Rusiya Olimpiya Komitəsinin
Olimpiya oyunlarında iştirakını təminatı üzrə baş idarəsinin
müdiri, Avropa Oyunlarında iştirak edən Rusiya nümayəndə heyətinin
rəhbəri İqor Kazikov "Vestikavkaz" saytına müsahibə
verib.
Axar.az həmin müsahibəni təqdim edir.
- Rusiya yığması üçün Avropa Oyunlarını necə
qiymətləndirirsiniz?
- Hər kəs Avropa Oyunlarında qalib gələrək tarixə keçmək
istəyir. Bizim də məqsədimiz budur. Əslində Avropa Oyunları bizim
üçün Rio-2016-ya əla hazırlıq mərhələsi oldu. Çünki Avropanın
özündə bu cür kompleks yarışlar keçirilmir. Təbii ki, bizim üçün
belə təcrübə əhəmiyyətlidir. Azərbaycan Avropa Oyunlarının uğurlu
keçirilməsi üçün hər şeyi edib.
Böyük sayda idmançı heyəti Bakıdadır. Azərbaycanda yeni idman
obyektləri tikilib və bütün infrastruktur yaxşı vəziyyətdədir.
Personala xidmət də yüksək səviyyədədir. Ona görə də, bu oyunlar
təkcə idmançılar üçün deyil, ölkə üçün də zəngin təcrübədir. Bu
oyunlardan sonra Azərbaycana böyük miras qalacaq. İnşa olunan idman
infrastrukturundan gələcəkdə də idmanın inkişafında istifadə edə
biləcəklər. Biz tribunalarda, idman obyektlərində çoxlu insanlar,
xüsusilə gənclərin olduğunu görürük. Hesab edirəm ki, Azərbaycanın
bu oyunlar üçün etdikləri həm ölkə idmanının gələcək inkişafına,
həm də bütün Avropa idmanının yüksəlişinə xidmət edəcək.
- Hazırkı nəticələrə nail olan Rusiya yığması üçün bu
gözlənilməz idi?
- Biz heç vaxt bütün komanda hesabına qalib gəlməyi
planlaşdırmırıq. Yəni əvvəldən bu haqda düşünmürük. Lakin
idmançılarımız mübarizə aparır və qalib gəlirlər. Bakıda I Avropa
Oyunlarının birinci mükafatçısı olmaq nüfuzludur.
- Avropa Oyunlarının
gələcəyini necə görürsünüz?
- Dediyim kimi, bu, əvvəllər heç vaxt olmayan kompleks
yarışlardır. Ayrı növlər üzrə Avropa çempionatları keçirilir, lakin
20 növü özündə birləşdirən oyunlar ilk dəfədir. Bu, praktiki olaraq
Olimpiya formatında olan oyunlardır. Bu baxımdan, bütün idmançılar
üçün burda iştirak etmək və təcrübə qazanmaq əhəmiyyətlidir.
Hesab edirəm ki, I Avropa Oyunları tarixə keçməyə və nüfuzlu
yarışlara çevrilməyə qadirdir. Ona görə də bunun davamı olacaq. Bu
gün isə Avropa Oyunları adını tarixə yazdırmağı bacarıb. Fikrimcə,
bu oyunların yaxşı gələcəyi olacaq.