Bir dəfə Zərdüşt yol ilə gedirdi. Qarşısına bir uzun
saqqal kişi çıxır. Bu kişi uzaq bir kənddən gəlirmiş. O kəndin belə
bir adəti var idi. Yol ilə gedərkən rast gəldikləri adama, əgər o
adam tanış adam olmazsa, hörmət və ehtiram bildirmək üçün
qarşısında diz çökər, torpaq öpər, alınlarını yerə sürtər, ta ki, o
adam özü irəli gəlib yerə çökmüş bu kəndlini çiyinlərindən yapışıb
ayaq üstə durquzmayanacan bu halətdə qalmaqlarına davam edərdilər.
Bu dəfə də belə olur. Qarşısında yerə sərilmiş bu adamı diqqətlə
süzdükdən sonra Zərdüşt ona belə bir sual verir:
– Sənin tanımaza-bilməzə mənə göstərdiyin bu ehtiram məni
riqqətə gətirdi. Ölüm Allahın kimdir, sən onu tanıyırsan?
– Tanımaz olurmuyam?! Ölüm Allahımla mən hər ötən ildə bir dəfə
görüşürəm. O gün mənim bütün yaşadığım illərin eyni günüdür.
Zərdüşt kəndlinin bu cavabını bəyənir və yenə soruşur:
– Bəs Həyat Allahını necə, onu da tanıyırsan?
– Yox, onu tanımıram, – kəndli səmimiyyətlə etiraf edir. – Ona
görə tanımıram ki, doğum günüm mənim yadımda deyil.
Zərdüşt görür ki, kəndli onun suallarına ağıllı cavablar verir,
söhbəti davam etmək qərarına gəlir, ona sərildiyi yerdən ayağa
durmağa kömək edir, hər ikisi yoldan çıxır və boz daşlar arasında
bir balaca otluqda otururlar. Ətrafa həzin bir axşam düşürmüş.
Günün yorğunluğu yavaş-yavaş ətrafda nə vardısa hər şeyin canından
çıxırmış. Yolboyu bitən ağaclar, kollar, koslar, yol kənarındakı
daşlar, kəsəklər süst bir halda imişlər, hər biri dərindən nəfəs
alıb verirmiş, elə bil, dincəlirmiş.
Cır-cıramalar səslərini başlarına atmışdılar, hərdən bir
qəfildən susurdular, onlar susan kimi yaxından-uzaqdan cır quş
səsləri idi, girirdi bu sükutun içinə, bəzənisə çox-çox uzaqlardan,
başı ağaran dağlar tərəfdən qartal qıyı yuxarıdan aşağı
yorğun-yorğun elə o dağlardan enən bu yolun düz ortasına qədər
gəlib çatırdı.
– Sən dedin ki, ölüm Allahınla ildə bir dəfə eyni gündə
görüşürsünüz. Sən o günü necə tanıyırsan? – Zərdüşt kəndlidən
soruşur.
– Mən o günü indi tanımıram, mən o günü ölən zaman tanıyacağam.
– Kəndli Zərdüştə bu dəfə də belə cavab verir.
– O zaman sən ölüm Allahının üzünü belə görməmisən?!
– Yox, görməmişəm. Mənə ondan danış.
Zərdüşt baxıb görür ki, kəndli həqiqi bir maraqla onun söhbətini
gözləyir, yol gəlməkdən yorulmuş ayaqlarını ovuşdura-ovuşdura ona
belə cavab verir:
– Bu söhbət indinin söhbəti deyil. Bizdən çox-çox qədim
zamanların söhbətidir. O zamanlar allahlar yer üzünə tez-tez gəlib
gedərdilər. Bizim babalarımızla onların sıx ünsiyyətləri olardı.
İndi daha belə deyil. İndi allahlar bir-biri ilə cəng edirlər.
Həyat allahının və ölüm allahının bir-birini görməyə gözləri
yoxdur. Amma vaxt var idi, dost idilər…
– Bir neçə il bundan əvvəl bizim kəndə qərib birisi gəlmiş idi.
O da belə deyirdi.
– O qəribin adı nə idi? – Zərdüşt maraq edərək soruşdu.
– Əsl adını heç kim bilmədi. Hamı onu Ərmən çağırırdı.
Zərdüşt bunu eşidib fikrə getdi.
…Ərmən hələ uzaqdan bu kəndi görüb seçmişdi. Dörd tərəfi
böyüklü-kiçikli quru dağlar, elə bil, döyüşə hazır əsgərlər idi.
