18:56
İyunun 12-də Heydər Əliyev Mərkəzində "Bakı-2015"
birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçılarının
şərəfinə Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbul
təşkil olunub.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Rəsmi qəbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya
Prezidenti Tomislav Nikoliç, Monteneqro Prezidenti Filip Vuyanoviç,
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç,
Belarus Prezidenti Aleksandr Lukaşenko, Türkmənistan Prezidenti
Qurbanqulu Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon,
Lüksemburq Hersoqluğunun Böyük Hersoqu Anri, Monako Knyazlığının
şahzadəsi II Albert, San-Marinonun dövlət başçıları - Kapitan
regentləri Andrea Bellutsi və Roberto Venturini, Bolqarıstanın Baş
naziri Boyko Borisov, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili,
Qırğızıstanın Baş nazirinin birinci müavini Tayrıbek Sarpaşov,
Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek,
Slovakiya Parlamentinin sədri Peter Pelleqrini, Avstriya
parlamentinin ikinci Prezidenti Karlhaynts Kopf, Latviya Parlamenti
sədrinin müavini Andrey Klementiyev, Meksika Senatının xarici
əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barron, Ukrayna Dövlət
Fiskal Xidmətinin sədri, Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan
parlamentlərarası əlaqələr üzrə qrupun başçısı Roman Nasirov,
Qətərin Olimpiya Komitəsinin sədri Şeyx Cəuan bin Həməd Əl Tani,
Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Abdullah bin Mosaad,
Küveytin informasiya və gənclər naziri Şeyx Salman Əl-Hamoud Əl
Sabah, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici
işlər naziri Rəşid Meredov, Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlu, Oman Sultanlığının idman işləri naziri şeyx Səad bin
Məhəmməd bin Səid Əl-Mərduf Əl-Sədi, İran İslam Respublikasının
idman və gənclər naziri Mahmud Qudərzi, Türkiyənin energetika
naziri Taner Yıldız, Böyük Britaniyanın xarici işlər nazirinin
müavini və parlamentin üzvü Tobias Martin Elvud, Vatikanın
mədəniyyət nazirinin müavini Luis Marie Vilyam Sançez De Toca,
İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri, Latviyanın
sabiq Prezidenti Valdes Zatlers və digər yüksək səviyyəli qonaqlar
iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev və "Bakı-2015" birinci Avropa
Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilk Avropa
Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə gələn
dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi və idman
xadimləri ilə görüşdülər.
Dünyanın idman tarixində silinməz iz qoyacaq ilk Avropa
Oyunlarının rəsmi açılış mərasimində yüksək səviyyəli qonaqların
iştirakı bu Oyunların əhəmiyyətini bir daha təsdiq edir. Avropa
Oyunlarına bütün dünyada böyük maraq var. Qitənin idman tarixində
mühüm hadisə olan bu Oyunların Azərbaycanda keçirilməsinə qərar
verilməsi təbii ki, ölkəmizin beynəlxalq nüfuzundan və dünyada
formalaşdırdığı müsbət imicdən irəli gəlir. Bu amil həm də
Azərbaycanda idmana göstərilən qayğı, idman sahəsində əldə olunan
uğurlarla da sıx bağlıdır. Avropa idman ailəsinin bu qərarı
Azərbaycandakı ictimai-siyasi sabitliyə və son illərdə əldə olunan
yüksək iqtisadi nailiyyətlərə inamın təsdiqidir. Prezident İlham
Əliyevin hərtərəfli fəaliyyəti sayəsində Azərbaycan belə nüfuzlu
idman tədbirini keçirmək iqtidarında olduğunu bir daha bütün
dünyaya nümayiş etdirir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi
birinci Avropa Oyunlarının Təşkilat Komitəsi bu tədbirin yüksək
səviyyədə keçirilməsi üçün bütün səyləri birləşdirdi. Qısa müddətdə
yeni müasir idman obyektlərinin inşası, mövcud olanların isə əsaslı
şəkildə yenidən qurulması beynəlxalq idman ictimaiyyəti tərəfindən
də yüksək qiymətləndirildi. Ölkəmizdə bu Oyunları yüksək səviyyədə
keçirmək üçün yaradılan şərait, qısa müddətə görülən işlər və
reallaşdırılan layihələr bir daha sübut edir ki, beynəlxalq idman
ailəsinin üzvü olan Azərbaycanda başlanılan bütün işlər vaxtında və
yüksək keyfiyyətlə yerinə yetirilir. Bu isə Avropa Oyunlarının
standartını yaradan Azərbaycanı yenidən dünyanın diqqət mərkəzinə
çevirir. Azərbaycan da daxil olmaqla Avropanın 50 ölkəsindən
6000-dən artıq idmançının qatıldığı birinci Avropa Oyunları dünya
idman tarixində mühüm hadisə kimi qalacaq.
