İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək
üçün ölkəmizə səfərə gələn Türkmənistan Prezidenti Qurbanqulu
Berdiməhəmmədov ilə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Hörmətli Qurbanqulu Məlikquliyeviç, Sizi ürəkdən salamlayıram,
Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük
əhəmiyyət veririk. Şadıq ki, bizim üçün çox önəmli gündə
qonağımızsınız. Bu, bir daha dostluğumuzu, qardaşlığımızı ifadə
edir. Türkmənistan ilə Azərbaycan arasındakı əlaqələr məhz dostluq,
qardaşlıq əsasında qurulub. Xalqlarımız da daim bir yerdə
yaşamışlar, yaratmışlar, bir-birinə arxa-dayaq olmuşlar. Bu gün iki
müstəqil dövlət kimi Türkmənistan və Azərbaycan uğurla inkişaf
edir. Biz sizin uğurlarınızı məmnunluqla qeyd etmək istəyirik. Bu,
bizi çox şad edir. Sizin rəhbərliyinizlə Türkmənistan inkişaf yolu
ilə uğurla gedir. Əminəm ki, gələcəkdə bizim dostluğumuz,
qardaşlığımız daha da möhkəmlənəcək. Sizin bu gün Bakıda olmağınız
özlüyündə bir nümunədir, göstəricidir.
Bir daha Sizi ürəkdən salamlayıram. Xahiş edirəm ki, mənim ən
xoş arzularımı qardaş türkmən xalqına çatdırasınız.
***
Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV Bakı-2015
Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün
Azərbaycana dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını
bildirdi.
Türkmənistan Prezidenti birinci Avropa Oyunlarının çox
əhəmiyyətli və vacib idman tədbiri olduğunu qeyd etdi.
Ölkələrimizin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar
sahələrdə yüksək səviyyədə əməkdaşlıq etdiyini bildirən
Türkmənistan dövlətinin başçısı ümumi tarix, dil və mənəvi
dəyərlərin mövcudluğunun ikitərəfli əlaqələri daha da
genişləndirməyə kömək etdiyini dedi. Qurbanqulu Berdiməhəmmədov
Türkmənistanın bitərəfliyi ilə bağlı BMT-nin ikinci qətnaməsinin
qəbul edildiyini deyərək Azərbaycanın bu sənədi dəstəkləyən ilk
ölkələrdən olduğunu vurğuladı. Türkmənistan dövlətinin başçısı bu
ilin dekabrında ölkəsinin bitərəfliyinin 20 illiyi ilə bağlı
keçiriləcək konfransa Azərbaycan Prezidentini dəvət etdi.
Qurbanqulu Berdiməhəmmədov 2017-ci ildə Türkmənistanda qapalı
məkanlarda döyüş növləri üzrə 5-ci Asiya Oyunlarının keçiriləcəyini
diqqətə çatdırdı.