Bir böyründən suyu çoxdan sovulmuş çayın enli beşiyi qalmışdı;
bəlkə də nə vaxtsa suyu yenə gələcəkdi, sağ böyründən isə tikanlı
bir çöl başlayırdı. Kənd evlərinin çəpəri başdan-başa bu çölün
tikəni idi. İndi Ərmən tikanlı çöl ilə addım-addım bu kəndə
yaxınlaşdıqca seçiminin doğru olduğuna bir daha inandı. Kəndin
adamları qəribə adamlar idilər. Qarşısına çıxan hər bir kəndli onun
önündə dərhal diz çöküb alnını torpağa sürtürdü. "İtaətkar
camaatdır, -Ərmən belə düşündü. – Bu adamları həqiqətlə sirdaş
eləmək çətin olmayacaq".
Onu qarşılayan kəndlilərlə bir yerdə kəndin ortasındakı
qollu-budaqlı ağacın altına yetişəndə artıq kəndin kişili-qadınlı
ayağı yer tutan kimi vardısa, hamısı burada cəm olmuşdu. Adamlar
onu araya aldılar, başladılar böyük maraq və ehtiramla onu dörd
tərəfdən seyr etməyə, bəziləri də qaçışaraq tamaşaya gəlmiş
tumançaq balaca uşaqlara böyük bir sevinc içində nə isə
qışqıra-qışqıra əllərilə onu göstərirdilər. Nəhayət, camaatın
içindən qırmızısaqqal, uzun və ağappaq libasa bürünmüş bir
ortaboylusu çıxıb irəli gəldi, Ərmənin qarşısında durdu. Bu, kəndin
cadugəri idi. Ərmənlə cadugər bir müddət bir-birinə baxa-baxa
qaldılar. Sonra Ərmən sağ qolunu çırmayıb cadugərə nəsə göstərdi.
Cadugər diqqət və ehtiramla Ərmənin qoluna baxdı. Bu zaman camaat
da sakit oldu, hər tərəfi sükut bürüdü. Bu sükutun içində
qırmızısaqqal cadugər hər iki əlini açaraq Ərmənə sarıuzatdı və uca
səslə onu salamladı:
– Xoş gəlmisən, Ərmən!
Kənd adamlarının ürəyindən qopan şadyanalıq və sevinc sədaları
ağacın altından sıyrılaraq asimana qədər baş alıb getdi…
Zərdüşt fikirdən ayrılaraq yanında bardaş qurub mərifətlə
oturmuş bu kəndlidən soruşur:
– O Ərmən dediyin ölüm Allahının özü idi, deyilmi?
– Bəli, - kəndli cavab verdi. – Ərmən ölüm Allahının özü idi ki,
vardı. Amma biz bunu sonradan bildik.
Zərdüşt yenə fikrə gedir. Düşünür: "Deməli, yenə gedib-gəlirlər…
Unutmayıblar. Əgər bu kəndlinin dedikləri doğrudursa, bu gəlişin
çox böyük mənası olmalıdır"...
Bu minvalla Ərmən o kənddə bir müddət qalıb yaşayır. Kəndin
kürəyini verib daldalandığı balaca dağın döşündəki bir mağaraya
sığınır, hərdən də cadugərin yaşadığı komada qalır. Kəndin camaatı
Ərməni tanıyandan sonra qorxu-hürkünü birdəfəlik unudur. Hər şeyin,
hətta ölümün belə gözünə dik baxmağa başlayır. Yavaş-yavaş Ərmənin
sorağı yaxın və uzaq ətrafa yayılır. Ərmən bu kəndə yerləşəndən
sonra onunla təmas edən adamlar ona böyük ehtiram göstərirlər.
Hətta cadugərin özü belə onun qarşısında əmrə müntəzir dayanır. Bir
gün bu cadugərin yanına göz işlədikcə uzanıb gedən sıralı dağların
o tərəfindəki uzaq kənddən bir adam gəlir.
– Mən sənin sorağınla kənd-kənd, oba-oba gəzirəm, – bu gəlmə
adam cadugərə deyir: – Mənim dərdimin çarəsini ancaq sən çözə
bilərsən.
– Sən kimsən və nə dərdin sahibisən? - Cadugər Gəlmədən soruşur.
Gəlmə cadugərə belə cavab verir:
– Mən öz oğlumu axtarıram. O, günlərin bir günü yoxa çıxdı. Nə
qədər axtardıq, onu tapa bilmədik. Bu yaxınlarda isə eşitdim ki,
sizin kənddə bir yeni adam peyda olubdur. Mən onu görmək istəyirəm.
