Yuxarı

Taboru gözləmədən hücum: mühasirə yarıldı...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Sənədli romandan parça)

Əvvəli BURADA

Telmanlı yatmışdı elə bil. İncə bir təbəssüm qapanmış gözlərinin kənarlarını qırışdırmış, çiliklənib sifətində donmuşdu. Ətrafında qəribə bir aura yaranmışdı. Rəngi günəşin sarısına bənzər çalar almış, üzərindən də bəyazımışdı. Təbəssümünün isə öz rəngi vardı, - bir qədər şəffafa çalan, təbiətin heç bir guşəsində əksinə tapmayan təbəssüm rəngi.

Üzərindən buludlar keçirdi elə bil. Başı üstə səssız durub yanaqlarını yararaq süzülən, sifətini yara edərək səssiz gilələnən göz yaşlarının ardından bulanıq görünən bu təbəssüm düşdükləri boşluqdan çıxmaq üçün həvəs belə göstərməyən döyüş yoldaşları ilə son vidası idi Telmanlının.

- Qisasın yerdə qalmayacaq, qardaş! - Mayor Rəhimovun boğazını yararaq xırıltı ilə çıxan bu sözlər döyüş yoldaşlarının sifətinə soyuq su kimi çırpıldı.

...Cəbrayıl səmtindəki dağların arxasından doğan Günəş meylini Füzuli istiqamətinə salmışdı. Tələsmədən, qarış-qarış irəliləyir, hiss etdirmədən səmanın mərkəzinə doğru can atırdı, daşların, qayaların, ağacların kölgəsi tədricən istiqamətlərini dəyişirdi. Şəhid Allahyar Telmanlının nəşini etibarlı bir yerdə ağac budaqları ilə maskaladıqdan sonra mayor Rəhimov hərbi hissə komandiri polkovnik Nizami Mövlanovla ratsiya vasitəsilə əlaqə yaradıb son vəziyyət haqqında məruzə etdi. Və şəhidin maskalandığı yeri nişan verib təxliyə xahiş elədi. Saat on radələrində əks-həmlə taboru təyin edilmiş taktika üzrə Şişqaya istiqamətində hərəkətə başladı...

Xüsusi təyinatlı qrupun iki kəşfiyyatçısı artıq gecədən sağ cinah üzrə hərəkət edib, meşənin dərinliklərində gözdən itmişdi. Səid Rəşidzadənin rəhbərlik etdiyi qrup iki yüz-iki yüz əlli metr irəliləyib mövqeləndi, sol cinahdakı dağların arxasından silahlarının gözü ilə əks-həmlə taborunun hərəkətini nəzarətdə saxlayan düşmənin mövqelərini hədəfə alıb gözləməyə başladı. Tabor komandiri mayor Rəhimovun rəhbərlik etdiyi qrup hərəkətə keçdi. Amma gözlədiklərinin əksinə olaraq, düşmən reaksiya verməyib, gözləmə mövqeyi tutdu.

Mayor Rəhimovun qrupu təyin olunmuş yerə çatıb istiqamətini Şişqaya səmtində dəyişincə dərədə pusquda duran baş leytenant Rəşidzadənin qrupu fəaliyyətə başladı. Şişqaya yüksəkliyinin ətəyinəcən uzanan meşənin girişinə qədər təhlükəsiz gəldilər...

Ermənilər dağdan enib, əks-həmlə taborunun gözləmədiyi yerdə, - aşağıda, Şişqaya yüksəkliyinin ətəyində mövqe tutmuşdular. Tabor xəbərsiz düşmən üzərinə yeriyir, düşmənsə pusqu qurub onları gözləyirdi. Meşənin başlanğıcında, təxminən qırx-əlli metrliyində qəfil atəş açıldı. Tabor atəşin hansı tərəfdən açıldığını təyin etməyə macal tapmamış, eyni anda müxtəlif istiqamətlərdən sürəkli atəşə tutuldu. Cəld özlərini yerə atıb yaxınlıqdakı daşların arxasına sürünməyə başladılar. Toparlanıb mövqelənən kimi nişan almadan meşəni qarasına atəşə tutdular. Sağ cinah üzrə hərəkət edən xüsusi təyinatlı qrupun kəşfiyyatçıları aşağı tərəfdən manevrlə meşəyə sızmağa çalışdılar.

