Yuxarı

Şişqaya döyüşü: 4 komando öndə, tabor ardınca…

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Sənədli romandan parça)

Dörd xüsusi təyinatlı tabor komandiri mayor Hacı Rəhimov və bölük komandiri baş leytenant Allahyar Telmanlı ilə şəxsi heyətə yaxınlaşan zaman tapşırıq gözləyən könüllü zabitlər - baş leytenant Səid Rəşidzadə, baş leytenant Elgün Kazımov və baş leytenant Raqif Xanışov irəli yeridilər.

Artıq hər üç zabitin səbrsizlik göstərdiklərini, dəfələrlə irəli getmək, döyüşə qatılmaq xahişi ilə müraciət etdiklərini nəzərə alan mayor Rəhimov:

- Gözləriniz aydın, uşaqlar, tapşırığa gedirsiz! - deyə məlumat verdi: - Hər üçünüz baş leytenant Allahyar Telmanlının bölüyündə taqım komandiri kimi fəaliyyət göstərəcəksiz. Bu qardaşlar, - üzünü xüsusi təyinatlılara tərəf çevirdi, - sizə bələdçilik edəcəklər. Hazır olun!

Taborun fəaliyyətə hazır olması haqqında baş leytenant Allahyar Telmanlı gecə saat dörd radələrində məruzə etdi. Tabor komandiri mayor Hacı Rəhimov döyüş tapşırığı haqqında məlumat vermək, təlimatlandırmaq üçün zabit heyətini yanına çağırdı:

- Taborumuza çətin, amma şərəfli bir tapşırıq verilib, zabitlər. Bilirsiz ki, ordumuz dayanmadan irəli gedir, qısa müddətdə kifayət qədər uğurlar əldə etmişik. Amma bizim əsas məqsədimiz düşməni tamamilə məhv etmək və bütün torpaqlarımızı işğaldan azad etməkdən ibarətdir. Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində və qəsəbəni əhatə edən bir neçə hakim yüksəkliklərdə möhkəmlənən düşmən ordumuzun irəliləməsi üçün ciddi maneə törədir. Bu maneəni aradan qaldırmaq tapşırığı bizim taborun üzərinə qoyulub. Qəsəbə istiqamətində kəşfiyyat fəaliyyəti göstərən bir qrup xüsusi təyinatlı Şişqaya yüksəkliyi yaxınlığında düşmənə sarsıdıcı zərbə vuraraq geri dönən zaman hiyləgər düşmən tərəfindən pusquya düşüb. Hazırda xüsusi təyinatlı qüvvələrdən ibarət qrup mühasirə şəraitində döyüşü davam etdirir. Bizim vəzifəmiz dayanmadan irəliləyərək kəşfiyyatçılarımızın mühasirədən çıxmalarına yardım etmək və hakim yüksəklikləri ələ keçirməklə Hadrut qəsəbəsinin işğaldan azad olunmasına şərait yaratmaqdan ibarətdir. Tapşırıq sizə aydındırmı?

- Bəli, cənab mayor, - zabitlərin dördü də eyni anda cavab verdi.

- Sualınız varmı?

- Xeyr, cənab mayor.

- Əməliyyata şəxsən özüm rəhbərlik edəcəm. Taqımlar arasındakı məsafənin yetmiş, yüz metrdən artıq olmamasına nəzarət edin. Harada olmağımdan asılı olmayaraq, bütün məlumatlar dərhal mənə çatdırılmalıdır...

Xüsusi təyinatlıların dörd nəfərdən ibarət qrupu önə düşdü, tabor təyin olunmuş istiqamətdə hərəkətə başladı. Keçilməz dağlar, sıldırım qayalarla irəliləyən tabor təxminən otuz beş-qırx kilometrlik məsafəni on iki saata qət edə bildi. Gün əyilmiş, payız Günəşinin beli qırılmışdı. Hərarət düşsə də, dayanmadan hərəkətdən vücudları od tutub yanan əsgərlərin istidən pörtmüş sifətlərinin təri qurumamışdı, alınlarından puçur-puçur gilələnirdı. Ara-sıra əsən sərin, amma qup-quru dağ mehi susuzluqdan dil-dodaqları qurumuş əks-həmlə qrupunun sifətlərini və dodaqlarını çatlaq-çatlaq etmişdi. Susuzluqdan az qala ciyərləri kül olan əsgərlərin gözlərinin işığı solmuş, taqətləri kəsilmişdi, ayaqlarını çətinliklə sürüyürdülər.

Yüksəklikdə mövqe tutan düşmən qruplarla hərəkət edən taborun hərəkət istiqamətini artıq müşahidə etmişdi. Amma susur, səbrlə pusquya sala biləcəkləri məqamı gözləyirdi.