Bəlkə…
Cadugər çönüb otağın dibində, Gəlmənin gözündən qıraq bir küncdə
bardaş qurub əyləşmiş Ərmənə baxır, Ərmən başını yerə dikir. Bir
müddət heç biri dinmir.
– Sən məndən nə etməyimi istəyirsən? - Nəhayət, Cadugər dərd
əlindən özünə yer tapmayan, üzündən-gözündən, üstündən-başından acı
bir yorğunluq tökülən Gəlmədən soruşur.
Gəlmə ah çəkib belə cavab verir:
– Sənin möcüzələrinin tərifi dağları aşıb biz tərəflərə çoxdan
yetişibdir. Mənə kömək etsən sən edəcəksən. Oğlumun yerini lütf
eylə, mənə söylə.
Bunlar üzbəüz dayanıb söhbət etdiklərindən yana Gəlmə Ərmənin
üzünü hələ görmür. Söhbətin bu yerində Ərmən otağın dibindən,
oturduğu yerdən qalxıb irəli, üzü işığa çıxır və Gəlmə bu zaman
Ərməni görür. Görməyilə də yerindəcə qupquru quruyub qalır, dili
ağzındaca topuq çalır. Nəhayət, birtəhər edib özünə gəlir və
iztirablı səslə Ərmənə belə deyir:
– Oğul, bəs sən nə üçün belə etdin? Yoxsa məndən bir yamanlıqmı
gördün? Niyə ilim-ilim itdin, hara yox oldun, gecəmin-gündüzümün
yiyəsi?
Ətrafdakılar hamı maraq göstərib bunların ətrafına yığışır.
Hətta Cadugər özü belə Gəlmənin bu cür söhbətinə mat-məəttəl qalır.
Ərmən əvvəl-əvvəl çaşqın kimi görünür, amma tez özünü ələ ala
bilir. Ərmən Gəlməyə belə deyir:
– Sən kimsən və məndən nə istəyirsən?..
Zərdüşt kişinin söhbətinə maraq ilə qulaq asır. Bu yerə çatanda
artıq ona məsələnin canı tamamən aydın olur. Dodağının ucu ilə
gülümsünüb kişinin dediklərini artıq özü davam edir:
– Gəlmə onu öz doğma oğlu bilir. Əslində, sizin Ərmən dediyiniz
şəxs o gəlmə kişinin oğlunun qiyafəsində imiş. Bədbəxt adam Ərməni
görcək oğlunu tapdığını zənn edir.
– Sən bunları haradan bilirsən?–Zərdüştün həmsöhbətinin
təəccübdən gözləri böyüyür. Zərdüşt ona məhəl qoymadan davam edir:
–Sonra Ərmən Gəlməyə belə deyir:
– Mən sənin oğlun deyiləm.
– Bəs sən kimsən, a bala? – Gəlmə sidq-ürəklə təəccüb edir. –
Mən öz doğma oğlumu tanımaz olurmuyam? Bu nə cür danışıqdır sən
danışırsan?
Bunları deyə-deyə Gəlmə üzündə acizanə yalvarış ətrafındakı
adamlara baxıb yaşlı gözlərilə onlardan imdad istəyir. Amma ətrafda
heç kim cəsarət edib bir kəlmə danışa bilmir. Hətta Cadugər belə
çaşqınlıq içərisində susub qalır.
– Mənim kim olduğum sənə, bax, bundan bəllidir. - Ərmən ağ
köynəyinin sağ qolunu çırmayır və bu zaman dirsəyindən yuxarıda
qoluna basılmış işarəti Gəlməyə göstərir. Bu tanış işarəti görən
kimi Cadugər bu dəfə üzüqoylu olub Ərmənin qarşısında yerə sərilir
və tərpənməz qalır. Yenə bir müddətdən sonra Ərmən Cadugərin
beyninə "Qalx ayağa!" əmrini göndərir, bundan sonra Cadugər
yavaş-yavaş, əlini yerə dayaq verib qalxır ayağa, amma yenə bir
müddət maddım-maddım baxaraq Ərməndən gözünü çəkə bilmir.
– Bəs sən bunları haradan bilmisən? Sən ki orada yox idin?! –
Zərdüştün həmsöhbəti yenə də ondan böyük bir maraq içində
soruşur.
– Sənə mən bu barədə heç bir şey deməyəcəyəm. – Zərdüşt yavaş
səslə, amma qətiyyətlə cavab verir. –Davam edim, yoxsa… Ərmən görür
ki, ətrafdakı adamlar Cadugərin onun qarşısında bu cür diz
çökdüyünü görəndən sonra ona qorxu içində baxmağa başladılar. Bu
zaman Ərmən başa düşür ki, bu kənddə o artıq qala bilməyəcək…
Zərdüşt nəfəsini dərir. Düşüncələri yenə onu uzaqlara aparır.
