Ana səhifə Bakı 2015 |
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Bakı-2015
Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyası"
tərəfindən "İnsan hüquqlarına yanaşmada beynəlxalq təşkilatların
ikili standartları" mövzusunda "dəyirmi masa"
keçirilib.
Publika.az-ın
məlumatına görə, tədbirdə millət vəkilləri, KİV və QHT rəhbərləri,
politoloqlar və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması
Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, Avropa Oyunlarının
başlanmasına 1 həftədən də az vaxt qalıb: "Şübhə yoxdur ki,
ölkəmizə gələn idmançılar və turistlər bu Oyunların yüksək
səviyyədə təşkil olunmasının şahidi olacaq".
R.Qonaqov təəssüflə bildirib ki, Oyunlar yaxınlaşdıqca, Azərbaycana
dost olmayan qüvvələrin narahatlığı artır və ölkəmizə qarşı
qarayaxma kampaniyası güclənir: "Bəzi qüvvələr sülhə, insanların
birliyinə yönəlmiş tədbirləri, sabitliyi dəstəkləmək istəmir".
R.Qonaqov Avropa Şurasının İnsan Haqları komissarı Nils Muzinieks,
BMT-nin məruzəçisi Mişel Forst və ATƏT-in media azadlığı üzrə
nümayəndəsi Dunja Mijatoviçin "Opendemocracy" internet portalında
dərc edilmiş məqaləsini də şərh edib: "Bunlar vahid mərkəzdən idarə
olunan qüvvələrdir və onlar bütün səylərinin boşa çıxmasını görərək
anti-Azərbaycan fəaliyyətlərini daha da artırılar. Azərbaycan
vətəndaş cəmiyyəti də bu qara qüvvələrə qarşı birlik nümayiş
etdirməli və onların cəhdlərinin qarşısını almalıdır".
Daha sonra çıxış edən Koalisiyanın koordinatoru, "Bakı xəbər"
qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirib ki, görünən
budur ki, Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə
hazırlaşdıqca, Azərbaycana qarşı qarayaxma kampaniyası, nüfuzdan
salmaq üçün fəaliyyət güclənir:
"Onlar düşünürdülər ki, Azərbaycan bu Oyunlara vaxtında hazırlaşa
bilməyəcək, ancaq görəndə ki, tədbirə yüksək səviyyədə hazırlıq
gedir və hər şey tam vaxtında yerinə yetirilir, onlar qarayaxma
kampaniyasını gücləndirməyə başladılar. Azərbaycan dövləti bu
Oyunların siyasiləşdirilməsinin qarşısını almağa çalışsa da, bəzi
qüvvələr bunu siyasiləşdirməkdən əl çəkmirlər. Əgər bu, idman
tədbiridirsə, bunu bu qədər siyasiləşdirməyin nə mənası var? Bu,
Azərbaycanın daxili işinə qarışmaqdır və hətta insanları
hakimiyyətə qarşı qızışdırmaqdır. Onlar guya bəyan edirlər ki,
hansısa beynəlxalq təşkilatın nümayəndəsi Azərbaycanda təzyiqə
məruz qalıb. Sizcə, hansısa beynəlxalq təşkilatın nümayəndəsi
Azərbaycanda təzyiqə məruz qalıb? Bundan görünür ki, Avropa
Oyunları yaxınlaşdıqca, onların narahatlığı artır. Ancaq bunlar
artıq mənasızdır, çünki Azərbaycan Avropa Oyunlarına yüksək
səviyyədə hazırlaşıb".
Daha sonra çıxış edən Milli QHT Forumunun Prezidenti Rauf Zeyni isə
bildirib ki, illərdir ki, Azərbaycan ikili standartlara məruz
qalır:
"Avropa Oyunlarına bir həftə qalmış bu ikili standartlar daha da
güclənib. Bunun iki səbəbi var. Biri odur ki, həmişə bəzi dövlətlər
və təşkilatlar böyük tədbirlər ərəfəsində Azərbaycana təzyiq edib
ölkəmizin təbii sərvətlərindən yararlanmaq istəyirlər. İkincisi isə
Azərbaycanın müstəqilliyinə zərbə vurmaqdır. Azərbaycanın müstəqil
siyasət aparması, dünyada nüfuz sahibi olması, öz yolundan
dönməyəcəyini bəyan etməsi bu təşkilatların Azərbaycana qarşı
hücumlarını daha da artırır. Bu qüvvələrin səyləri hər dəfə boşa
çıxır və Azərbaycan heç vaxt müstəqil siyasətindən geri
çəkilməyəcək".
