Axar.az
Yuxarı

Oğlunun şəhid xəbərini alan atanın komandirə cavabı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Sənədli romandan parça)

Əvvəli BURADA

Yüksəkliyi silahının binokluyla nəzarətdə saxlamağa çalışan düşmən snayperi qəfil tətiyi çəkdi. Baş leytenant Rəşidzadənin bayraq qülləsindən yapışan sol əli boşalsa da, sağ əlini köksündə gəzdirdiyi Azərbaycan Bayrağının üstünə qoyub müvazinətini saxlamağa çalışdı...

- Komandiri vurdular! - meşədən çıxıb yüksəkliyə doğru irəliləyən birinci taqımın əsgəri Cəlil Mehralıyev üzünü döyüş yoldaşlarının sipər olduğu səmtə tutub bağırdı.

Yüksəkliyə doğru qaçıb çaşqın vəziyyətdə yarıyolda dayandı. Arxaya, düşmənin mövqeləndiyi istiqamətdə çevrilib:

- Məni də vurun, şərəfsizlər! Məni də vurun, alçaqlar! Məni də vurun, sizin ananızı!.. - deyə ayaq üstdəcə düşmən mövqelərinə güllə yağdırdı.

Baş leytenant Rəşidzadə sürüşüb arxası üstə torpağa düşdü. Taqımı ilə yüksəkliyə tərəf hərəkət edən komandir Elgün Kazımov da yetirib əsgəri ilə çiyin-çiyinə durdu. Düşmən snayperinin gizləndiyi istiqamət atəşə tutuldu. Cavab atəşi, snayperin gizləndiyi yerin aşağı hissəsindən, dərədən gəldi.

“Maxe” Əmrah Səfərli bir-neçə addım irəli qaçıb düşmənin toplaşdığı dərəyə ard-arda iki əl qumbarası tolazladı. Partlayışdan sonra ani sükut çökdü. Düşmən susdu. Ardından qırx-əlli nəfərə yaxın düşmən əsgəri toplaşdıqları dərədən çıxıb Hadrut istiqamətində qaçmağa başladı. Əks-həmlə qrupu düşmənin qaçdığı istiqaməti sürəkli atəşə tutdu. Düşmənin gülləyə yaxalanmayan əsgərləri Hadrut istiqamətindəki meşə massivindən ibarət təpəni aşıb gözdən itən kimi taqım komandiri Xanışov yerindən sıçrayıb cəld bölük komandiri Səid Rəşidzadənin yanına yüyürdü.

Snayper gülləsi baş leytenant Rəşidzadənin başından dəymişdi, qanı alnından süzülüb yanaqlarına axmışdı. Yanaqları allanıb kirpiklərinə doğru dartılmış, kirpikləri gözlərinin sualını örtmüşdü. Azacıq aralı qalan dodaqları təbəssümün şəklini cızmış, par-par parlayan dişləri alnından dodaqlarına qədər sızan al-qırmızı qandan allanmış, mas-mavi səmanın rəngi dişlərində göyərmişdi. Sağ əlini sinəsinin üstündə, qoltuğunda sıxmışdı.

Döyüş yoldaşları ətrafında dövrə vurub yerə çökdülər. Baş leytenant Elgün Kazımov çəkib əlini qoltuğundan çıxarmaq istərkən Rəşidzadənin ovcunda sıxdığı Azərbaycan Bayrağı sıyrılıb sinəsinin üstündə qaldı...

Düşmənin qaçdığı Hadrut istiqamətindəki meşə massivindən atəş səsləri eşidildi. Tabor komandiri mayor Rəhimov düşməni orada qarşılamış, geri çəkilərkən qarşısını kəsmişdi...

***

Şişqaya yüksəkliyinin Azərbaycan Ordusu tərəfindən azad edildiyi haqqında məlumat alan düşmən dərhal Şişqaya yüksəkliyini və bütün ətrafını şiddətli artilleriya atəşinə tutdu. Qumbaraatanlar və müxtəlif tipli digər artilleriya qurğuları ilə ərazini nəzarəti altında saxlamağa çalışan düşmən iki saata qədər sürəkli mərmi yağdırdı. Artilleriya atəşi günbatana doğru səngidi. Daşların arasına sığınıb mərmilərdən qorunmağa çalışan əks-həmlə qrupu ehtiyatla gizləndikləri yerlərdən qalxıb ətrafı müşahidə eləməyə başladı.

