I Avropa Oyunlarında karate
yarışları davam edir.
Axar.az xəbər verir ki, artıq bu gün seçmə mərhələnin birinci
dövriyyəsi başa çatıb. Aralarında bir qadın, 3 kişi idmançımız
olmaqla bir azdan yarımfinal mərhələlərinə start veriləcək.
Tatami üzərində kumite yarışları üzrə 50 kq çəkidə qadınların
yarışı başlayacaq. Türkiyə təmsilçisi Özçelik Serap Ukrayna
təmsilçisi Kryva Katerynanı sınağa çəkəcək. Bu cütlüyün qalibi
finalda Avstriya təmsilçisi Plank Bettina və Fransa təmsilçisi
Alexandra Recchia duelinin qalibi ilə qarşılaşacaq.
Daha sonra 55 kq çəkidə mübarizə aparan qadınların kumite
yarışının yarımfinal mərhələsi davam edəcək. Həmyerlimiz İlahə
Qasımova fransalı Emili Thouy ilə qarşılaşacaq. Bu cütlüyün qalibi
finalda ispan təmsilçi Kristina Qarsia Ferrer və xorvatiyalı xanım
idmançı Yelena Kovaçeviç mübarizəsindən qalib ayrılanla
qarşılaşacaq.
Qadınların bugünki yekun yarımfinal mərhələsi 61 kq çəki ilə
yekunlaşacaq. Qırımız kəmərlə mübarizə aparan fransalı qadın
idmançı Lusi İqnasiya xorvatiyalı xanım idmançı Ana Lenardı sınağa
çəkəcək. Bu çəkidə digər qarşılaşma isə azarkeşlər üçün daha
maraqlıdır. Belə ki, türkiyəli Çoban Mervə finala çıxmaq üçün
sloveniyalı Tjasa Ristiki məğlub etməlidir.
Kişilər arasında Kumite -60kq çəkidə yarımfinal mərhələsi isə
böyük səbirsizliklə gözlənilir. Həmyerlimiz Firdovsi Fərzəliyev
finalda yarışmaq üçün Makedoniya idmançısı Emil Pavlovu sınağa
çəkəcək. Finalın digər adı isə italiyalı Luka Mareska ilə Serbiya
idmançısı Marko Antik duelindən sonra aydınlaşacaq.
Kişilər arasında Kumite -67kq çəkidə yarımfinal qarşılaşması da
maraqla gözlənilir. Azərbaycanlı idmançı Niyazi Əliyev qızıl medalı
qazanmaq üçün türkiyəli idmançı Burak Uyğuru məğlub etməlidir. Eyni
çəkidə digər görüş isə fransalı Stiven Da Kosta ilə alman idmançı
Rikardo Qieqler arasında baş tutacaq.
15:40
Yarımfinal mərhələsində tatami üzərinə birinci Türkiyə
təmsilçisi Sərap Özçelik və Ukrayna təmsilçisi Katerina Kriva
çıxıb.
Gərgin keçən mübarizədə türkiyəli təmsilçi qalib gələrək finala
adlayıb.
15:42
50 kq çəkidə kumite yarışları üzrə finalın digər iştirakçısı da
məlum olub.
Avstriya təmsilçisi Plank Bettina və Fransa təmsilçisi, son
dünya çempionu Alexandra Recchia üz-üzə gəlib. Qırmızı kəmərdə yarışan Plank Bettina yarışa
fəal başlayıb. O, 2:0 hesabı ilə qalib gəlib.
***
55 kq çəkidə mübarizə aparan
qadınların kumite yarışının yarımfinal mərhələsinə start
verilib.
Həmyerlimiz İlahə Qasımova fransalı, son Avropa çempionu Emili
Thouy ilə qarşılaşıb. Döyüş fransalı idmançının böyük hesablı
qalibiyyəti ilə başa çatıb: 1:6
Xatırladaq ki, Emili Thouy finalda ispan təmsilçi Kristina
Qarsia Ferrer və xorvatiyalı xanım idmançı Yelena Kovaçeviç
mübarizəsindən qalib ayrılanla qarşılaşacaq.
15:52
55 kq çəkidə mübarizə aparan
qadınların final qarşılaşmasının növbəti adı məlum olub.
İspan təmsilçi Kristina Qarsia Ferrer xorvatiyalı xanım idmançı
Yelena Kovaçeviç ilə qarşılaşıb. Sonuncu 2:1 hesabı ilə qalib
gələrək finala adlayıb.
15:59
Kişilər arasında Kumite-60 kq çəkidə yarımfinal mərhələsinə
start verilib.
Böyük səbrsizliklə gözlənilən bu qarşılaşmada həmyerlimiz
Firdovsi Fərzəliyev finalda yarışmaq üçün tatami üzərinə çıxıb.
Makedoniya idmançısı, Balkan çempionu Emil Pavlov ilə qarşılaşan
həmyerlimiz hesabda geri olsa da, hakimlər tərəfindən döyüşün
qalibi elan olunub.
Xatırladaq ki, F.Fərzəliyev finalda italiyalı Luka Mareska ilə
Serbiya idmançısı Marko Antik duelindən qalib ayrılanla
döyüşəcək.
16:08
Kişilər arasında Kumite-60 kq çəkidə yarımfinal mərhələsində
italiyalı Luka Mareska Serbiya idmançısı Marko Antiki 6:0 hesabı
ilə məğlub edib.
