"Azərbaycan dünyaya möhtəşəm bir nümunə təqdim
etdi"
İyunun 12-də Bakı-2015 Avropa Oyunlarının açılış mərasiminə
dəvət edilən və iştirak edən bir sıra müxalif partiyaların sədrləri
təəssüratlarını "Yeni Müsavat"a bölüşüblər. KXCP sədri Mirmahmud
Mirəlioğlu bildirdi ki, təəssüratları möhtəşəmdir: "Çox yüksək
səviyyədə təqdimat, tərtibat ortada idi. Çox möhtəşəm açılış
mərasimi oldu".
AMİP sədri Yusif Bağırzadə açılış mərasiminin möhtəşəm
keçdiyini, mərasimdən heç vaxt unutmayacaq təəssüratla ayrıldığını
bildirdi: "Kifayət qədər peşəkar təşkilatçılıq özünü göstərdi.
Açılış mərasimində bütün kompozisiyalar, musiqi və digər detallar
Azərbaycanın milli koloritini, tarixini, musiqisini, ədəbiyyatını
özündə əks etdirdi. Azərbaycanın dünyada təbliğində, şübhəsiz ki,
bu mərasimin xüsusi rolu oldu. İştirak edən xarici qonaqlar
heyrətlərini gizlədə bilmirdilər".
ADP sədri Sərdar Cəlaloğlu dedi ki, açılış mərasimi dünyada
səviyyəsinə görə rekord sayılacaq qədər yüksək səviyyədə idi:
"Dünyanın bundan sonra hansısa başqa bir ölkəsinin belə bir
möhtəşəmliyi təkrarlaya biləcəyinə inanmıram. Avropa Oyunlarının
açılış mərasimi səviyyəsinə görə dünya səviyyəsində keçirilən
beynəlxalq olimpiya yarışlarının açılış mərasimini belə kölgədə
qoydu. Bu səviyyədə açılış mərasimi qitə oyunlarından qat-qat artıq
miqyasda idman tədbirlərinin açılış mərasiminə bənzədi. Məncə,
bundan sonra heç bir beynəlxalq idman yarışlarının açılış mərasimi
birinci Avropa Oyunlarının açılış mərasimini kölgədə qoya
bilməyəcək. Azərbaycan faktiki olaraq dünyaya bir möhtəşəm nümunə
təqdim etdi. Biz bundan əvvəl çox beynəlxalq idman yarışlarının
açılışına baxmışıq. Hamısında əsasən idmanla bağlı şoular
göstərilib. Birinci Avropa Oyunlarının açılış mərasimində isə
Azərbaycanın tarixi, mədəniyyəti, mifologiyası, ədəbiyyatının
təqdimatı həyata keçirildi. Çox möhtəşəm idi. Mən açılış
mərasiminin təsiri altında iki saatdan artıq müddətdə bütün dünyanı
unutdum, sehrli bir aləmə düşmüş kimi təəssüratlar yaşadım. Bütün
kompozisiyalar Azərbaycan ruhunun nə qədər yüksək olduğunu yüksək
səviyyədə nümayiş etdirdi".
Azadlıq Partiyasının sədri Əhməd Oruc mərasimin yüksək səviyyədə
keçirildiyini bildirdi: "Milli mədəniyyətin təqdimatı əsas
leytmotiv idi. Müasir və milli bir kompozisiya təqdim olundu. Bu
oyunlarda ən çoxsaylı komandalarla iştirak edən Almaniya, Fransa
kimi ölkələrin liderlərinin siyasi məqsədlərlə açılışa qatılmaması
və açılış günündə bu dövlətlərin nəzarətində olan bir sıra
institutların qəbul etdiyi sənədlər Qərbin bu oyunlardan
Azərbaycana təzyiq vasitəsi kimi istifadəsini bir daha göstərdi. Bu
ölkələrə müstəqil olaraq böyük idman tədbirlərinə ev sahibliyi edən
Azərbaycan deyil, onların qapazaltısı olan Azərbaycan gərəkdir. Bu
liderlər 24 apreldə olmayan soyqırıma görə İrəvanda idilər, amma
indi real sülh simvoluna, idman oyunlarına görə Bakıya gəlmədilər.
İdmançılarımıza uğurlar arzulayıram. Ölkəmizdə ilk dəfədir ki, bu
cür milli məsələdə sivil dövlətlərdə olduğu kimi iqtidar və
müxalifət partiyaları bir yerdə olub, milli məsələdə birlik və
bərabərlik mesajı verdi".
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirdi ki,
Avropa Oyunlarının açılış mərasimi gözlədiyindən də yüksək
səviyyədə baş tutdu: "Düzünü desəm, bu qədərini gözləmirdim. İlk
növbədə açılış mərasimi müasirliyi, səhnə tərtibatının peşəkarlığı
ilə fərqləndi. Digər tərəfdən açılış mərasiminin ideoloji seçimi
çox düzgün idi. Milli arnamentlər, boyakarlıqdan əxz olunmuş hissə,
musiqimiz, ifa tərzi, böyük Nizaminin əsərlərinin miniatürlərinin,
Qobustan qayalarının nümayiş etdirilməsi Azərbaycanın milli
cəhətləri olaraq dünyaya təbliği idi. Musiqilərdə bizim
bəstəkarlardan istifadə olunması, "Sarı gəlin" mahnısının ifa
olunması, Alim Qasımovun muğam, Qarabağ şikəstəsinin elementlərini
ifa etməsi çox gözəl idi. Alovun məhz paraolimpiyaçı İlham Zəkiyev
tərəfindən gətirilməsi və onun məhz Qarabağ döyüşündə zədə alması
bir daha göstərdi ki, bu mərasimin seçiminə qərar vermiş insanların
Qarabağ probleminə münasibəti necədir. Çox gözəl açılış nümayiş
etdirildi. Bu, Azərbaycanın dünyaya yüksək səviyyədə təqdimat
mərasimi idi. İnanmıram ki, bundan sonra hansısa bir ölkə belə bir
nümunə ortaya qoya bilsin. Mən Oyunların təşkilində zəhməti olan
hər kəsə dərin təşəkkürümü bildirirəm".