Yüksəkliyin ətəyindən başlayan meşədən “Allahu Əkbər” nidası eşidildi. Yaxınlaşan var idi. Paroldan gələnlərin kimliyi məlum olsa da, qrup ehtiyatı əldən vermədi. Dərhal yerə uzanıb səs eşidilən tərəfi hədəfə götürdü. Bir neçə dəqiqədən sonra qarşıda tabor komandiri mayor Rəhimov və bələdçi kimi tabora qoşulmuş xüsusi təyinatlıların bir əsgəri, ardınca isə taborun şəxsi heyəti meşədən çıxıb yüksəkliyə doğru qalxmağa başladılar. Tabor komandiri qrupa yaxınlaşan kimi baş leytenant Xanışov son məlumat haqqında məruzə etmək üçün onun qarşısına addımladı. Mayor Rəhimov taqım komandirinin məruzəsini hərəkətdən qalmadan dinlədi. Və bir söz demədən yanından ötüb şəhid baş leytenant Səid Rəşidzadənin uzandığı yerə yeridi. Hərbi təzim edib böyründə yerə çökdü. Ovcunda tutub köksünə sıxdığı Azərbaycan Bayrağını qaldırıb:

- Sən bu Bayraq uğrunda canından keçdin, qardaş! – astadan pıçıldadı: - Rahat uyu, komandir, rahat uyu, əziz qardaşım Səid, əmanətini göz bəbəyi kimi qorumağa and içirik!

- And içirik! – şəxsi heyətin sədası dağlarda əks-səda verdi.

Düşmən bayrağına avtomatla atəş açıb yerə saldılar. Səid Rəşidzadənin köksündə daşıdığı Azərbaycan Bayrağının üzərinə Səid Rəşidzadə, Allahyar Telmanlı və Hadrut qəsəbəsi uğrunda canlarından keçmiş digər şəhidlərin adlarını yazıb, Şişqaya yüksəkliyində dalğalandırdılar. Mayor Rəhimov hərbi hissə komandiri polkovnik Nizami Mövlanovla radio əlaqəsi saxlayıb:

- Cənab polkovnik, Şişqaya yüksəkliyi düşməndən azad edildi. Hazırda Azərbaycan Bayrağı yüksəklikdə dalğalanır! - deyə məruzə etdi.

- Təbrik edirəm, mayor, çox şükür, artıq Hadruta girə bilərik! - polkovnik Mövlanov gümrah səslə təşəkkürünü bildirdi. Dərhal da: - Yeni şəhid və yaralılarımız varmı, mayor? - soruşdu.

- Var, cənab polkovnik! - Tabor komandiri dərindən köks ötürdü. Üzünü, sanki başının üstündə dalğalanan Azərbaycan Bayrağının şövqündən nur saçan Rəşidzadənin təbəssümlü çöhrəsinə çevirib: - Baş leytenant Səid Rəşidzadə Azərbaycan Bayrağını Şişqaya yüksəkliyinə sancarkən şəhid oldu, komandir! – deyə məlumat verdi.

Saat qədər uzun görünən bir anlıq üzücü sükutdan sonra hərbi hissə komandiri:

- Vətən sağ olsun, Rəhimov! Allah rəhmət eləsin! – hər hecanı uzadaraq cavab verdi: - Şəhidimizi Alban məbədinin yanına təxliyə edin, mayor. Təxliyə qrupu artıq ora yola düşüb...

Əsgər Cəlil Mehralıyev tabor komandirinə yaxınlaşdı:

- Cənab mayor, icazə verin, şəhidimizi, Səid qardaşımızı mən təxliyə edim! - hərbi təzim edib icazə istədi: - Üzərimdə haqqı var, komandir... - boğazında düyümlənən qəhər son sözlərini bitirməyə imkan vermədi.

Mayor Rəhimov razılıq əlaməti olaraq başını yellədi. Sonra:

- Tələsmə, Mehralıyev, - güclə eşidilə biləcək səslə pıçıldadı: - Vidalaşaq şəhidimizlə! - Yaxınlaşıb şəhid Rəşidzadənin ayaqları tərəfdə diz çökdü.

Gözlərini nur saçan təbəssümlü simasından ayırmadan sadə mobil telefonunu döş cibindən çıxardı. Tərəddüd içərisində titrək barmaqları ilə nömrəni yığdı:

- Sizi baş leytenant Səid Rəşidzadənin tabor komandiri mayor Hacı Rəhimov narahat edir!

- Buyurun, komandir! - Telefona Birinci Qarabağ müharibəsi iştirakçısı, neçə-neçə döyüş yoldaşını itirmiş, onlarla şəhid dəfn etmiş Səid Rəşidzadənin atası Nofəl Qasımov cavab verdi.

- Oğlunuz, baş leytenant... Səid Rəşidzadə... Azərbaycan bayrağını... Şişqaya yüksəkliyinə sancarkən... qəhrəmancasına... şəhid oldu! - Gözünü məchul bir nöqtədən ayırmadan uzun və qırıq-qırıq ifadələrlə sözünü tamamlayıb susdu.

