Birinci Avropa Oyunlarının avarçəkmə yarışlarında ilk
mükafatçılar bu gün müəyyənləşəcək.
Axar.az xəbər verir ki, Mingəçevirdə keçirilən yarışın 2-ci günündə
5 dəst medal sahibini tapacaq.
Kişilərin 1000 m məsafəyə həm kanoe, həm kayak yürüşlərində
qaliblər bəlli olacaq. Həmçinin kişi cütlükləri eyni məsafəyə kanoe
və kayaklarda da final yürüşünə çıxacaq. Bundan başqa, qadınlar
dördlük kayaklarda 500 m məsafədə güclüləri müəyyənləşdirəcək.
Finalda Azərbaycan təmsilçiləri də çıxış edəcək. Kişilərin 2
nəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında Sergey Bezuqlıy və
Aleksey Kupin medallar uğrunda mübarizə aparacaq. Bu gün saat
10:50-də başlayacaq həlledici yürüşdə kanoeçilərimiz 1-ci zolaqda
mübarizə aparacaq.
Qeyd edək ki, təmsilçilərimizdən Taras Matviyçuk kanoe, Tamerlan
Mustafayev kayak üzrə 1000 metr məsafəyə yarışda finala yüksələ
bilməyiblər.
***
Bakı 2015 I Avropa Oyunlarının avarçəkmə yarışlarında ilk
mükafatçılar müəyyənləşib.
Mingəçevirdə keçirilən yarışın 2-ci günündə 5 dəst medal
sahibini tapıb.
Kişilərin 1000 m məsafəyə həm kanoe, həm kayak yürüşlərində
qaliblər bəlli olub. Həmçinin kişi cütlükləri eyni məsafəyə kanoe
və kayaklarda da final yürüşünə çıxıblar. Bundan başqa, qadınlar
dördlük kayaklarda 500 m məsafədə güclüləri müəyyənləşdiriblər.
Finalda Azərbaycan təmsilçiləri də çıxış ediblər. Kişilərin 2
nəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında Sergey Bezuqlıy və
Aleksey Kupin medallar uğrunda mübarizə aparıblar. Kanoeçilərimiz
məsafəni 3 dəqiqə 38,088 saniyəyə qət ediblər. Bezuqlıy/Kupin final
mərhələsinə qatılan 9 cütlük arasında 8-ci olublar.
İdmançılarımız Avropa Oyunlarının çempionu olan belaruslu Andrey
Baqdanoviç/Aleksandr Baqdanoviç cütlüyündən 3,676 saniyə geri
qalıblar. Qaliblər 3.34,412 nəticəyə nail olublar. Ukraynalılar
Aleksey Korovaşkov və İlya Pervuxin (3.34,453) 2-ci, almaniyalılar
Peter Kreçmer və Mixael Müller (3.34,982) 3-cü olublar.
Qeyd edək ki, təmsilçilərimizdən Taras Matviyçuk kanoeçilərin,
Tamerlan Mustafayev kayakçıların 1000 metr məsafəyə yarışında
finala yüksələ bilməyiblər.
15:17
Azərbaycan avarçəkmə yığmasının əsas medal ümidi Valentin
Demyanenko kanoeçilərin yarışında mübarizə aparır. O, ilkin
mərhələdə 3-cü yürüşdə qüvvəsini sınayıb. 38,978 saniyə nəticə
göstərən kanoeçimiz 1-ci yeri tutub. Bununla da o, yarımfinalda
çıxış etmədən birbaşa finalda qüvvəsini sınamaq imkanı qazanıb.
Digər təmsilçimiz, kayakla 500 metr məsafədə finala yüksələn
İnna Radomska-Osipenko 200 metr məsafədə də ilkin mərhələni uğurla
adlayıb. 41,968 saniyə nəticə göstərən avarçəkənimiz 2-ci yürüşdə
5-ci olub. O, bu nəticə ilə yarımfinala yüksəlib. Bu gün saat
16:00-da başlayacaq yarımfinalda İnna 2-ci yürüşdə çıxış
edəcək.
Mirnazim Cavadov isə kayakların mübarizəsində çıxış edəcək. Bu
yarış saat 16:15-də başlayacaq.
***
Yarımfinalda İnna Radomska-Osipenko bütün rəqiblərini
qabaqlayaraq, 2-ci yürüşün ən yaxşısı olub. O, 40,163 saniyəlik
nəticə ilə finala yüksəlib. Təmsilçimiz mükafatlar uğrunda sabah
saat 16:05-də mübarizə aparacaq.
Mirnazim Cavadov isə kayakların mübarizəsində çıxış edib. O,
36,298 saniyə nəticə ilə 7-ci olub. Lakin bu nəticə ona yarımfinala
adlamağa imkan verib. Cavadov 16:40-da başlayacaq bu mərhələdə
qüvvəsini sınayacaq.