Tabor mövqelənməyə fürsət tapmadan artıq ilk şəhidlərini vermişdi. Bir qrup avtomatını sinələrinə sıxıb düşmənə cavab atəşi yağdırınca, ikinci qrup yaralıları atəş nöqtəsindən sürüyüb çıxarmağa başladı.

Sol cinahdan yamac boyu hərəkət edən mayor Rəhimovun qrupu yetirib meşənin əlli metrliyində mövqe tutdu. Və anidən atəşə qoşuldu. Artıq meşəyə sızmış və xeyli irəliləmiş xüsusi təyinatlıar:

- Köməyə gəlin, qardaşlar, irəli! - deyə bağıraraq istiqamətlərini bildirdilər.

Axşamdan düşmən arxasına sıza bilmiş xüsusi tətinatlı kəşfiyyat qrupu vacib məlumatlar və əsir götürdükləri bir düşmən zabiti ilə geri qayıdarkən qəfil düşmənin mühasirəsinə düşmüşdü. Onlara köməyə tələsən ikinci qrup da təyin olunmuş yerə yüz-yüz əlli metr qalmış pusquya düşmüşdü və həm qarşıya, - irəlidə mühasirədə olan döyüş yoldaşlarına tərəf, həm də geriyə, əks-həmlə qrupunun irəlilədiyi istiqamətə yolları qapanmışdı. Bölük komandiri baş leytenant Səid Rəşidzadə yerindən qalxıb sol cinahda mövqe tutan mayor Rəhimov istiqamətdə boylandı. Mayor Rəhimov sağ əlini havaya qaldırıb irəli-geri yelləməklə, “irəli”, sol əlini qaldırıb açıb yummaqla “atəş-dəstək məndə” işarəsi verdi. Baş leytenant Rəşidzadə:

- Hazır oluuun! – deyə ətrafına diqqət yetirdi. Qəfil yerindən sıçrayıb: - Ardımcaaa, irəliii! - var səsi ilə bağıraraq meşəyə doğru yeridi.

“Allahu Əkbər!” – nidası güllə səslərini və meşənin küyünü anındaca batırdı və artilleriya mərmisi kimi dağlarda əks-səda verdi. Bölük, komandirinin ardınca sürəkli atəş yağdırmaqla meşəyə doğru yürüdü.

Xeyli sayda itki verən düşmən cəsədlərini də saxlayıb meşənin dərinliklərində gözdən itmişdi. Qarşıda, - kəşfiyyat qrupunun hərəkət istiqamətində isə atəş səsləri daha intensiv şəkil almışdı. Cavab olaraq tək-tək, manevrli və növbəli atəş səsləri isə xüsusi təyinatlıların taktikasından xəbər verirdi. Bölük dayanmadan kəşfiyyat qrupunun pusquya düşdüyü səmtə doğru irəliləməkdə davam etdi. Təxminən iyirmi-otuz metr irəlilədikdən sonra yenidən avtomatlar gurladı. Ağacların arxasında gizlənən düşmən əsgərləri aramsız güllələr yağdırmaqla tədricən geri çəkilməyə başladılar. Əks-həmlə taborunun ikinci və üçüncü tağımları ağacların arxasından növbəli şəkildə atəş açmaqla düşməni təqibə keçdi. Düşmən əsgərləri geri çəkildikcə əks-həmlə taborunu ardınca çəkir, sanki güllələri bitsin və asanlıqla pusquya sala bilsinlər deyə müxtəlif yerlərdə gözə dəyib tez də yox olur və istiqamətlərini kəşfiyyat qrupunun pusquya düşdüyü yerdən yayındırmağa çalışırdılar.