Rəsmi qəbulda birinci Avropa Oyunlarına dair qısa videoçarx
nümayiş etdirildi.
Dövlətimizin başçısı İlham Əliyev rəsmi qəbulda çıxış etdi.
-Hörmətli xanımlar və cənablar, əziz qonaqlar.
Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram. Xaricdən gələn
bütün qonaqlara "Azərbaycana xoş gəlmisiniz" deyirəm.
Bir neçə saatdan sonra Bakıda birinci Avropa Oyunları başlayır.
Bu hadisə münasibətilə ilk növbədə bütün Azərbaycan xalqını, bütün
Avropa xalqlarını təbrik edirəm. Əminəm ki, bu idman yarışı
dostluq, mehribanlıq bayramına çevriləcəkdir.
Bu, ölkəmiz üçün tarixi hadisədir. Çünki bu günə qədər ölkəmizdə
bu miqyasda idman yarışları keçirilməmişdir. Eyni zamanda, bu,
Avropa üçün də tarixi hadisədir. Çünki başqa qitələrdən fərqli
olaraq, Avropada heç vaxt qitə oyunları keçirilməmişdir. Baxmayaraq
ki, olimpizm hərəkatının və olimpizm ideyalarının vətəni Avropadır.
Bu tarixi qərar 2012-ci ilin dekabrında qəbul edilib. Bu qərarın
qəbul edilməsinə görə Avropa Olimpiya Komitəsinə və şəxsən onun
prezidenti cənab Patrik Hikkiyə dərin minnətdarlığımı bildirmək
istəyirəm. Bu qərar gələcəkdə Avropa idmanının inkişafında müsbət
rolunu oynayacaq.
Qərar qəbul olunandan sonra biz Azərbaycanda dərhal Oyunların
Təşkilat Komitəsini yaratdıq. Ondan sonra yerli və beynəlxalq
nümayəndələrdən ibarət Əməliyyat Komitəsi yaradılmışdır. Təşkilat
Komitəsi və Əməliyyat Komitəsi çox fəal işləyərək qısa müddət
ərzində belə mötəbər idman yarışını hazırlayıb.
Əlbəttə, bu Oyunların hazırlanmasında könüllülər çox böyük rol
oynamışlar. İyirmi minə yaxın yerli və xarici könüllü bu Oyunların
keçirilməsi üçün bu illər ərzində çox fəal işləyiblər. Mən onların
rolunu xüsusilə qeyd etmək istəyirəm. Onların mütləq əksəriyyəti
gənclərdir. Onlar bizim gələcəyimizdir. Əlbəttə, bu əvəzolunmaz
təcrübə gələcək həyatda onlar üçün müsbət rol oynayacaq.
Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir.
İdmanın, Olimpiya hərəkatının inkişafı Azərbaycanda dövlət
siyasətidir. İdmançılarımız da bizi böyük uğurlarla, qələbələrlə
sevindirirlər. Deyə bilərəm ki, son Yay Olimpiya Oyunlarında
Azərbaycan idmançıları komanda hesabında 30-cu, Avropa ölkələri
arasında isə 15-ci yerə layiq görülmüşlər.
Gənc idmançılarımız da bizi sevindirir. 2014-cü ildə keçirilmiş
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycan komandası
200-dən çox iştirakçı arasında 10-cu yerə layiq görülmüşdür. Bu,
onu göstərir ki, gözəl gənc nəsil yetişir və idmanın ənənələri
möhkəmlənir. Əlbəttə ki, bu, ölkəmizin inkişafına müsbət təsir
göstərir.