Son dəfə Ərməni gördüyü günü xatırlayır. Payız idi. Zərdüşt
yorulmuş bir halətdə böyük bir qarağacın altında əyləşib çiynini
ağacın gövdəsinə söykəmişdi. Bu qarağac yaşıllığı isti yaydan
qalmış canlı budaqlarını çətir edib Zərdüştün üstünə tutaraq onu
leysan kimi yağan yağışdan qorumaq istəyirdi. Gözlərini yumub
ləzzətlə dincini alan Zərdüşt birdən gözünü açıb yanında peyda
olmuş ağsaçlı, bığı-saqqalı ağappaq, amma xeyli cavan çöhrəli
biradam görür. Bir xeylaq Zərdüşt diqqətlə bu adama, bu adam da
Zərdüştə baxa-baxa qalırlar.
– Sən ömrün boyu məni axtara-axtara qalmısan, bilirsən?! –
Nəhayət, cavan çöhrəli, ağ saqqallı bu adam Zərdüştdən gözünü çəkib
Qarağacın yarpaqlarından ağır-ağır süzülən qara və ikicanlı yağış
damlalarına ötəri nəzər yetirib dillənir.
Zərdüşt bir daha bu adamı diqqətlə süzür. Onun səsindəki qəribə
bir ahəng Zərdüştü xeyli həyəcana gətirir. Boğazına nədənsə qəhər
dolur. Hətta az qalır gözündən yaş da gəlsin. Bu zaman leysan kimi
yağan yağış birdən kəsir. Yağış kəsən kimi Zərdüşt yanında oturan
cavan çöhrəli bu adamın kim olduğunu anlayır. O adam Zərdüştə bir
daha bunları deyir:
– Həmişə məni axtarmısan, amma onu tapmısan. Sən adamlarda mənə
qarşı kin, nifrət yaratmısan. Mən … Sənə bu barədə danışmaq belə
istəmirəm… Mən, əslində, səni cəzaya düçar etməliyəm, amma niyə
bunu etmirəm, özüm də bilmirəm. Hanı, hardadır sənin havadarın,
xeyirxahın? Bax, mən burdayam. Mən səni, nəhayət ki, bu Qarağacın
altına salıb təkliyinin canını ovcumun içində sıxdım. Bəs o
haradadır və o niyə səni təkliyinin içinə buraxdı? Mən axı səni
çoxdan, lap çoxdan ovlayıram, bunu o da bilir. Hanı o, Zərdüşt, sən
mənə deyə bilərmisən, hanı o?.. Sən ki onu bu qədərinə sevirsən…
Amma hanı o?..
Zərdüşt bir cavab tapa bilmir ki, Ərmənə verə. Özündən
ixtiyarsız gözləri yaşla dolur və Zərdüşt başlayır ağlamağa.
Səssiz-səmirsiz bir xeyli gözlərindən yaş axır üzünə, üzündən də
saqqalına töküldükcə tökülür. Əlinin dalı ilə gözlərini bərk-bərk
siləndən sonra bir də baxır görür ki, Ərmən artıq yanında yoxdur.
Qarağacın altında Zərdüşt beləcənə bir xeyli vaxt tək-tənha oturub
dərin fikirlər aləmindən ayrıla bilmir…
– O bir daha gəlməyəcək… – Zərdüşt üzünü çöndərib son dərəcə
böyük maraqla ona qulaq kəsilən kəndliyə birdən xüsusi bir diqqət
ilə baxır. – Səndən bir şey soruşmaq istəyirəm.
Sonra da kəndlidən cavab gözləmədən sualını verir: – Oğlunu
itirmiş o kişi oğlunu tapdımı?
– Bəli. Ərmən yoxa çıxan kimi əziz oğlum o dəqiqə yanımdaca
peyda oldu.
– Deməli, o kişi sən idin… – Zərdüşt bu dəfə sual vermir, elə
bil xəyal içində öz dediyini təsdiq eləyir.
– Mən idim… – Kəndli cavab verir.
Daha bunlardan heç biri o birisinin sükutunu pozmur. Arabir
uzaq, boz və quru dağlar tərəfdən heysiz, zor-güc bura gəlib çatan
qartal qıyına, hərdən də onlara qarışan cırcırama səslərinə qulaq
verə-verə hər ikisi bir xeyli zaman kirimişcə yol kənarında üz-üzə,
diz-dizə oturmaqlarına davam edirlər.