İyunun 14-də Bilgəh çimərliyində birinci Avropa
Oyunlarında triatlon yarışı başa çatıb.
Axar.az xəbər verir ki, iyunun 14-də kişilər arasında keçirilən
yarışda Azərbaycan triatlonçusu Rostislav Pevtsov 1 saat 49 dəqiqə
4 saniyəlik nəticə ilə mübarizəni üçüncü sırada başa vuraraq bürünc
medal qazanıb.
Birinci Avropa Oyunlarının çempionu britaniyalı idmançı Benson
Qordon olub. O, çempionluğu 1 saat 48 dəqiqə 31 saniyəlik nəticə
ilə qazanıb. Portuqaliyalı Joao Silva 1 saat 48 dəqiqə 42 saniyə
ilə ikinci yeri tutub.
Çempion Benson Qordon "Rio-2016" Yay Olimpiya Oyunlarının triatlon
yarışında birbaşa iştirak etmək hüququ qazanıb.
Kişilər arasında triatlon yarışında 58 idmançı mübarizə aparıb.
Azərbaycanı yarışda Rostislav Pevtsovla yanaşı, Aleksandr Yatçenko
da təmsil edib.
Yarışın birinci mərhələsində - üzgüçülük yarışında idmançılar 1500
metr məsafə qət ediblər. Bu mərhələdə ən yaxşı nəticələri
slovakiyalı Varga Riçart (19 dəqiqə 25 saniyə), rusiyalı Dmitri
Polyanski (19 dəqiqə 31 saniyə) və ispaniyalı Francesk Qodoy (19
dəqiqə 31 saniyə) başa vurublar. İdmançılarımızdan Rostislav
Pevtsov birinci mərhələdə 20 dəqiqə 12 saniyəlik nəticə ilə 19-cu
sırada qərarlaşıb.
İkinci mərhələdə atletlər velosipedlə hər birinin uzunluğu 6,6
kilometr olan 6 dövrədə yarışıblar. Bu mərhələdə slovakiyalı Riçard
Varga birinci, lüksemburqlu Bob Haller ikinci, türkiyəli Jonas
Skhomburq üçüncü olublar. Dövrənin sonunda onlar sonuncu mərhələyə
- qaçışa başlayıblar. İdmançılar sonuncu - qaçış mərhələsində hər
biri 3,3 kilometr olmaqla 3 dövrə vuraraq yarışı başa
çatdırıblar.
Sonra qaliblərin mükafatlandırılması mərasimi olub. Monako Olimpiya
Komitəsinin prezidenti, Monako Knyazlığının Şahzadəsi II Albert
medalları qaliblərə təqdim edib.
Beləliklə, Rostislav Pevtsov Bilgəh çimərliyində keçirilən kişilər
arasında triatlon yarışında ona göstərilən etimadı doğruldub.
Məşqçisi və komanda yoldaşları triatlon yarışında Azərbaycana medal
gətirməyə ən real namizəd kimi məhz onu görürdülər. Çünki reytinq
cədvəlində 9-cu sırada qərarlaşan Azərbaycan idmançısı Rostislav
Pevtsovdan yüksək nəticə gözləmək olardı. O, ötən il Macarıstanda
keçirilmiş dünya kuboku yarışlarında ikinci olub. Ötən il
Hollandiyada keçirilmiş Avropa çempionatındakı estafet yarışında
isə Azərbaycanın birincilik qazanmasına kömək edib. Rostislav
Pevtsov 2002-ci ildən yarışlara başlayıb. Ötən ildən Azərbaycan
milli komandasında çıxış etməyə başlayan triatlonçu R.Pevtsov Asiya
kubokunda ikinci, 2011-ci ildə Türkiyədə keçirilən Avropa
çempionatında isə üçüncü yeri tutub. Bundan başqa, Rostislav
Pevtsov velosiped və üzgüçülükdə çox güclüdür və buna görə onun da
qalib gəlməsi gözlənilən idi.
Yarışda digər komandalardan portuqaliyalı Joao Pereyra, ispaniyalı
Fernando Alarza, rusiyalı Aleksandr Bryuxankov və Dmitri Polyanskin
qızıl medala əsas namizəd hesab olunurdu.