Associated Press agentliyi Azərbaycan güləşçisi Mariya
Stadnikin birinci Avropa Oyunlarında qələbəsi və onun Britaniya
güləş komandasını təmsil edən baldızı Yana Rattiqanın acınacaqlı
durumu haqqında yazıb.
Trend-in
məlumatına görə, müəllif yazır ki, peşəkar güləşçi olan hər iki
qadın əslən Ukraynadan olmalarına baxmayaraq, onların ilk Avropa
Oyunlarında iştirak təcrübələri tamamilə fərqlidir:
"Stadnik güləşə xüsusi qayğı göstərən Azərbaycanda yüksək
səviyyəli idman obyektlərində məşq etdiyi halda, Britaniya
vətəndaşlığını alan Yana Rattiqan bir neçə işdə çalışaraq, güləş
karyerasını qorumağa çalışır. 2012-ci il London Olimpiya
Oyunlarından sonra Britaniya güləş üçün maliyyəni dayandırıb".
Y.Rattiqan oyunlara fiziki baxımdan yorğunluq, diz zədəsi ilə
gəlib və ona görə də birinci raundda məğlub olub. Y.Rattiqan AP
müxbirinə deyib: "Mənim gündəlik işim səhər 4.30 başlayır və axşam
11-ə qədər davam edir. Bütün günü bu işin, o işin dalınca qaçıram.
İndi mənim üçün əsl istirahətdir".
Müəllif yazır ki, əgər Y.Rattiqan Bakıda olmasa idi, o
Britaniyada küçələrdə ətir nümunələri satırdı. "Ətir istəyirsiniz?"
Bu mənəm?" deyərək Rattigan gülərək AP-nin müxbirinə deyir.
Britaniya hökumət agentliyi olan "UK Sport" London Olimpiadası
üçün güclü komanda hazırlamaq üçün pul ayırıb, amma sərt maliyyə
tədbirləri nəticəsində güləşə və idmanın digər növlərinə ayrılan
pulları kəsib. Xatırlatmaq istərdik ki, Britaniyanın London
Olimpiadasına ayırdığı vəsait real rəqəmi üç dəfə aşaraq, 18
milyard funt sterlinqdən artıq olub.
Y.Rattiqan Britaniya vətəndaşı Leon Rattiqan ilə evlənərək
Britaniyaya gedib və orada uğurlu güləş karyerası ilə məşğul
olacağını arzulayıb.
Y.Rattiqandan fərqli olaraq, peşəkar idman fəaliyyəti ilə məşğul
olmaq üçün dövlət qayğısı ilə əhatə olunan Stadnik qızıl medal
sahibi olandan sonra xoşbəxtlikdən göyün yeddinci qatında olduğunu
deyib. Azərbaycanın Birinci xanımı Mehriban Əliyevadan qızıl medalı
qəbul edən Y.Stadnik fəxarət hissi ilə Azərbaycanın dövlət himnini
oxuduğunu bildirib.
Qida rasionu aşağı olan və bütün günü ailəsini dolandırmaq üçün
küçə ticarəti ilə məşğul olan Y.Rattiqan güləş və geniş mənada
idman vasitəsilə Britaniya gənclərini problemlərdən və digər
neqativ fəaliyyətlərdən kənar tutmağa kömək etməyi düşünür. O deyib
ki, bu uşaqların əksəriyyəti aztəminatlı ailələrdən gəlirlər: "Əgər
hər hansı dünya çempionatında qalib gəlirsənsə….bu nəticə etibarilə
uşaqları zərərli fəaliyyətlərdən, cinayətdən kənar tutur".
Britaniya bir əsr bundan əvvəl güləş üzrə aparıcı dövlətlərdən
biri idi. Amma onun sonuncu Olimpiya medalı 1984-cü ilə təsadüf
edir. Y.Rattiqan ümid edir ki, müxtəlif xeyriyyə maliyyə dəstəyi
ilə Britaniyada gənclər arasında güləşin inkişafına nail olsun.
Avropa ölkələri, o cümlədən Britaniya tərəfindən idmana
göstərilən aşağı səviyyəli dövlət qayğısının nəticəsidir ki,
gənclər arasında narkomaniya, cinayətkarlıq, alkoqolizm,
radikallıq, İslamafobiya, anti-semitizm və digər meyllər güclənir.
BMT tərəfindən də təşviq olunduğu kimi idman hər bir cəmiyyətdə bu
kimi neqativ meyllərin kütləvi şəkildə aradan qaldırılmasına xidmət
edən ən güclü vasitələrdən biridir.
Əminliklə deyə bilərik ki, Bakı Avropa Oyunları Azərbaycan
cəmiyyəti, xüsusilə gənclərin inkişafında daha yeni imkanlar açacaq
və yeni nəsil idmançıların yetişməsinə təkan verəcək.
Bakı Avropa Oyunları bütün Avropa miqyasında artmaqda olan
neqativ meyllərin qarşısının alınması üçün çox vacib platformadır.
Təəssüflər olsun ki, geosiyasi ambisiyalarına görə 100 ildən artıq
dövr ərzində Avropa Oyunlarını keçirə bilməyən və Azərbaycanın ev
sahibliyi etdiyi ilk Avropa Oyunlarına qarşı qarayaxma kampaniyası
aparan bəzi qərb ölkələri, o cümlədən Böyük Britaniya bunu başa
düşmək və ya qəbul etmək istəmir.