Yuxarı

Döyüş öncəsi bayatı: komandir şəhid oldu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Sənədli romandan parça)

Əvvəli BURADA

Təxminən on-on beş dəqiqə sürən atışmadan sonra yüksəklikdə ard-arda iki partlayış baş verdi və düşmən susdu. Eyni anda tabor komandiri qışqıraraq atəşi dayandırmağı əmr etdi. Və yerindəcə qalxınıb yüksəkliyi diqqətlə müşahidə etməyə başladı.

Bir neçə dəqiqədən sonra düşmən arxasına sızan baş leytenant Rəşidzadənin taqımı yüksəklikdə deyil, getdikləri istiqamətdə, yüksəkliyin aşağı çiynində görünüb işarə ilə özümüzünkülər olduqlarını bildirdilər. Yüksəklikdə mövqe tutan düşməni məhv etdikdən sonra tabor komandiri ilə ratsiya əlaqəsi olmadığı üçün səhvən özümüzünkülər tərəfindən atəşə tutula biləcəklərindən ehtiyat edən taqım komandiri yüksəklikdən deyil, geri qayıdıb getdikləri istiqamətdən aşağı düşməyi məsləhət bilmişdi...

Xüsusi təyinatlı kəşfiyyat qrupu yüksəklikdən enmişdi, alban məbədinin yaxınlığındakı bulağın başında mövqelənib taborun gəlişini gözləyirdi. Tabor bulağa yaxınlaşanda dağların işığı artıq sovrulmuş, yüksəklikdə bitmiş ağacların və qayaların silueti dörd bir tərəfdən üstlərinə hücum çəkmişdi. Başdan ayağa qədər tərdən islanmış əsgərlər bulağa yaxınlaşar-yaxınlaşmaz çiyin çantalarını yerə atıb suyun üstünə hücum çəkdilər. Zabitlər əsgərlərin qarşısını kəsib, bulağa yalnız iki-bir, üç-bir yaxınlaşıb az miqdarda su içmələrini məsləhət gördülər...

Taqım komandiri baş leytenant Səid Rəşidzadə dərhal Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş, ərazini yaxşı tanıyan atası Nofəl Qasımovun telefon nömrəsini yığdı:

- Ata, biz hazırda Hadrut qəsəbəsinin yaxınlığındakı alban məbədindəyik, - az qala bağıraraq məlumat verdi: - Düşməni doğma kəndimizdən qovmağımız haqqında müjdəni, inşallah, sabah sənə verəcəm! Sabah, uğrunda döyüşdüyün, qurbanlar verdiyin qəsəbəni işğaldan azad edəcəyik!

Dəstəyin digər ucunda gözlərindən sevinc gözyaşları axan atası özünü ələ alıb:

- Səid, oğlum, nəbadə kilsənin yaxınlığındakı bulaqdan su içəsiz. İçmək üçün yararsızdır bu bulaq! – deyə xəbərdarlıq etdi.

Səid üzünü bulaq başından çəkilib müxtəlif yerlərdə mövqelənərək dörd bir tərəfi nəzarətdə saxlamağa çalışan döyüş yoldaşlarına çevirdi:

- Artıq gecdir, ata. Bu bulağın suyu bizə şəfa kimi gəldi, sən heç narahat olma! - deyə, gülümsəyib əlini su içdikdən sonra quruldamağa başlayın qarnının üstündə gəzdirdi...

Araz üstə, buz üstə,

Kabab yanar köz üstə,

Qoy məni öldürsünlər,

Bir ala göz qız üstə.

Qoy məni öldürsünlər, bir ala göz qız üst...

Baş leytenant Səid Rəşidzadənin həzin, mülayim səsi səssizliyin bağrını dəldi. Silahlarını çiyinlərinə dayayıb dairəvi müdafiə mövqeyi tutmuş əsgərlərin yorğun simalarına təbəssüm qondu. Baş leytenant mahnının birinci bəndini qurtarar-qurtarmaz:

- Ay Laçın, can Laçın, mən sənə qurban Laçın! Ay Laçın, can Laçın, mən sənə qurban Laçın! - deyə xor şəklində səsinə səs verdilər.

- Arazı ayırdılar,

Lil ilə doyurdular,

Mən səndən ayrılmazdım,

Zor ilə ayırdılar, -

baş leytenant Allahyar Telmanlı zümzümə etdi.

İşıqsaçan güllələr başlarının üstlərindən uçdu. Əsgərlər başlarını ani gizlədib eyni anda atəş açılan isiqaməti gülləyə tutdular.

Baş leytenant Səid Rəşidzadə avtomatını sinəsinə sıxıb dizi üstə çökdü. Yerini bəlirlədiyi düşməni atəşə tutmaqla bu dəfə daha ucadan:

- Ay Laçın, can Laçın, mən sənə qurban Laçın! Ay Laçın, can Laçın, mən sənə qurban Laçın! – deyə ritmini pozmadan mahnını oxumaqda davam etdi...