Düşmənin hiyləsini anlayan bölük komandiri Rəşidzadə:

- Güllələrə və əl qumbaralarına qənaət edin. Tək-tək atın. Diz üstə çökərək düşmənə atəş açın, - əmrini verdi. Və irəli düşüb: - Mən getdiyim istiqamətdən yayınmayın! - deyə növbəli şəkildə ağacların arxasında mövqelənməklə kəşfiyyat qrupunun çağırdığı tərəfə doğru hərəkətini davam etdirdi.

Tədricən geri çəkilən düşmən anidən dayanıb müqavimət göstərməyə cəhd etdi. Amma əks-həmlə taborunun sürəkli atəş yağdırmaqla, manevrlə, dayanmadan irəliləməsi, eyni zamanda qarşı tərəfdən - kəşfiyyat qrupunun mövqeləndiyi yerdən də atəşə tutulduğundan sola doğru səmt alıb, Şişqaya yüksəkliyi istiqamətində çəkilməyə məcbur oldu.

Təxminən yüz-yüz əlli metr qarşıdan “Allahu Əkbər” nidası eşidildi. Kəşfiyyat qrupunun zabiti uzaqdan əlini yelləyərək istiqamətini bildirdi. Yaxınlaşan kimi bölük komandiri Rəşidzadəni bağrına basdı:

- Sağ olun, komandır, həyatımızı xilas etdiniz! - deyə təşəkkür etdi. Ovcundakı gülləni göstərib: - Artıq üçüncü dəfədir bu gülləni qoruyub saxlayıram, komandir. Beşcə dəqiqə də gec gəlsəydiniz, bu güllə də açılacaqdı. Amma öz başıma! – təbəssümlə söylədi: - Qrupda yalnız bir əl qumbarası, uşaqların hərəsində də yalnız bir-neçə güllə qalmışdı. Sizi bizə Allah göndərdi!

Digər kəşfiyyatçılar da təbəssümlə salamlayaraq yanlarından ötüb, əsir götürdükləri düşmən zabitini çəkə-çəkə tabor komandirinin hərəkət etdiyi istiqamətdə tələsdilər. Adını belə bilmədiyi kəşfiyyat komandiri aralanıb getmək istərkən:

- Pusquya düşmüş digər kəşfiyyatçılarımızdan nə xəbər var, komandir? - deyə baş leytenant Rəşidzadə xəbər aldı.

- Sayənizdə onlar da Hadrut qəsəbəsi istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər, komandir. Yeri gəlmişkən, onların da sizə salamları və təşəkkürləri var! - xüsusi təyinatlıların komandiri bu sözlərlə cavab verib, aralandı...

Düşmən uzaqlaşmamışdı. Atəş səsləri yaxınlıqdan eşidilir, getdikcə Şişqaya yüksəkliyinə doğru uzanırdı. Təqibi dayandırmaq - tapşırığı vaxtında yerinə yetirməmək, düşmənin əks-hücumuna şərait yaratmaq demək idi. Bunu nəzərə alan bölük komandiri:

- Getdik! - deyə irəli düşdü.

Düşmən müqavimətini davam etdirir, gizləndikləri yerlərdən çıxıb atəş açmaqla tədricən geri çəkilir, bacardıqca hücumun qarşısını almağa çalışırdı. Müddətdən artıq xidmət edən Əmrah Səfərli qəfil çağıraraq:

- Komandir, biz çox irəli getmişik. Tabor arxada qalıb, - deyə xəbərdarlıq etdi.

Baş leytenant Raqif Xanışov da qaçıb bölük komandirinin yanına gəldi:

- Bəlkə taboru gözləyək, Səid. Qoy gəlib çatsınlar. Birlikdə hücumu davam etdirərik, - deyə məsləhət verdi.

