Avropa Oyunları çərçivəsində
taekvondo üzrə yarışların ikinci günündə azərbaycanlı Ayxan
Tağızadə (68 kq) Sloveniya təmsilçisi Yuri Pantara 11:3 hesabı ilə
qalib gələrək 4/1 finala vəsiqə qazanıb. Ayxan 1/4 finalda
London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel
Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gələcək.
A.Tağızadə ilk döyüşünün təəssüratlarını və gözləntilərini
Axar.az-la bölüşüb.
- İlk görüşdə slovaniyalı rəqibinizə 11:3 hesabı ilə
qalib gəldiniz. İlk raundda mübarizə çətin başladı, amma sonda
inamlı qələbə çaldınız. Təəssüratlarınız necədir?
- Tatamiyə çıxanda çox həyəcanlı idim. Azarkeşləri gördüm,
həyəcanım daha da artdı. Amma oyun başlayanda həyəcanım itdi,
tatamiyə çıxanda fikrimi ancaq döyüşə verməyə çalışıram. Belə də
oldu, diqqətimi döyüşə cəmləyib rəqibimə üstün gəldim. İnşallah,
növbəti döyüşdə də qələbə çalacağam.
- Avropa Oyunlarının Bakıda baş tutması məsuliyyət
hissini artırır?
- Ailəm, qohumlarım, azarkeşlərim mənim döyüşümü izləmək üçün
Kristal Zala gəlib. Onlar istəyir ki, mən onları sevindirim. Mən də
vətənimizi sevindirməyi arzulayıram. Avropa Oyunları Azərbaycanda
keçirildiyinə görə hamı yarışları izləyir. Yarışlar başqa ölkədə
keçiriləndə izləyicilər bu qədər çox olmur. Ona görə də çox
diqqətli olmaq lazımdır. Yarışlara cənab prezident İlham Əliyev də,
Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov da baxır.
İnşallah, onları, vətənimizi, ailəmi sevindirəcəyəm.
- Dünən iki idmançılarımız – Patimat Abakarova (49 kq)
və Məhəmməd Məmmədov (58 kq) qızıl medalın bir addımlığında
büdrədilər. Onların oyunundan özünüz üçün nəticə
çıxardınız?
- Mənim özümdə də bu cür səhvlər çox olub. Keçən ay dünya
çempionatında kiçik səhvimin ucbatından qızıl medalı əldən verdim.
Primat Abakarova da, Məhəmməd Məmmədov da yaxşı döyüşdü. Əllərindən
gələni elədilər, təəssüf ki, medal döyüşlərində uduzdular. Patimat
bürünc medal qazandı, heyf Məhəmmədin rəqibi qızıl xalı qazandı və
özü uduzdu. Çalışacağam o səhvləri mən etməyim. Özümdə də belə
səhvlər çox olub, indi öz üzərimdə işləmişəm və onları düzəltmişəm.
Allahın köməkliyi ilə növbəti yarışım səhvsiz davam edəcək.
- 4/1 finalda rəqibiniz kim olacaq?
- İspaniyalı taekvondoçu Xoel Qonzales Bonilla ilə
qarşılaşacağam. O, Olimpiya çempionudur. Yarışlar bizim vətənimizdə
keçirilir. Bacardığımızı edəcəyəm, ancaq qələbəyə köklənmişəm.
- Ailənizdə peşəkar taekvondoçular var. Atanız,
qardaşınız taekvondo üzrə məşqçidir. Səhv etmirəmsə, atanız -
para-taekvondo üzrə millinin baş məşqçisi Əvəz Tağıyev həm də Sizin
məşqçinizdir. Ailə üzvlərinizin kareyranıza təsiri
varmı?
- 3 yaşından taekvondo ilə məşğul olmağa başlamışam. Atam
müəllim olduğuna görə məni taekvondoya çəkib. Neçə ildir taekvonda
ilə məşğulam. Qardaşım Naxçıvanda baş məşqidir, atamsa
Para-taekvondonun üzrə milli məşqçinin baş məşqçisidir. Hər
ikisinin mənə çox köməyi dəyir. Onların sayəsində bu yerə gəlib
çatmışam.
Qeyd edək ki, 19 yaşlı A.Tağızadə 2013-cü ildə Portoda keçirilən
Gənclər arasında Avropa Çempionatında gümüş medal qazanıb. Ayxan
1996-cı ildə Bakı şəhərində taekvando məşqçisi Əvəz Tağıyevin
ailəsində dünyaya göz açıb. Atası Azərbaycanın Para-taekvando üzrə
milli komandasının baş məşqçisidir. Onun qardaşı Fərid Tağızadə
Azərbaycan milli taekvando komandasının keçmiş üzvüdür.