Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə iyunun
19-dan etibarən üç gün ərzində mərkəzi yollarda şəxsi
avtomobillərdən istifadə etməməyi tövsiyə edir.
Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin
Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis polkovniki
Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, paytaxt sakinləri, avtomobil
sahibləri və sürücülərin nəzərinə çatdırırıq ki, "Bakı-2015" Avropa
Oyunları çərçivəsində kişilər və qadınlar arasında keçiriləcək
velosiped yarışları ilə əlaqədar olaraq iyunun 19-u səhər
saatlarından iyunun 21-i yarışlar tam başa çatanadək Bakının bəzi
mərkəzi yollarında nəqliyyatın hərəkətinin mümkünsüzlüyünü nəzərə
alaraq alternativ yollarda hərəkəti davam etdirsinlər.
V.Əsədov qeyd edib ki, yol polisi yarışların startı verilən
andan etibarən paytaxtın Azadlıq meydanından başlayaraq Zərifə
Əliyeva, Rəsul Rza, Neftçilər, Vəli Məmmədov, Əziz Əliyev, Gənclər
Meydanı, İçərişəhər, Qoşa qala, Kiçik Qala, İstiqlaliyyət, Şeyx
Şamil, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn, Parlament, Hüseyn
Cavid, Landau, İnşaatçılar, Bakıxanov, Səməd Vurğun, Şəmsi
Bədəlbəyli, Bülbül, Üzeyir Hacıbəyov, Rixard Zorge prospekt və
küçələri istiqamətində və bu küçələrlə kəsişən yollar üzrə
təhlükəsizliyin təmin edilməsi
məqsədilə adıçəkilən yollarda şəxsi avtomobillərdən istifadə
etməməyi tövsiyə edir.
Sürücülərə Bakı-Salyan yolunun 14-cü kilometrindən üçüncü kənar
dairəvi yolla Badamdar, Yasamal və yaxud 20 Yanvar istiqamətində,
həmçinin metronun "Gənclik", "Nərimanov" stansiyaları, Fətəli xan
Xoyski, Koroğlu Rəhimov, Babək və s. küçələrlə hərəkəti davam
etdirmək tövsiyə edilir.
Yol polisi qeyd edilən ünvanlar üzrə yaşayan vətəndaşlardan və
avtomobil sahiblərindən vəziyyəti nəzərə alaraq şəxsi
avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadəyə üstünlük
verməyi xahiş edir.