Qeyd edək ki, Luka Mareska finalda azərbaycanlı idmançı Firdovsi
Fərzəliyevlə görüşəcək.
16:16
Kişilər arasında Kumite-67 kq çəkidə yarımfinal mərhələsində
Azərbaycan karateçisi Niyazi Əliyev türkiyəli idmançı Burak Uygura
4:1 hesabı ilə məğlub olub.
16:25
Kişilər arasında Kumite-67 kq çəkidə yarımfinal qarşılaşmasında
fransalı Stiven Da Kosta alman idmançı Rikardo Qieqleri məğlub
edib.
16:40
61 kq çəki üzrə yekun
yarımfinal mərhələsinə start verilib. Qırmızı kəmərlə mübarizə aparan, son dünya və
Avropa çempionu fransalı qadın idmançı Lusi İqnasiya xorvatiyalı
xanım idmançı Ana Lenardı sınağa çəkib. Döyüş fransalı idmançının
1:0 hesablı qələbəsi ilə başa çatıb.
16:41
61 kq çəki üzrə sonuncu qarşılaşma baş tutub. Türkiyəli idmançı
Çoban Mervə finala çıxmaq üçün sloveniyalı Tjasa Ristiki ilə üz-üzə
gəlib. Görüş türkiyəli idmançının böyük üstünlüyü ilə keçib. 6:0
hesabı ilə qalib gələn Ç.Mervə finala adlayıb.
16:55
75 kq çəkidə mübarizə aparan kişi karateçilərin yarımfinal
mərhələsinə start verilib.
Türkiyə təmsilçisi Eltemur Erman İtaliya təmsilçisi Luica Busa
ilə qarşılaşıb.
Gərgin gedən döyüşdə ilk öncə İtaliya imdançısı Luica Busa 3 xal
qazansa da Türkiyə komandasının baş məşqçisi sonuncu vuruşa təkrar
baxılmasını tələb etdi, tələb hakimlər tərəfindən müsbət
cavablandırıldı və Türkiyə təmsilçisinə də 1 xal verildi.
Türkiyə təmsilçisi Eltemur Erman yenidən 2 xal qazanaraq hesabı
bərabərləşdirdi.
Bu görüşün qalibi İtaliya təmsilçisi Luica Busa oldu və o,
finala vəsiqə qazandı.
17:00
Rəfael Ağayev almaniyalı idmançı Noah Bitçi məğlub edərək,
finala adlayıb. Onun finalda rəqibi italiyalı Luica Busa
olacaq.
17:12
Karate üzrə ilk bürünc medalın sahibi
bilindi.
Axar.az xəbər verir ki, karate üzrə 50 kq çəkidə mübarizə aparan
Ukrayna idmançısı Katerina Kriva və Fransa idmançısı Alexandra
Recchia qarşılaşıb. Sonuncu qalib gələrək bürünc medala
yiyələnib.
17:14
Karate üzrə 50 kq çəkidə mübarizə aparan qadın idmançıların
qızıl medalçısı məlum olub.
Tatami üzərində türkiyəli idmançı Özçelik Serap və Avstriyalı
idmançı Bettina Plank qarşılaşıb. Türkiyə idmançısı qalib gələrək I
Avropa Oyunlarının qalibi olub.
17:29
Bürünc medal uğrunda 55 kq
çəkidə azərbaycanlı idmançı İlahə Qasımova və İspaniya təmsilçisi
Qarsia Ferrer 5:2 hesabıyla məğlub edərək bürünc medalın sahibi
oldu.
17:39
Karate üzrə 55 kq çəkidə Xorvatiya təmsilçisi Yelena Kovaceviç
Fransa təmsilçisi, 2015-ci il Avropa Çempionu olmuş Emili Toya
məğlub oldu. Emili Toy qızıl medalı sahibi oldu.
18:04
Kişilər arasında Kumite-60 kq çəki dərəcəsində bürünc medalın
sahibi müəyyənləşib.
Makedoniya təmsilçisi Emil Pavlov Serbiya idmançısı Marko
Antiklə üz-üzə gəlib. Görüşdə Makedoniya təmsilçisi qalib gələrək
bürünc medalın sahibi olub.
18:12
Azərbaycanlı idmançı Firdovsi Fərzəliyev özünün italiyalı
rəqibini 4:0 hesabı ilə məğlub edərək, qızıl medalın sahibi
oldu.
18:20
Azərbaycanlı idmançı Niyazi Əliyev özünün almaniyalı rəqibini
3:1 hesabı ilə məğlub edərək bürünc medalın sahibi oldu.
18:35
Kişilər arasında Kumute 67 kq çəki dərəcəsində final görüşü
keçirilib.
Türkiyə təmsilçisi Burak Uyğur Fransa idmançısı Stiven Da Kosta
ilə qarşılaşıb. Türkiyə idmançısı qalib gələrək turnirin baş
mükafatını qazanıb.
19:12
75 kq dərəcəsində mübarizə aparan kareteçimiz Rafael Ağayev
finalda italiyalı idmançı Luici Busa ilə görüşür.
19:18
Kişilər arasında Kumite -75kq çəki dərəcəsində qızıl
medalın sahibi məlum olub.
Həmyerlimiz Rafael Ağayev İtaliya idmançısı Luiqi Busa ilə
qarşılaşıb. Qələbə çalan həmyerlimiz qızıl medala sahib olub.