"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə çıxış
edərək bildirib ki, Azərbaycanın dünya birliyində nüfuzunun artması
dostlarımız qədər düşmənlərimizin də ortaya çıxmasına səbəb
olur:
"Bu, kimin kim olduğunu, kimin hansı məqsədə qulluq etdiyini ortaya
qoyur. Bu, təkcə bu günün problemi deyil. Azərbaycana qarşı bir
sıra dövlətlərin və beynəlxalq təşkilatların sərgilədiyi ikili
standartlardır, digər məsələlərdə də davam edir. Bir sıra dövlətlər
və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsində də Azərbaycana
qarşı obyektiv münasibət bəsləməkdə acizdirlər və bunu bilərəkdən
edirlər. Təbii ki, bütün bu cəhdlər əbəsdir, Azərbaycan müstəqil
siyasət yürüdür və inkişaf edir. Bu baxımdan hesab edirəm ki, hər
bir Azərbaycan vətəndaşı ölkəmizə qarşı aparılan bu qarayaxma
kampaniyasına qarşı öz qətiyyətli mövqeyini ortaya qoymalıdır.
Avropa ölkələrinin bir çoxunda olmayan demokratiya Azərbaycanda
var. Həmin ölkələr öz daxillərindəki anormallıqları görmürlər,
ancaq başqa ölkələrə təzyiq göstərmək üçün insan hüquqlarından
istifadə edirlər. Bunlar qətiyyətlə pislənməlidir və Azərbaycana
qarşı ikili standartlara son qoyulması üçün sistemli şəkildə
aidiyyəti təşkilatlara öz etirazımızı bildirməliyik".
"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz deyib ki, bizim bu
məsələlərə dərhal reaksiya verməyimiz və gündəmə gətirməyimiz çox
vacibdir: "Bizə olan təzyiqlərin qaynaqları da məlumdur. Geosiyasi,
geostrateji, geohərbi maraqlar bu təzyiqlərin qaynaqlarıdır. Nə də
etsən, onlar bir şey tapıb Azərbaycana qarşı hücum edəcəklər.
Avropa Oyunları ilə bağlı da ikili standartlar davam edir. Bu gün
Avropa Oyunları təkcə idman sahəsində deyil, Azərbaycanın
mədəniyyətinin də inkişafına müsbət təsir göstərir".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, "Xalq
cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki,
Qərbin Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampaniyasında
kifayət qədər koorparativ maraqlar da var: "Azərbaycana qarşı dərc
olunan son materiallarla bağlı hesab edirəm ki, konkret cinayətlərə
görə həbs olunmuş "üçlüyün" həmin dairələrlə maddi maraqları
olub.
Həmin dairələrin nümayəndələri insan hüquqlarından dəm vursalar da,
ancaq separatçı və işğalçı rejim tərəfindən girov götürülən
azərbaycanlılarla bağlı nədənsə susur. İnsan haqları deyiləndə
siyasi maraqlar tamam kənarda qalmalıdır. Ancaq bu təşkilatlar
siyasi və koorparativ maraqları hər zaman əsas tuturlar. Onları heç
də insan haqları maraqlandırmır.
Bu prosesdə də ikili standartların mahiyyəti bir daha özünü
göstərdi. Əgər bu gün separatçı Bako Saakyan Avropaya istədiyi
zaman səfər edirsə və ona heç bir əngəl yaradılmırsa, bu, bir daha
Avropanın separatizmi dəstəklədiyini ortaya qoyur".
Daha sonra "Bakı-2015 Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş
Cəmiyyəti Koalisiyası" tərəfindən İlk Avropa Oyunları ilə bağlı
bəyanat qəbul olunub.
Tarix
2015.06.06 / 13:03
|
Müəllif
Axar.az
|