Özü də yorulub əldən düşmüş, həm də yaralı olan tabor komandiri mayor Rəhimov irəli keçib zabitləri yanına çağırdı. Hərəkətdən qalmadan çatdıqları əraziyə uyğun şəkildə döyüş tapşırığını izah etməyə çalışdı:

- Əvvəla nəzərinizə çatdırım ki, artıq biz düşmən tərəfindən aşkar olunmuşuq. Düşmən bizi sol tərəfimizdəki dağ silsiləsindən müşahidə edir, - deyə başının işarəsi ilə sol tərəflərindəki yüksəkliyi göstərdi: - Diqqətlə qulaq asın, sol tərəfimiz Cəbrayıl rayonu, sağ tərəfimiz Fizuli rayonu, qarşıda isə Hadrut qəsəbəsidir. Getdiyimiz istiqamətdən baxdıqda qəsəbənin sol tərəfində Şişqaya yüksəkliyi, sağ tərəfində isə Ərgünəş yüksəkliyi yerləşir. Düşmən hər iki yüksəklikdə möhkəmlənərək hissələrimizin irəliləməsinə ciddi maneə törədir. Biz bu yüksəklikləri götürməklə ordumuzun irəliləməsinə şərait yaratmalıyıq. İlk növbədə Şişqaya yüksəkliyini götürməliyik, sonra isə Hadrut qəsəbəsinin içərisindən keçməklə Ərgünəş yüksəkliyi istiqamətində hərəkət edəcəyik. Düşmən bizi, çox güman ki, qarşıdakı alban məbədinin yaxınlığında pusquya salmağa çalışacaq. Düşmən alban məbədinin yaxınlığında su olduğunu və bizim də su əldə etmək məqsədilə mütləq ora gedəcəyimizi düşünür. Ora, həm də çökəklik olduğu və düşmən mövqelərindən asanlıqla nişana gəldiyi üçün bizi orada tamamilə məhv edəcəklərinə əmindirlər. İndi düşmənə hiss etdirmədən taqımlarınızın qarşısına keçin və tədricən sağ tərəfə çəkilməklə hərəkəti davam etdirin. Əmrimi gözləyin. Müvafiq mövqeyə çatan kimi işarəmlə döyüşə girəcəyik...

Hər üç zabit düşmənə hiss etdirməməyə çalışmaqla, taqımlarının yanına tələsdilər. Qarşıda, dağ silsiləsinin aşağı hissəsində alban məbədi görünürdü. Susuzluqdan ciyərləri qovrulan əsgərlər uzaqdan qaralan məbədi və ətrafındakı ağacları görüncə su tapmaq ümidilə addımlarını sürətləndirdilər. Yüksəklikdə, dağın ağac bitmiş sol tərəfi ilə çılpaq tərəfinin qovuşduğu sağ tərəfi arasında hərəkətlərini hiss etdirməməyə çalışmaqla irəliləyən düşmənin gözləməyə səbri çatmadı: əks-həmlə qrupunun tədricən sağ tərəfə çəkilmək, müdafiə üçün müvafiq mövqe tutmaqla ehtiyatla irəliləməsindən artıq izlənildiyindən xəbər tutduğunu anlamışdı. Qəfil atəş açıldı.

– Tabooor, döyüşə! – deyə tabor komandiri mayor Rəhimovun əmri dağlarda əks-səda verdi.

Əsgərlər cəld özlərini yerə atıb sol tərəflərindəki yüksəkliyi atəşə tutdular. Düşmən başlarını zirvənin arxasına çəkib susdu. Amma eyni anda qarşıdakı, əks-həmlə taborunun tutduğu mövqenin sağ tərəfindəki yüksəklikdən pulemyot gurladı. İrəlidə hərəkət edən bölük komandiri baş leytenant Allahyar Telmanlı avtomatını sinəsinə dayayıb cəld istiqamətini qarşı, düşmən pulemyotçusuna doğru dəyişdi. Diz üstə çöküb zirvəni sürəkli atəşə tutdu.

– Birinci taqım, Telmanlının ətrafında mövqelənin! - Tabor komandiri Rəhimov bağırdi: - İkinci və üçüncü taqımlar, sol tərəfi nəzarətdə saxlayın!

Komandirlərinin tapşırığı üzrə dərhal mövqelənən tabor atəşə tutulduqları istiqamətlərə nişan almadan güllə yağdırdılar. Əks-həmlə qrupundan xeyli irəlidə hərəkət edən dörd nəfərdən ibarət xüsusi təyinatlı qrup uzaqdan əllərinin işarəsi ilə tabor komandirini məlumatlandırdıqdan sonra düşmən pulemyotçusu istiqamətində - yüksəkliyin sağ tərəfi boyunca hərəkətə keçdi. Bələdçi qrupunun niyyətini anlayan tabor komandiri:

- Atəşi dayandırmayın, uşaqlar. Düşmənin yüksəklikdən başını qaldırmasına imkan verməyin! - deyə göstəriş verdi.

Bu zaman ikinci taqımın komandiri baş leytenant Səid Rəşidzadə tabor komandirinin yanına süründü:

- Komandir, icazə verin, öz taqımımla sol tərəfimizdəki düşmənin arxasına keçim.