Bütün gecə boyu düşmən susmadı. Taborun mövqeyi qısa fasilələrlə atəşə tutuldu.

Səhər açılar-açılmaz düşmənin kəşfiyyat dronu başlarının üstündə göründü. Dövrə vurub geri istiqamət aldı. Amma əsgərlərin kütləvi açdığı sərrast atəşlə istiqamətini dəyişib Cəbrayıl rayonu səmtindəki qayalara çırpılaraq parça-parça oldu.

Saat doqquz radələrində tabor komandiri mayor Rəhimov zabitləri yanına çağırıb xüsusi təyinatlıların gecə boyu əldə etdikləri kəşfiyyat məlumatlarını çatdırdı:

- Kəşfiyyatın verdiyi məlumata görə, qarşımızdakı bu dağın, - əlini sol tərəflərindəki yüksəkliyə sarı uzatdı, - arxasında düşmənin möhkəmlənmiş hərbi hissələri mövcuddur. Biz özümüz də bilmədən düşmənin mövqelərinin yaxınlığından keçib bura qədər gəlmişik. - Əlini sağ qolundakı yarasının üstünə sıxıb sızladı. Amma ağrıdığını hiss etməsinlər deyə tez də səsinin tonunu yüksəldib sözünə davam etdi: - Sağ tərəfimizdəki meşəliklərdə isə düşmənin xeyli sayda canlı qüvvəsi döyüş mövqeyi tutub. Həmin istiqamətdə xüsusi təyinatlılarımız daha dərinə sızaraq düşmənin arxasında mühasirə şəraitində döyüş fəaliyyətini davam etdirirlər. Hazırda bir qrup xüsusi təyinatlımız həmin istiqamətdə artıq hərəkətə keçib. Bizim taborumuz irəli, Şişqaya yüksəkliyinə doğru gedəcək. - Üzünü bölük komandiri baş leytenant Telmanlıya tutdu: - Sən birinci taqımla bacardıqca sol tərəfimizdəki yüksəkliyə doğru qalxmalı, Şişqaya istiqamətindəki fəaliyyətini bizi düşmənin sol tərəfimizdən gözlənilən hücumundan qorumaqla davam etdirməlisən. Baş leytenant Elgün Kazımov da sənin qrupunda fəaliyyət göstərəcək. - Nəzərlərini taqım komandirləri baş leytenant Səid Rəşidzadə və baş leytenant Raqif Xanışovun üzərində cəmlədi: - Siz irəli, birbaşa Şişqaya üzərinə yeriyəcəksiz. Hazır olun, düşmən hücuma keçmədən biz üzərlərinə getməliyik. İndi taqımlarınızın yanına qayıdın və hərəkətə başlamaq üçün əmrimi gözləyin!

Taqım komandirləri əsgərlərinin yanlarına qayıdıb tez-tələsik hazırlaşmağa başladılar. Baş leytenant Allahyar Telmanlı birlikdə hərəkət edəcəkləri birinci taqımın yanından ayrılıb ətrafı bir daha diqqətlə müşahidə etmək və hərəkət planını hazırlamaq məqsədilə sol cinahlarındakı dağlara doğru yeridi. Albanlardan qalma qədim qəbir daşının üzərinə çıxıb əlini gözlərinin üzərinə qoyaraq müşahidə etməyə başladı. Cənub tərəfi keçəl, zirvəsindən başlayaraq şimala doğru isə qalın meşəliklə örtülmüş dağlar qarşıdan burulub Şişqaya yüksəkliyinə qədər uzanırdı. Meşə massivi düşmənin gizlənməsi və dağın keçəl tərəfinin aşağı hissəsi ilə hərəkət edəcək əks-həmlə taborunun fəaliyyətini nəzatətdə saxlamaq üçün kifayət qədər əlverişli idi. Buna görə də bölük komandiri öz qrupu ilə bacardıqca yuxarı, yüksəkliyə doğru dırmanmalı, taborun düşmən tərəfindən izlənməsinin qarşısını almalı və nəzarət funksiyasını əks-həmlə taborunun xeyrinə dəyişməli idi.

Baş leytenant Raqif Xanışov bölük komandiri Telmanlının hələ də düşmən üçün açıq hədəf ola biləcək albanlardan qalma qədim qəbir daşının üzərində dayanıb müşahidə apardığını görüncə cəld ona yaxınlaşdı:

- Burda durmayın, komandir, düşmən qarşıdakı dağın zirvəsindən bizi müşahidə edir, hər an atəş aça bilər, - deyə xəbərdarlıq etdi.

Baş leytenant Telmanlı:

- Bu şərəfsizlərdən qorxan deyiləm, Raqif, sən işinlə məşğul ol. Yaxın dəqiqələrdə fəaliyyətə başlayırıq, - deyə müşahidələrini dayandırmadan qətiyyətlə cavab verdi.

