Dənizkənarı Milli Parkdakı "Kiçik Venesiya şəhərciyi"ndə
Avropa Qonaqpərvərlik Klubunun açılışı olub.
Azərbaycanın birinci xanımı, "Bakı-2015" ilk Avropa Oyunları
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılış mərasimində
iştirak edib.
Birinci xanım Mehriban Əliyevanı Avropa Qonaqpərvərlik Klubunun
önündə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki
qarşıladı.
Mehriban Əliyeva və Patrik Hikki klubun rəmzi açılışını bildirən
lenti kəsdilər, burada yaradılan şəraitlə tanış oldular.
"Kiçik Venesiya şəhərciyi"ndə Avropa Qonaqpərvərlik Klubu Avropa
Olimpiya Komitəsinin, ümumilikdə Olimpiya Oyunları ənənəsinə uyğun
yaradılıb. Bu ərazi Dənizkənarı Milli Parkın ən gözəl guşələrindən
biridir və 1960-cı illərdə salınıb. İndi "Kiçik Venesiya şəhərciyi"
Dənizkənarı Milli Parka gələnlər üçün sevimli istirahət yeridir.
Məhz buna görə də Avropa Qonaqpərvərlik Klubunun burada yaradılması
qərara alınıb. Kluba giriş Avropa Olimpiya Komitəsi tərəfindən
təqdim edilən xüsusi kartlarla VIP qonaqlar üçün nəzərdə
tutulub.
Avropa Qonaqpərvərlik Klubunda birinci Avropa Oyunları zamanı
hər axşam yarışların nəticələri ilə bağlı müzakirələr aparmaq,
idmançıların uğurlarını qeyd etmək, qaliblərin şərəfinə ziyafətlər
təşkil etmək mümkün olacaq. Bununla yanaşı, istənilən ölkənin
nümayəndə heyəti burada milli komandalarının oyunlarını izləmək
üçün də toplaşa bilər. Klubda biznes mərkəzi də fəaliyyət
göstərəcək. Burada, eyni zamanda, Azərbaycanın uğurları, tarixi,
mədəniyyəti, incəsənəti, mətbəxi, adət-ənənələri də geniş təbliğ
olunacaq.
Müasir üslubda qurulan bu klub əslində hər bir Olimpiadanın
ayrılmaz hissəsi hesab edilir. Burada idmançılar və şəhərimizin
qonaqları üçün əyləncəli proqramlar da təşkil olunacaq. Klubun
qonaqlarına milli mətbəximizin və Avropa mətbəxinin təamları təqdim
ediləcək. Bir sözlə, Avropa Qonaqpərvərlik Klubunda qonaqların həm
istirahəti, həm də onların öz sevimli komandaları və idmançılarının
uğurlarının sevincini bölüşmək üçün hər cür şərait yaradılıb.
Tədbirin ən maraqlı məqamlarından biri ilk Avropa Oyunlarını
təbliğ etmək məqsədilə Lissabondan Bakıya velosipedlə səfər edən 53
yaşlı velosipedçi və macəra həvəskarı Corc Kristovaonun Milli Parka
gəlişi oldu. Bu təşəbbüs Portuqaliyanın Milli Olimpiya Komitəsi
tərəfindən dəstəklənib. Corc Kristovao yürüşə Lissabonun Torre de
Belem abidəsinin qarşısından bu il aprelin 10-dan start verib. Corc
Kristovao 7 min kilometrə yaxın məsafəni ona hədiyyə olunan
elektriklə işləyən velosipedlə qət edib. Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva velosipedçiyə ailə üzvləri ilə birlikdə
Oyunların açılış mərasimində iştirak etmək üçün biletlər təqdim
etdi. Corc Kristovao isə Portuqaliyanın Milli Olimpiya Komitəsi
tərəfindən ünvanlanan məktubu "Bakı-2015" birinci Avropa Oyunları
Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim etdi.
Sonra birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri
Mehriban Əliyeva oyunlarda iştirak edəcək Portuqaliya komandasının
üzvləri ilə görüşdü.