Donmuş, sükunət ifadə edən, buz kimi soyuq gözlərindən bir damla göz yaşı gilələnib sanki sözlərinə nöqtə qoydu. Dəstəyin digər ucunda da bir anlıq sükut çökdü:

- Vətən sağ olsun, komandir! - ifadəsini elə bil dodaqları ilə deyil, qəlbi ilə pıçıldadı şəhid atası. Hülqumunun qalxıb enməsi rabitə dalğalarını titrətdi. Gicgahının döyüntüsünü qulağına dayadığı telefonda hiss etdi tabor komandiri.

- Bəs bölüyü kim idarə edir, komandir!? - Gözlədiyindən fərqli olaraq şəhid atasından ayrı sual eşidən mayor Rəhimov: – Oğlunuz, baş leytenant Səid Rəşidzadə Azərbaycan bayrağını... Şişqaya yüksəkliyinə sancarkən... qəhrəmancasına... şəhid oldu, Nofəl müəllim! – deyə məlumatı bir daha təkrar etdi.

- Onu bildim... bildim... komandir, bəs bölüyü kim idarə edir, sizdən soruşuram!? – Şəhid Səid Rəşidzadənin atası Nofəl Qasımov narahatlığını aydınca büruzə verən ifadə ilə eyni sualı bir daha soruşdu.

Mayor Rəhimov ayağa qalxıb qeyri-ixtiyari əlini gicgahina apardı. Farağat vəziyyətində hərbi təzim edib:

- Bu dəqiqə Hadruta açılan qapıda, Hadrut yolundakı ən strateji, sizin oğlunuz Səid Rəşidzadənin azad etdiyi hakim yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bu bayrağı Səid Rəşidzadə bu yüksəklikdə dalğalandırdı. Biz də sizin qarşınızda, müqəddəs şəhid atasının qarşısında və şəhid qardaşımız Səid Rəşidzadənin müqəddəs ruhu qarşısında Azərbaycan bayrağının əbədi olaraq dalğalanacağına and içirik! – Gözləri parladı, kirpikləri sıxıb gözlərinin suyunu çıxardı. Tabor farağat durub döyüş yoldaşlarının ruhu, oğlunun şəhadət xəbərini aldıqdan sonra da bölüyü, torpağı düşünən müqəddəs şəhid atasının qüruru qarşısında hərbi təzim etdi: - Səid Rəşidzadənin bizə əmanət saxladığı bayraq da, bölük də etibarlı əllərdədir, atacan! – Xəbəri necə çatdıracağından narahat olan mayor Rəhimov şəhid atasının sözlərindən özü təsəlli tapmış kimi oldu...

Əsgər Cəlil Mehralıyev Səid Rəşidzadənin nəşini belinə alıb təyin olunmuş istiqamətdə hərəkətə başladı. Təxliyə qrupu artıq baş leytenant Allahyar Telmanlı və Hadrut uğrunda döyüş əməliyyatlarında canlarını fəda etmiş digər şəhidlərin saxlanıldığı qədim Alban məbədinin yaxınlığına çatıb, şəhid Səid Rəşidzadənin yolunu gözləyirdi...

Şişqaya yüksəkliyi alındıqdan dərhal sonta tabor Hadrut qəsəbəsinin işğaldan azad olunması uğrunda hərəkətə keçdi. Digər əks-həmlə qrupları, artilleriya və aviasiya qüvvələri ilə paralel şəkildə hücum fəaliyyətinə qoşulan tabor mayor Hacı Rəhimovun rəhbərliyi altında qəsəbəətrafı kəndləri işğaldan azad edə-edə Hadrut qəsəbəsinin mərkəzindən keçərək Ərgünəş yüksəkliyinə doğru yeridi. Qısa bir müddətdə strateji əhəmiyyət daşıyan Ərgünəş yüksəkliyi də işğaldan azad edildi. Və əks-həmlə taboru əsas hədəfə - Şuşaya doğru istiqamət aldı...

Ardı BURADA

Tarix
2022.06.06 / 08:30
Müəllif
Etibar Muradxanlı
Şərhlər
Digər xəbərlər

Bir qrup gənc şair bu şəhərimizdə toplandı

“Türk ruhunun söz bayrağı” Ankarada…

Bakıda qazax şairin xatirəsi yad edildi - Foto

Tanınmış şairin yeni kitabı çapdan çıxdı

Dikin məşhurlaşdırdığı “Təbriz nağılı”nda nə var?

“Din və Cəza” Qazaxıstanda işıq üzü gördü

“İrəvandan Zəngəzuradək...” təqdim edildi

"Laokoon… Laokoon" Almaniyada dərc edildi

Ramil Əhmədin kitabı çap olundu

Nobel mükafatı alan ilk türk yazıçı – Orxan Pamuk

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla