Azərbaycanda nazir, komitə sədrləri və millət vəkilləri
Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının açılış və bağlanış
mərasimlərində iştirak edəcək, idman yarışlarını canlı izləməyə
çalışacaqlar.
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov
APA-ya açıqlamasında deyib ki, açılış və bağlanış mərasimlərində
iştirak edəcək: "Mən həmçinin Azərbaycan idmançılarının iştirak
etdiyi bütün oyunları izləyəcəyəm. İdmançılarımıza bol şans, uğur
arzu edirəm".
I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak
edəcəyini bildirən baş nazirin müavini, Qaçqınlar və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib
ki, o, idman yarışları arasında bədii gimnastikanı daha çox
izləyir: "Ancaq milli komandamızın iştirak etdiyi yarışların
hamısını izləməyə çalışacağam".
Baş nazirin müavini Əli Əhmədov da Avropa Oyunları
üçün bilet alıb: "Bir çox idman növlərinə maraq göstərirəm və həmin
yarışların bir neçəsini izləyəcəyəm. Azərbaycan idmançılarının daha
böyük uğurlar qazanmaq imkanı olacaq yarışlara üstünlük verəcəyik.
Məsələn, bədii gimnastika, cüdo yarışlarına baxacağıq. Paralimpiya
idmançılarımızın da yarışlarına baxacağıq. Paralimiyaçılarımız bizə
söz verdilər ki, medallar qazanacaqlar".
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov
isə deyib ki, "Bakı 2015 Avropa Oyunları"nın Azərbaycanda
keçirilməsi böyük bir əhəmiyyət daşıyır və tarixi hadisə kimi qeyd
olunmalıdır.
H. Bağırov bildirib ki, Avropa Oyunları çərçivəsində keçiriləcək
yarışları izləmək üçün müxtəlif ölkələrdən qonaqları gələcək:
"Onlar Avropa Oyunları çərçivəsində keçiriləcək idman yarışlarını
izləmək istəyirlər və artıq müxtəlif idman növlərini seçiblər.
Onlar üçün biletlər də rezervləşdirilib. Mən də qonaqlarla birgə
Avropa Oyunlarının açılış və bağlanış mərasimində iştirak edəcəyəm,
uyğunlaşdırılmış proqram əsasında onların ölkəmizdə yarışları
izləməsinə, həm də tarixi məkanlarla tanış olmalarına çalışacağam.
İstəyirəm ki, Azərbaycanı daha yaxından tanısınlar, dəyişiklikləri
görsünlər".
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov
deyib ki, idman yarışlarını ailə üzvləri ilə birgə izləyəcək. Nazir
imkan daxilində idman yarışlarının hamısında tamaşaçı kimi iştirak
etmək niyyətindədir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
voleybol, üzgüçülük, boks, cüdo, atıcılıq, güləş, bədii gimnastika,
yüngül atletika kimi idman növlərinə maraq göstərdiyini, bu idman
növləri üzrə keçiriləcək yarışları izləyəcəyini bildirib.
Əmək və əhalinin sosial müdafiə naziri Səlim
Müslümov açıqlamasında qeyd edib ki, Avropa Oyunları
çərçivəsində keçiriləcək yarışları izləmək üçün ailəliklə bilet
alıb: "Mən daha çox paralimpiyaçılarımızın cüdo yarışlarının qalibi
olmasını istəyirəm. Bütün yarışlarla bərabər, paralimpiyaçıların
cüdo yarışlarını da izləyəcəm. Eyni zamanda maraqlı yarışlar
çoxdur. Mən idmanın bütün növləri ilə maraqlanıram. Xüsusi olaraq
çimərlik futbolu ilə bağlı yarışlara gedəcəyəm. Güləş, bədii
gimnastika, taekvondo, boks yarışlarında idmançılarımızın yüksək
nailiyyətlər əldə edəcəyinə inanıram və hamımız orada olacağıq.
Himnimizin bu yarışlarda dəfələrlə çalınmasını arzulayıram".
Təhsil naziri Mikayıl Cabbarov da I Avropa
Oyunlarının həm açılış, həm də bağlanış mərasimlərində iştirak
etməyi planlaşdırır: "Çünki bu Azərbaycanın idman tarixində
unudulmaz hadisədir. Ona görə də bu şansı qaçırmaq istəmirəm. İmkan
olduqca həftə sonları yarışları stadionda izləməyə qatılacağam.
Çimərlik futbolu, voleybol, basketbol kimi daha çox komanda
növlərinə aid olan yarışlar mənim üçün daha maraqlıdır".
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə
Abbaszadə deyib ki, Avropa Oyunlarının həm açılış, həm
bağlanış mərasimlərində iştirak edəcək. Bundan əlavə, Avropa
Oyunları çərçivəsində xüsusilə gimnastika, voleybol və basketbol
oyunlarına xüsusi maraq göstərəcək. Həmin idman növləri üzrə
oyunları yarışların keçiriləcəyi məkandan canlı izləyəcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Hicran Hüseynova bildirib ki, I Avropa Oyunlarının
açılış mərasimində iştirak edəcək: "Ən əsası üzgüçülük, bədii
gimnastika, yüngül atletika və tennisi arenada canlı
izləyəcəyəm".
Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində
iştirak edəcəyini söyləyən Dövlət Miqrasiya Xidmətinin rəisi
Firudin Nəbiyev bildirib ki, I Avropa Oyunları
miqyasına və kütləviliyinə, birinci dəfə keçirilməsinə və elə ilk
oyunların hər zaman Avropa dəyərlərinə böyük hörmətlə yanaşan
Azərbaycanda keçirilməsinə görə möhtəşəmliyi ilə fərqlənən bir
tədbirdir: "Dövlətini, millətini sevən hər bir azərbaycanlı I
Avropa Oyunlarına respublikamızın ev sahibliyi etməsindən qürur
duyur. Bu tədbirdə iştirak etmək isə həm tarixi şans, həm də
vətəndaşlıq borcudur".
F. Nəbiyev I Avropa Oyunlarında təmsil olunacaq əksər idman
növlərini izləmək həvəsindədir, amma özünün maraq göstərdiyi
atıcılıq, boks, karate, güləş, cüdo, voleybol, basketbol, yüngül
atletika, gimnastika, idman gimnastikasını idman arenalarında
izləməyi planlaşdırır.
Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin sədri
Ramiz Həsənov açıqlamasında Avropa Oyunları
çərçivəsində keçiriləcək idman yarışlarının hamısını izləməyə
çalışacağını vurğulayıb: "Çalışacağam ki, müəyyən yarışları elə
idman arenalarında izləyim".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz
Qurbanlı isə güləş idman növünə xüsusi marağı olduğunu
açıqlayıb: "İmkan və şərait daxilində bu növdə yarışları yerində,
bu, mümkün olmadıqda həm güləş, həm də digər idman növləri ilə
bağlı yarışları televiziya vasitəsi ilə izləməyə çalışacağam".
Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, Şeyxülislam
Allahşükür Paşazadə də Avropa Oyunları
çərçivəsində keçirilən yarışlara xüsusi önəm verir və bu yarışların
bir qismində tamaşaçı kimi iştirak edəcək.
SOCAR prezidenti Rövnəq Abdullayev açıqlamasında
idman yarışlarının hamısını yerində izləməyə çalışacağını qeyd
edib.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov da imkan daxilində bütün növlər üzrə yarışları
izləməyə çalışacağını söyləyib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi
Rəcəbli deyib ki, I Avropa Oyunlarının həm açılış, həm də
bağlanış mərasimlərində iştirak etməklə bərabər, daha çox voleybol,
velosiped, üzgüçülük, idman növlərində keçirilən yarışlarla
maraqlanır: "Çalışacağam ki, bəzi yarışları elə idman arenasında,
yerində izləyim. O idman arenalarında oturub yarışları izləməkdən
iftixar hissi keçirəcəyəm".
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir
Rüstəmxanlı bildirib ki, Avropa Oyunlarının açılış və
bağlanış mərasimlərində iştirak etməyə çalışacaq: "Canlı baxmağın
ayrı effekti var. Bilet alaraq imkan daxilində Azərbaycan
idmançılarının ənənəvi güclü olduğu güləş, karete, sambo, cüdo,
boks yarışlarını canlı izləməyə çalışacam".
Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil
Mustafa da yarışlara baxmaq üçün bilet alıb, basketbol və
çimərlik futbolu üzrə keçirilən yarışları izləyəcək.
Bakı Dövlət Universitetinin rektoru Abel
Məhərrəmov da mümkün qədər bütün yarışları canlı izləməyə
çalışacaq. A. Məhərrəmov açıqlamasında xoşladığı idman növləri
sırasında yüngül atletika, gimnastika, üzgüçülük, çimərlik futbolu,
çimərlik voleybolu, basketbol, boks, karatae, stolüstü tennis,
güləş, sambo, atçılıq, oxatma və velosiped yarışlarının adlarını
çəkib. BDU-nun rektoru onu da nəzərə çatdırıb ki, bu ali məktəbin 3
min tələbəsi 250 istiqamətdə Avropa Oyunlarına könüllü qismində
cəlb olunub.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət
Muradov açıqlamasında Avropa Oyunlarının açılış və
bağlanış mərasimlərində iştirak edəcəyini, Avropa Oyunları
çərçivəsində bədii gimnastika, güləş, üzgüçülük və voleybolla
maraqlandığını bildirib: "Övladlarıma da söz vermişəm, oyunları
onlarla birgə izləyəcəm".
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da
Bakı 2015 Avropa Oyunlarının həm açılış həm də bağlanış
mərasimlərində iştirak edəcəyini bildirib. O, deyib ki, ailəliklə
iştirak edəcəyi yarışlar üçün artıq ailə üzvlərinin sayına uyğun
olaraq 4 bilet alıb. Avropa Oyunları çərçivəsində bütün oyunlara
maraq göstərdiyini deyən rektor daha çox su idman növləri,
gimnastika, yüngül atletika güləş, milli idman növü olan güləşə
daha çox maraq göstərəcəyini bildirib:
"Oyunlarını hər birini imkan
daxilində izləyəcəm. Sadəcə Avropa oyunlarının açılış və bağlanış
mərasimləri daha kütləvi olduğundan biletləri əvvəldən əldə
etmişəm. Avropa Oyunları çərçivəsində digər oyunları da ekspromt
şəkildə bilet əldə edib stadiondan canlı izləməyə bilərəm. Bütün
hallarda Avropa Oyunlarının bütün yarışlarını izləyəcəm. Avropa
Oyunları zamanı Azərbaycan komandasına da uğurlar arzulayıram.
İnanıram ki, komandamız öz uğurları ilə Azərbaycanın idman ölkəsi
olduğunu sübut edəcək".