Baş leytenant Xanışov bölük komandirindən ayrılıb taqımına doğru addımladı. İyirmi beş-otuz metr ayrıldıqdan sonra qəfil atəş açıldı. Taqım komandiri geri çevrilib cəld avtomatını atəşə hazır vəziyyətə gətirdi. Baş leytenant Telmanlı üzərində durduğu qəbir daşının üstünə çökdü. Qollarını daşın kənarlarına dayaqlayıb müvazinətini saxlamağa çalışdı. Daha bir atəş açıldı. Bölük komandiri qəbir daşının üstündən sürüşüb böyrü üstə torpağa düşdü.

- Komandiri vurdular! – Səs arxa tərəfdən, taborun mövqeləndiyi ərazidən eşidildi.

Atəş açılan məkanı təyin edə bilməsələr də, istiqamət məlum idi. Atəş qarşıdan - yüksəklikdəki meşədən açılmışdı. Əsgərlər həmin istiqaməti sürəkli atəşə tutdular. Baş leytenant Xanışov isə cəld bölük komandiri Telmanlınin yanına yüyürdü. Snayper gülləsi bölük komandirini boynundan və qarın nahiyəsindən yaxalamışdı. Taqım komandiri Xanışov baş leytenant Telmanlını arxası üstə çevirib cəld yaxasını açdı. Tabor komandiri mayor Rəhimov və baş leytenant Rəşidzadə də özlərini dərhal yaralıya çatdırdılar. Yaranın üzərinə tənzif basıb qanaxmanın qarşısını almağa çalışdılar. Baş leytenant Telmanlı ufuldayıb gözlərini açdı. Tabor komandirini başının üzərində görüncə:

- Cənab mayor, qrupu oraya, - qana bulaşmış əlini çətinliklə sinəsinin üzərində rahlayıb baş barmağını düşmən snayperinin atəş açdığı istiqamətdə tuşladı: - tez, elə indi, siz Şişqaya istiqamətində hərəkətə başlamazdan qabaq göndərin, - xırıltı ilə söylədi: - Atəş dəstəyi olmadan ora yaxınlaşmaq çətin olacaq.

– Sən özünü yorma, Allahyar, nə lazımdı, biz edəcəyib, - böyründə dizləri üstə çökən mayor Rəhimov tənzif sıxdığı əlini Telmanlının yarasının üzərindən çəkmədən dilləndi.

Baş leytenant Telmanlı xəfifcə gülümsəyib gözlərini qapadı. Mayor Rəhimovun əmri ilə yaralını ehtiyatla daha təhlükəsiz yerə, qədim alban məbədinin yanına gətirdilər. Saat on radələrində tabor komandiri baş leytenant Səid Rəşidzadəni Allahyar Telmanlının yerinə bölük komandiri təyin edib, hərəkətə başlamaq üçün hazır olmağı tapşırdı. Bu zaman əsgər Cəlil Mehrəliyev qaçaraq mayor Rəhimova yaxınlaşdı:

- Baş leytenant Allahyar Telmanlı şəhid oldu, komandir! – deyə doluxsunmuş halda məlumat verdi.

Heç bir söz demədən zabitlərin dördü də başlarını yelləyərək dizləri üstə yerə çökdülər. İndi yadına düşübmüş kimi, tabor komandiri əlini yarasının üstünə basaraq sızladı. Dərindən köks ötürüb:

- Yubanmaq olmaz, uşaqlar. Getmək vaxtıdır, – deyə baxışlarını cəmlədiyi məchul nöqtədən ayırmadan pıçıldadı: - Səid, Raqif, siz, dediyim kimi, birbaşa Şişqaya üzərinə hərəkət edəcəksiz. Telmanlının getməli olduğu istiqamətdə, düşmənin sol cinahımızdakı mövqelərinə doğru özüm gedəcəm.

- Siz yaralısız, komandir, sol cinahımız qayalıqlardan ibarətdir. O istiqamətdə hərəkət etmək sizin üçün çətin olacaq, - yeni təyin olunmuş bölük komandiri baş leytenant Rəşidzadə söhbətə müdaxilə elədi: - İcazə verin, sol cinahımız üzrə tapşırığı mən yerinə yetirim.

- İcazə vermirəm! – Mayor Rəhimov qətiyyətlə bildirdi: - Siz, yalnız, mənimlə hərəkət edən qrup yüksəkliyin şimalla cənub hissəsinin kəsişdiyi yerə çatana qədər bizə atəş dəstəyi verəcəksiz. Sonra artıq biz sizin irəliləməyiniz üçün şərait yaratmağa çalışacağıq, – ayağa qalxdı: - Şəhidimizlə vidalaşıb dərhal hərəkətə başlayın! – deyə şəhid baş leytenant Allahyar Telmanlının cəsədinin qoyulduğu yerə doğru addımladı...

Ardı BURADA

Tarix
2022.05.23 / 08:30
Müəllif
Etibar Muradxanlı
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla