İlk Avropa Oyunları ilə bağlı Bakıda xeyli yenilik var.
Bunları daha çox şəhərin mərkəzi hissələrində görmək olur. Ancaq
yeni tikilən idman obyektləri ilə bağlı şəhərdən kənarda da
gözəgörünən yeniliklər peyda olub.
Boz kostyumlu, gülərüz polislər... Bakıda
Məsələn, Bakı Olimpiya Stadionun yerləşdiyi metronun "Koroğlu"
stansiyasının ətrafında əvvəlki görünüşdən əsər-əlamət yoxdur.
Yaşıllıqlar salınıb, yollar yenilənib. Aeroportdan metroya qədər
yolların kənarı daha müasir görkəmdə hasarlanıb, çoxlu ağaclar
əkilib.
Zibil qablarının sayı artıb, telefonlar üçün enerji
qurğusu peyda olub
Avropa Oyunları ilə bağlı Bakıdakı dəyişikliklərdən biri
əvvəllər olmayan yerlərə zibil qablarının qoyulmasıdır. Şəhər
sakinləri həmişə zibil qablarının az olmasından gileylənirdi. İndi
təkcə mərkəzi küçələrdə deyil, mərkəzdən bir az kənarda da yolboyu
yeni zibil qabları qoyulub. Sakinlər də əvvəlki kimi zibilləri
ətrafa atmır, bu qablara qoyur.
Enerji yığan aparat.
Milli Parkın "Sahil" metrostansiyası yaxınlığında isə telefon,
fotoaparat və başqa texniki cihazlar üçün enerji yığan aparat
quraşdırılıb. Üstünə də "Bakı- 2015", "1-ci Avropa Oyunları"
yazılıb. Qurğu günəş enerjisi ilə qidalanır, pulsuzdur. Ancaq
işləyən xətlərdən üçü artıq sıradan çıxarılıb. Bundan daha çox
gənclər faydalanır. Tələbə Arif Məhərrəmli deyir ki, telefonuna
enerji yığmaq üçün tez-tez bu qurğudan istifadə edir:
"Çox yaxşıdır, telefonun enerjisi qurtaranda gəlib taxıram. Sağ
olsunlar. Nəhayət, bizi də düşünüblər".
MİLLİ CEYRAN, KONDİSİONERLİ METRO
Milli Parkda Avropa Oyunlarının rəmzi sayılan iri nar büstü də
var. Adamlar bunun Avropa Oyunları ilə bağlı xatirə şəkli çəkdirmək
baxımından yaxşı düşünüldüyünü deyir.
Narın heykəlciyi dəcəl uşağı xatırladır.
Avropa Oyunlarının maskotları olan narın və ceyranın isə
heykəlcikləri qoyulub. Ceyran al-əlvan paltar "geyinib". Boynunda
boyunbağısı, ayağında bəzəkli çarıqları var. Narın heykəlciyi isə
dəcəl uşağı xatırladır. Bəlkə də buna görə daha çox uşaqlar onun
əlindən tutub şəkil çəkdirir.
Avropa Oyunları ərəfəsində xəttə ikimərtəbəli Bakı-Sumqayıt
qatarı da buraxılır. Dəmiryol İdarəsindən verilən məlumata görə,
qatar Avropa Oyunlarından sonra da işləyəcək.
Bakı metrosunda isə şəhər sakinlərinin illərlə gözlədiyi
kondisionerli qatarlar da Avropa Oyunları ərəfəsində gəlib
çıxıb.
Müasir görünüşlü, kondisionerli, əlilləri də unutmayan
avtobuslar da oyunlar ərəfəsində Bakıya gətirilib. Nəqliyyat
Nazirliyindən verilən məlumata görə, Avropa Oyunlarından sonra
avtobuslar əsasən şəhərin mərkəzində işləyəcək.
Yaxalarına vurulan polis yazısını görməsən, onların polis
olduğunu düşünməzsən.
Yaxalarına vurulan polis yazısını görməsən, onların polis
olduğunu düşünməzsən.
ARIQ, NƏZAKƏTLİ POLİSLƏR
Bu günlər şəhərin mərkəzi küçələrində dəstə-dəstə boz kostyum,
ağ köynək geymiş, tünd qırmızı qalstuk taxmış qadınları və kişiləri
görmək olur. Yaxalarına vurulan polis yazısını görməsən, onların
polis olduğunu düşünməzsən. Adını açıqlamaya həmin polislərdən biri
söyləyir ki, bu geyim Avropa Oyunlarına görədir. Bakı sakini Gülarə
Əliyeva zarafatla deyir ki, "yəqin gələn turistlərə bizdəki
polislərin belə arıq, nəzakətli olduğunu görsətmək istəyirlər".
Bakı bulvarı da daxil olmaqla şəhərin mərkəzi hissələrinə WI-FI
quraşdırılıb. Yeni açılmış Ağ Şəhər bulvarında isə yaşıl ot örtüyü
daha çoxdur.
Ağ Şəhər bulvarı
YAŞILLIQ ÇOXALIB, TEATRLAR DA HƏR GÜN
OLACAQ
Ağ Şəhər bulvarında dincələn Firdovsi Məmmədov deyir ki,
nəzarətçilər bu yaşıllıqda oturmağa-uzanmağa da imkan versəydi, lap
yaxşı olardı.
Bulvarın iki hissəsində isə pulsuz idman qurğuları açılıb.
"Bu qurğular da Avropa Oyunlarına görə açılıb. Ümid edək ki,
sonra yığışdırmayacaqlar". Bunu hər gün bura idmanla məşğul olmağa
gələn Kamal söyləyir. Ərazidəki mühafizəçi isə deyir ki, qurğular
oyunlardan sonra da qalacaq.
Nail Babayevlə Tərlan Kərimli üçün ən böyük dəyişiklik isə
əcnəbilərlə ünsiyyətidir:
"Xarici vətəndaşları tez-tez görürəm. Deyirlər, necə gözəl
şəhəriniz var".
"Turistlər gəlir, qonaqlar çoxalır, bundan yaxşı nə ola bilər
ki?".
Avropa Oyunları müddətində Bakı Musiqi Akademiyasının binası
üzərində quraşdırılan xüsusi avadanlıqlar vasitəsilə klassik və
milli musiqi səsləndiriləcək. Bu dövrdə Bakıdakı bütün teatrlarda
bazar ertəsindən başqa hər gün tamaşa göstəriləcək. Əcnəbilər də
başa düşsün deyə, tamaşalar rus və ingilis dillərində sinxron
tərcümə ilə nümayiş olunacaq.