Arxadan eşidilən atəş səsləri getdikcə yaxınlaşır, qarşı tərəfdən eşidilən atəş səsləri getdikcə uzaqlaşırdı. Diqqətlə meşəni və silah səslərini dinşəyən baş leytenant Rəşidzadə:

- Tabor ardımızca gəlir, uşaqlar. Biz hucumu dayandıra bilmərik. Əks təqdirdə düşmən mövqelənib hucumun qarşısını ala, yenidən üzərimizə əks-hucuma keçə bilər. İrəli, yalnız irəli! - deyə qətiyyətlə bildirdi...

Meşəlik ərazi bitdi. Qarşıda üzərində hündür bir qüllənin başında düşmən bayrağı dalğalanan Şişqaya yüksəkliyi göründü. Qrup meşədən çıxar-çıxmaz yüksəklikdəki bayraq dirəyinin ətrafında mövqelənmiş düşmən pulemyotçusu tərəfindən və bir-neçə istiqamətdən sürəkli avtomat atəşinə tutuldu. Cəld özlərini yerə atıb cavab atəşi açdılar. Bölük komandiri Rəşidzadə işarə ilə bir-birlərindən aralanıb, müxtəlif istiqamətlərdən yüksəkliyə doğru irəliləməyi əmr etdi. Növbəli şəkildə düşmən mövqeyini atəşə tutmaqla on beş-iyirmi metr kənarlara çəkildilər. Və müxtəlif istiqamətlərdən eyni anda güllə yağdıraraq düşmən pulemyotçusunun üzərinə yeridilər.

Ard-arda yüksəklikdə iki partlayış baş verdi. Baş leytenant Səid Rəşidzadə və baş leytenant Raqif Xanışovun müxtəlif istiqamətlərdən bir-iki dəqiqə fərqlə yüksəkliyə tolazladığı əl qumbaraları düşmən mövqeyini havaya qaldırdı. Partlayışın qaldırdığı toz-torpaq yerə enər-enməz qalxıb özlərini cəld yüksəkliyə atdılar. Yüksəklikdə son dəqiqələrdə öldürülən pülemyotçu da daxil olmaqla altı düşmən cəsədi və xeyli silah-sursat qalmışdı...

Ətrafı nəzarətdə saxlamaq üçün düşmən bayraq dirəyinə kamera quraşdırmışdı. Avtomatla atəş açıb kameranı yerindən qopardılar, dərhal da dartıb kabellərini qırdılar. Baş leytenant Səid Rəşidzadə düşmən bayrağını çıxarıb yerinə özü ilə gətirdiyi Azərbaycan bayrağını assın deyə qülləyə dırmanmağa cəhd etdi. Yüksəkliklə üzbəüz qarşı yamacdakı meşə massivindən qəfil silahlar gurladı. Yüksəkliyi itirdikdən sonra da uzaqdan nəzarətdə saxlamağa çalışan düşmən buranı müxtəlif istiqamətlərdən atəşə tutdu. Bölük komandiri ayağını qoyduğu elə ilk pillədən cəld yerə enib:

- Müdafiəni təşkil edin, - deyə taqım komandiri baş leytenant Raqif Xanişova göstəriş verdi: - Düşmənin mövqelərini, atəş nöqtələrini dəqiqləşdirin, - əlavə etdi.

Düşmənin qarşıdakı dərədə və dərənin yuxarısındakı meşə massivində daha çox toplaşdığı müşahidə edildi. Yüksəkliyə gəlib çıxa bilmiş əks-həmlə taborunun əsgərləri dairəvi müdafiəni təşkil edib bir-birlərindən təxminən on beş-iyirmi metr məsafə saxlamaqla mövqe tutdular. Baş leytenant Xanışov əlini havaya qaldırıb yelləyərək:

- Bir-bir sayın görək, burada neçə nəfərik, uşaqlar? - ucadan xəbər aldı: - Mən bir, Raqif Xanışov, - dərhal da özündən saymağa başladı.

Sol cinahda mövqelənən “maxe”:

– Mən iki, Əmrah Səfərl, - deyə komandirinin başladığı sayın ardını söylədi.

- Mən üç, Xalid Abdullayev.

- Mən dörd, İqbal Qurbanov.