Mayor Rəhimov atəşi dayandırıb ətrafı bir daha diqqətlə nəzərdən keçirdi. Qarşı yüksəklikdə mövqelənmiş düşmən pulemyotçusu və ətrafında sipər olan düşmən əsgərləri dayanmadan üstlərinə güllə yağdırır, yerdəyişmə etməyə belə imkan vermirdilər. Sol tərəfdəki yüksəklikdə mövqe tutan düşmən əsgərləri isə fasilə ilə atəş açır, tez də başlarını geri çəkib gizlənirdilər. Sağ cinahda hərəkət edən xüsusi təyinatlılar artıq gözdən itmişdilər. Onlar manevrlə dərə içi burulub dağın arxasına keçmişdilər.

- Sizə atəş dəstəyi verəcəyik, baş leytenant. Taqımınla arxaya hərəkət et! – Mayor Rəhimov baş barmağı ilə taqım komandirinə gedəcəkləri istiqaməti nişan verdi: - Özünüzü sol tərəfimizdən deyil - o tərəfi biz nəzarətdə saxlamağa çalışacağıq - qarşıdan, düşmən pulemyotçusunun atəş açdığı istiqamətdən qoruyun. Onların mövqelərindən sizin hərəkət etdiyiniz istiqamət daha yaxşı görünür.

– Oldu, komandir, - deyə baş leytenant Rəşidzadə dərhal taqımının yanına süründü.

Baş leytenant Allahyar Telmanlı manevrlə cəld yerini dəyişdi. Birinci taqım komandirlərinin əmri ilə eyni anda qarşı tərəfi sürəkli atəşə tutdu. Baş leytenant Telmanlı düşmən pulemyotçusunun diqqətini özünə cəlb edincə Səid Rəşidzadə öz qrupu ilə hərəkətə keçdi. Onlar sürətli qaçışla əlli-altımış metr arxa tərəfə yüyürüb cəld də yerə uzandılar. Düşmən pulemyotçusu ikinci taqımın manevr cəhdini anlayıb yenidən baş leytenant Rəşidzadənin taqımının hərəkət etdiyi istiqaməti sürəkli atəşə tutdu. Taqımın bir qismi arxa tərəfə çevrilib cavab atəşi açınca, digər qismi yüksəkliyin çiynindən iki-bir, üç-bir arxasına sürünməyə başladı. Bu zaman düşmən pulemyotçusunun tutduğu mövqenin yaxınlığında baş verən partlayış düşməni ani olaraq susmağa məcbur etdi. Əl qumbarasının qaldırdığı toz-torpaq yerə enməmiş pulemyotçu istiqamətini arxa tərəfə çevirib yenidən gurladı. Amma qarşısında partlayan ikinci əl qumbarasından sonra tamamilə susdu. Pulemyotçunun sağ və sol tərəfində mövqelənmiş düşmən əsgərləri də silahlarını arxa tərəfə çevirdilər. Yüksəklikdəki qarışıq silah səslərinin eşidilib tez də susması aydınca hiss olundu. Bu zaman hər iki düşmən mövqeyini nəzarətdə saxlamağa çalışan mayor Rəhimovun ratsiyasından xüsusi təyinatlı bələdçi qrupunun komandirinin xırıltılı səsi eşidildi:

- Komandir, düşmənin qarşı yüksəklikdəki mövqeyi məhv edildi!

Mayor Rəhimov cəld baş leytenant Rəşidzadənin taqımının getdiyi istiqamətdə boylandı. Taqımın sonuncu əsgəri yüksəkliyin ciynindən burulub gözdən itdi. Tabor komandiri əlini sağ qolundakı yarasının üstünə sıxıb yerində dikəldi. Mayor Rəhimovun sifətindəki qəlpə yarasının sarğısı düşmüş, sağ qolundakı yarasından qan sızmağa başlamışdı. Sifətini qırışdırıb ufuldadı, amma əhəmiyyət vermədi. Diqqətini sol yüksəklikdəki düşmən mövqeyinin ətrafında baş verən atışma cəlb etdi. Yüksəklikdə mövqe tutan düşmən müdafiəyə keçmişdi, qarşı tərəfi deyil, arxa tərəfi atəşə tuturdu.

- Allah yardımçınız olsun! - deyə düşmənin arxasına sızıb qəfil hücuma keçən baş leytenant Səid Rəşidzadənin taqımına dua etməyə başladı. – Atəşi dayandırmayın, uşaqlar, amma tək-tək, həm də düşmənin başının üzərindən, yalnız imitasıya xarakterli atəş açın, - tabor komandiri göstəriş verdi: - Nəzərə alın ki, baş leytenant Rəşidzadə atəş açdığımız istiqamətdədir...

Ardı BURADA

Tarix
2022.05.16 / 08:30
Müəllif
Etibar Muradxanlı
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla