"Əl-Cəzirə Türk" televiziyasının saytında ilk Avropa
Oyunları ilə bağlı məqalə dərc olunub.
Publika.az xəbər verir ki, Bakıda olan "Əl-Cəzirə"nin idman
redaktoru Əhməd Sivaslı "Oyunlar Azərbaycanda nəyi dəyişdirdi?"
başlığı ilə araşdırma aparıb.
"Azərbaycanın paytaxtı Bakı tarixdə ilk dəfə təşkil olunan
Avropa Oyunlarına ev sahibliyi edir. Bu, Azərbaycanda indiyə qədər
təşkil olunan ən böyük idman yarışıdır", - deyə məqalədə qeyd
olunur.
Müəllif yazır ki, Cənubi Qafqazın ən böyük ölkəsi son illərdə
idmana yatırdığı investisiyalarla diqqət çəkir: "2002-ci ildən
indiyə qədər Azərbaycanda 36 beynəlxalq turnir keçirilib. Gələn il
Formula 1, iki il sonra 57 ölkənin qatıldığı İslam Həmrəylik
Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının üç qrup
oyunları və yarımfinal oyunlarından biri Bakıda reallaşacaq.
Dünyanın ən yaxşı klublarından olan "Atletico Madrid" formasının
üzərində "Azərbaycanı zirayət edin" sözlərinin yazılması da idmanın
gücündən istifadə edərək həm turizmin inkişafına nail olmaq, həm də
ölkənin beynəlxalq tədbirlərin təşkil edilməsi gücünə malik
olduğunu sübut etmək məqsədi daşıyır. Azərbaycan əhalisinin sayı
9,5 milyondur. Turizm nazirliyinin məlumatına görə, ötən il
Azərbaycana 3 milyon turist gəlib. Bu ilin sonuna kimi həmin
rəqəmin 10 dəfə artacağı gözlənilir".
Ə. Sivaslı Bakıda Azərbaycanın turizm agentlərindən birinin
rəhbəri Ruslan Quliyevlə də görüşüb.
R. Quliyev turistlərin sayının əvvəlkindən daha çox olduğunu
bildirib.
"Avropa Oyunları Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq.
Bu oyunların həm ölkənin tanıdılması, həm turizmin inkişafına böyük
təsiri var. Avropa Oyunları Azərbaycan turizminin inkişafını 6-7 il
qabağa atdı. İnfrastruktur inkişaf etdi, yollar düzəldi, əyləncə
mərkəzləri, otellər açıldı. Gələn qonaqlara, idmançılara
Azərbaycanı tanıtmaq bizim üçün çox vacib məsələdir. Bu,
mədəniyyətimizi təbliğ etmək üçün də çox önəmlidir. Azərbaycan
təkcə Bakıda ibarət deyil. Digər rayonlar da çox gözəldir və bura
dünyaya açılan yeni turizm qapısıdır. Mədəniyyət və Turizm
Nazirliyinin təlimatı ilə hər kəs üçün şəhər kənarına qısa turlar
təşkil olunur. Hər kəsi qonaq kimi qarşılayırıq. Xidmət səviyyəsi
də yüksəkdir", - deyə R. Quliyev vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda otel biznesi sürətlə inkişaf
edib: "5 il öncə 200-300 otel var idi. İndi isə otellərin sayı
500-dən çoxdur. Hazırda 40-dan çox otelin inşası da davam edir.
Turizm agentlərinin də sayı artıb. Əhalisi 10 milyona yaxın olan
bir ölkə üçün bu göstərici yaxşıdır. Biz bu il mövsümün sonuna kimi
3 milyon turist gözləyirik. Lakin biz rəqəmdən çox keyfiyyətə önəm
veririk. Yalnız Bakı deyil, Qəbələ, Gəncə, Lənkəran, Naxçıvan kimi
əhəmiyyətli mədəniyyət mərkəzlərimiz var. Azərbaycan idman
oyunlarının təşkilində dünyaya çox gözəl bir nümunə olacaqdır. Biz
Azərbaycanı Avropanın idman paytaxtı etmək istəyirik".
Bakı Avropa Oyunları Təşkilat Komitəsinin (BEGOC) İdarə
Heyətinin üzvü Elçin Səfərov isə oyunların yayımlanması üçün 60
telekanalla müqavilə imzalandığını deyib: "Oyunlar 100-dən çox
ölkədə canlı yayımlanır. Azərbaycanın ən çox önəm verdiyi
məsələlərdən biri də bu oyunlar zamanı ölkənin təbliğinin
aparılmasıdır. Olimpiya Stadionunun yaxınlığında atletlər və media
kəndi yeni inşa olunub. Atletlər kəndində 3755, Media kəndində isə
1464 otaq var. Oyunlar 12 idman obyektində keçirilir. Bu
obyektlərdən 5-i yeni inşa olunub".
E. Səfərov Avropa Oyunlarının Azərbaycana verdiyi xeyirlərdən
birinin təhsil olduğunu deyib: "Oyunların təşkili üçün minlərlə
gənc öyrədildi. Gələcəkdə digər turnirlər keçiriləndə hazırlığımız
daha yüksək səviyyədə olacaq, kadr problemi yaşamayacağıq".
Onun sözlərinə görə, gələcəkdə Azərbaycanda keçiriləcək idman
turnirləri zamanı yeni obyektlərin inşasına da ehtiyac
olmayacaq.
"Oyunlar Azərbaycanın turizminə də təsir edəcək. Turizmdə
yüksəlişi iki, ya üç il sonra açıq şəkildə görə biləcəyik", - deyə
o vurğulayıb.