- Mən beş, Yadigar Əsgərzadə.

- Mən də altı, Səid Rəşidzadə, - bölük komandiri əlini havaya qaldırıb döyüş yoldaşlarının səsinə səs verdi. Əlini havadan endirməyə macal tapmamış atəş açıldı. Güllə dərənin yuxarısındakı meşə massivindən açılmışdı. Baş leytenant Xanışov:

- Tək-tək atıldılğı üçün bu snayperdir, uşaqlar. Diqqətli olun, snayperin gizləndiyi yeri dəqiqləşdirək, - deyə göstəriş verdi: - Eyni vaxtda ora atəş açmaqla düşməni məhv edə bilək.

İkinci və üçüncü güllələr taqım komandiri Xanışovla “maxe” Səfərlinin tutduqları mövqe istiqamətində uçdu. Və Xanışovun arxasında gizləndiyi qaya parçasına dəyib vıyıltıyla istiqamətini dəyişdi.

Əsgər Xalid Abdullayev bağıraraq:

- Mən onu gördüm, komandir! - deyə şəhadət barmağını düşmən snayperinin gizləndiyi istiqamətdə tuşladı.

Eyni anda həmin istiqaməti atəşə tutdular. Cavab isə aşağıdan - düşmən əsgərlərinin daha çox toplaşdığı dərədən gəldi.

Əks-həmlə taborunun əsgərləri başlarını gizlədib susdular.

Baş leytenant Xanışov gizləndiyi qaya parçasının arxasından azacıq qalxıb:

- Ey, armyanı, vı okrujenı. Sdavaytes! (Ey, ermənilər, siz mühasirəyə alınmısınız, təslim olun!) - deyə rusca xəbərdarlıq etdi.

Susub düşmənin gizləndiyi ərazini diqqətlə nəzərdən keçirdi. Bir neçə dəqiqə sürəkli atəşdən sonra düşmən də susdu. Sakitlikdən istifadə edən taqım komandiri:

- Pervıy batalyon, vperyod na levom flanqe! Vtoroy batalyon, vperyod na pravom flanqe! – deyə öz əsgərlərinə komanda verirmiş kimi var səsilə bağırdı.

Sakitlik çökdü. Düşmən atəşi dayandırıb ətrafı müşahidə etməyə başlamışdı. Elə bil əks-həmlə qrupunun komandirinin dediklərinin doğrumu, yalanmı olduğunu yoxlayırdı.

- Düşmən bayrağını salmaq lazımdır! – baş leytenant Rəşidzadə yerində dikəlib üzünü yaxınlığında mövqelənmiş əsgər Yadigar Əsgərzadəyə tutdu.

- Gəlin tələsməyək, komandir, düşmən snayperi bizi hədəfdə tutub. Qalxan kimi atacaqlar, - deyə əsgər Əsgərzadə səbir etməyi məsləhət gördü: - Harada olsalar, bizimkilər indilərdə gələcəklər. Sonra rahatlıqla düşmən bayrağını endirib öz bayrağımızı asarıq.

- Düşmən bayrağı başımızın üstündə yellənir, əsgər. Bunun nə demək olduğunu sən bilirsənmi!? - Bölük komandiri qalxıb ətrafı diqqətlə müşahidə eləməyə başladı.

Komandirinin sualına cavab tapa bilməyən əsgər:

- Biz hədəfdəyik, cənab baş leytenant! - deyə fikrindən dönmədi.

- Mən Azərbaycan zabitiyəm, Yadigar, - bölük komandiri əsgərinə ilk dəfə öz adı ilə müraciət etdi: - Düşmən bayrağı altında uzanmaram! Məni qoru!

Cəld yerindən sıçrayıb qətiyyətlə düşmən bayrağı asılmış qülləyə dırmanmağa başladı...

Ardı BURADA

Qeyd: Romanın bu parçası şəhid Səid Rəşidzadənin fotosu ilə təqdim edilir.

Tarix
2022.05.31 / 08:30
Müəllif
Etibar Muradxanlı
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla