəhərdir. Biz onu Avroviziya
yarışmasına ev sahibliyi edən şəhər kimi tanımışıq. Hal-hazırda
isə, 2 həftə sonra I Avropa Oyunlarına ev sahibliyi edəcək şəhər
kimi görürük. Oraya 120-si Xorvatiyadan olmaqla, ümumilikdə 50
ölkədən 6 min nəfər idmançı gedəcək. Azərbaycan bu fürsətdən
lazımınca istifadə edib özünü innovativ, demokratik, tolerant və
qabaqcıl ölkə kimi (düşünürəm ki, onlar artıq buna müvəffəq
olublar) təqdim etmək istəyir. Bu oyunlarla bağlı infrastruktur
yenilənib, yeni tikililər çoxdur. Bunların arasında 65 min nəfər
tamaşaçı tutumlu stadion və digər bir sıra meqa idman obyektləri
var. Oyunlar üçün 12 min nəfərə yaxın könüllü cəlb edilib. Şəhərin
gözəl və təmiz hissəsində idmançıların və KİV nümayəndələrinin
yerləşəcəyi 17 binadan ibarət idman şəhərciyi salınıb. Soruşa
bilərsiniz ki, bütün bunlar üçün maliyyə mənbəyi (gücü) haradandır.
Dərhal cavab verə bilərəm: neft və qaz mənbələri. Böyük imkanları
var və bu imkanlardan düzgün, mədəni şəkildə istifadə edirlər.
Müəllif: Zvyezdana, Bakının
son 10 ildə çox dəyişdiyini bilirik, ümumilikdə Bakı necə görünür?
2012-ci ildə Avroviziya yarışmaları zamanı gördük, amma daha da
inkişaf etdiyini düşünürəm. Bu barədə nə deyə
bilərsiz?
Zvyezdana Heina: Bakı Xəzər dənizinin sahilində yerləşir.
Memarlıq baxımından çox inkişaf etmiş şəhərdir. Yeni tikilən müasir
binalar da buna uyğundur. Şəhərin hal-hazırkı simvolu yeni tikilən
"Alov qüllələri"dir. Bu kompleks 3 nəhəng, hündür göydələndən
ibarətdir və animasyon mənzərəli işıqlandırma ilə təchiz edilib.
Gecələr binalar ayrı-ayrılıqda ölkənin bayrağını əks etdirən
rəngləri alırlar. Ölkənin memarlıq möcüzəsi təkcə bu binalar deyil.
Bundan başqa, nəhəng dalğa formasını əks etdirən Heydər Əliyev
Mərkəzini qeyd etmək istərdim. Əlavə olaraq, hər biri muzeyi
xatırladan yol keçidləri və metrostansiyaları, fransız memarlığını
xatırladan, yeni salınan Ağ şəhəri xüsusilə qeyd etmək
istərdim.
Müəllif: Maşa, bəs sizin ilk
dəfə səfər edəcəyiniz Azərbaycandan gözləntiləriniz nədir, hansı
hissləri keçirirsiniz?
Maşa Martinoviç: Elə indicə inanılmaz məlumatlar eşitdim
gedəcəyimiz ölkə haqqında. Daha da həyəcanlanıram. Bir neçə aydır
ki, intensiv məşq edirik. Ayın 8-də uçacağıq. Düşünürəm ki, oyunlar
zamanı Bakını gəzmək üçün kifayət qədər imkanımız olacaq.
Müəllif: Zvyezdana, yəqin ki, idmançılarımız
milli xörəklərdən də dadacaqlar. Azərbaycan yeməkləri barədə nə
deyə bilərsiz?
Zvyezdana Heina: Yeməkləri, inanılmaz dərəcədə dadlıdır. Bir
sözlə Şərq mətbəxidir və çox ləzizdir. Ədviyyatlardan çox istifadə
edilir. İlk növbədə, ağ balıq kürüsünü vurğulamaq istəyirəm, o,
dünyada ən bahalı kürüdür. Bu kürü yalnız Xəzər dənizində əldə
edilir və kiloqramı təxminən 18000 kunadır (2300 avro). Bir çox
yemək çeşidini də qeyd edə bilərəm. Əminəm ki, idmançılarımız
bunlardan zövq alacaqlar. Milli xörəkləri plovdur: düyü ilə ətin
kombinasıyasından ibarətdir. Eləcə də, paxlavaları da çox dadlıdır.
Türkiyə və Bosniya paxlavalarından çox fərqlənir, onlar qədər
şirəli deyil. İki şeyi də vurğulamaq istərdim, hansını ki, dünyanın
başqa yerlərində görməmişəm: tərəvəz və göyərtini. Hər yemək
ərəfəsində, nahar və şam, fərq etməz, süfrəyə kifayət qədər tərəvəz
və göyərti qoyurlar. Göyərtilər süfrəyə doğranmadan qoyulur və bu
şəkildə də yeyilir.
Müəllif: Çox sağ ol, Zvyezdana. Anlatdıqların
üçün təşəkkür edirəm. Maşa və digər idmançılarımıza da Bakıda
keçiriləcək I Avropa Oyunlarında uğurlar arzu edirəm.