İdman ictimaiyyəti həyatımızın ayrılmaz hissəsidir. Təsadüfi
deyil ki, birinci Avropa Oyunları Bakıda keçirilir. Hesab edirəm
ki, burada idmançılarımızın uğurları ilə yanaşı, digər amillər də
öz rolunu oynamışdır. Azərbaycanda çox inkişaf etmiş idman
infrastrukturu yaradılmışdır. Bizim bölgələrimizdə 50-yə yaxın
olimpiya idman mərkəzi yaradılmışdır. Bakıda isə bütün idman
qurğuları, idman obyektləri ən yüksək standartlara cavab verir.
Oyunların iştirakçıları və qonaqlar özləri bunu təsdiq
edəcəklər.
Şəhər infrastrukturu çox inkişaf edib. Xüsusilə Oyunlara
hazırlıq zamanı bu sahəyə daha böyük diqqət göstərilmişdir.
Nəqliyyat sistemimizin, xidmət sektorunun təkmilləşdirilməsi, yeni
otellərin açılışı əlbəttə ki, gələcəkdə Azərbaycana gələn
turistlərin sayını böyük dərəcədə artıracaq. Eyni zamanda,
Avropadan gələn minlərlə qonaq Azərbaycanı yaxından tanıyacaq.
Əminəm ki, onların bir çoxu gələcəkdə Azərbaycana qayıtmaq
istəyəcəklər.
Azərbaycanda siyasi sabitlik mövcuddur. Ölkənin uğurlu dayanıqlı
inkişafı təmin edilir. İqtisadi inkişafımız da xalqımızı
sevindirir. Bu il iqtisadiyyat 5 faizdən çox artmışdır. Son 10 il
ərzində isə dünya miqyasında Azərbaycan iqtisadiyyatı ən sürətli
templərlə inkişaf etmişdir və 3 dəfədən çox artmışdır. Bütün bu
amillər, əlbəttə, bizə imkan verir ki, biz bu Oyunları yüksək
səviyyədə keçirək. Biz buna çalışmışıq və əminəm ki, qonaqlar
Oyunları böyük maraqla izləyəcəklər.
Bir önəmli amili də qeyd etmək istəyirəm. Bu da Oyunlara
ictimaiyyət tərəfindən verilən dəstəkdir. Azərbaycan xalqı birinci
Avropa Oyunlarının Bakıda keçirilməsini ürəkdən alqışlayır. Bu, son
iki il ərzində bir növ ümumxalq məsələsinə çevrilmişdir. Oyunların
məşəlini bütün bölgələrdə, o cümlədən Bakıda qarşılamaq üçün iki
milyona yaxın insan küçələrə, meydanlara çıxmışdır ki, məşəli
salamlasın və Oyunlara öz güclü ictimai dəstəyini versin.
Oyunlar bu gün başlayır. Bu günlər ərzində - iyunun 28-dək
idmançılar öz güclərini göstərəcəklər. Oyunlardan sonra əlbəttə ki,
həyat davam edəcək. Azərbaycan digər böyük mötəbər idman
yarışlarına ev sahibliyi edəcəkdir. 2016-cı ildə Bakıda Ümumdünya
Şahmat Olimpiadası keçiriləcəkdir. Eyni zamanda, 2016-cı ildə
"Formula-1" yarışı Bakıda keçiriləcəkdir. 2017-ci ildə İslam
Həmrəylik Oyunları Azərbaycanda, Bakıda keçiriləcəkdir. 2020-ci
ildə isə futbol üzrə Avropa çempionatının qrup mərhələsi və
dörddəbir final yarışları Bakıda keçiriləcəkdir. Yəni, Azərbaycan
artıq idmanın inkişafı istiqamətində öz rolunu dünyaya göstərib.
Əminəm ki, Bakıya gələn və gələcək yarışlarda iştirak edəcək
idmançılar, qonaqlar ölkəmizdən ən xoş təəssüratlarla
ayrılacaqlar.
Oyunlar başlayır. Bütün komandalar hazırdır. Azərbaycan xalqı
Oyunların başlamasını səbirsizliklə gözləyir. Bizim üçün bu tarixi
bir gündə bütün idmançılara, bütün qonaqlara bir daha "Xoş
gəlmisiniz" deyirəm, idmançılara uğurlar arzulayıram. Qoy güclü
qalib gəlsin. Sağ olun.