İyunun 5-də Bakının küçələrindən şeir qoxusu gəlirdi.
Yay gününün ilıq nəfəsini Xəzərdən əsən gilavar şəhərin küçələri
boyu insanların sifətinə yayırdı. Ağacların yarpaqları da sanki
Şairlər Gününə hazırlaşmışdı, həmin gün daha gözəl, daha romantik,
daha çox yaşıla bürünmüşdülər. Mən də rəngarəng Şairlər Günü ilə
bağlı xatirələrimi, yadımda qalan maraqlı məqamları oxuculara
təqdim etmək istədim.
Nəhayət ki, gözlənilən VI Şairlər Gününə həsr olunmuş
ədəbi-bədii, musiqili gecə baş tutdu. Bu gecə də əvvəlki Şairlər
Günü qədər maraqlı və yadda qalan oldu. Tədbir iştirakçıları,
ölkəmizin sözlü qonaqları, dünyanın müxtəlif ölkələrindən təşrif
buyuran qələm adamları əvvəlcə Fəxri Xiyabanda oldular. Heydər
Əliyevin məzarını ziyarət etdilər.
Bu məzarlıqdakı görkəmli şair və yazıçılarımızın məzarları da
qonaqlarımız tərəfindən ziyarət olundu. Onların maraqlarına rəğmən,
ziyarət olunan qələm adamlarımız haqda kim necə bacardısa, o qədər
də məlumat verdi. Bu, əsasən, gənc qonaqlarımız üçün
ədəbiyyatımızın tanıtımı idi, sanki.
Qonaqlarımız Şəhidlər Xiyabanında da oldular. Torpaqlarımızın və
müstəqilliyimizin uğrunda şəhid olan, adlarını əbədi olaraq
ürəklərə yazdıran hər bir şəhidimizə ehtiramlarını bildirdilər,
şəhid ruhları qarşısında baş əydilər, məzarlığa çiçək düzdülər…
Saat 11.30-da AYB-nin qarşısında idim. Qonaqlar iki-bir yerli
şairlərimizin müşayiəti ilə söz və sənət məbədimiz olan AYB-nin
binasına yaxınlaşır. Burada hələ keçən ilin oktyabrında Qazan
şəhərində keçirilən Türkcənin Şeir Şölənindən tanıdığım qırğız
şairəsi Narsulu Qurqubayı görürəm. Ukraynadan gələn qaqauz Olqa
Karastana ilədir. Narsulu məni görcək qollarını açır. Əynindəki
uzun ətəkli mil-mil dənizçi köynəyinə oxşar paltarı onu qağayıya
oxşadır. Qıyıq gözlərinin sevinci şeir misraları kimi gözlərimə
dolur. Şəhərimizin gözəlliyini, bu bayrama yaxşı ki, dəvət
olunduğunu qolları hələ havada ikən qulaqlarıma pıçıldayır kimi
səslənir. İllərin ayrı düşmüş doğmaları kimi boynuma sarmaşır.
AYB-nin 3-cü qatına qalxırıq. Burada divar boyu rəsmləri asılan
şair və yazıçılarımız, elm adamlarımız da qonaqların marağına səbəb
olur. Narsulu, Olqa, Türkiyəli Saleh, Özbəkistandan gələn gənc şair
Məmməd Əmin, qazaxıstanlı Əmirbəy, tatar şairi Lenar, Əfqanıstandan
olan, Alma-atada təhsil alan Xəzər türkü Yasirin suallarına ətraflı
cavablar verirəm. 1937-ci il repressiya qurbanları olan şair və
ədiblərimizin taleyindən bəhs edirəm. Qarabağ savaşında vuruşaraq
şəhid olan şairlərimizin, 20 Yanvar faciəsinin qurbanlarından olan
Ülvi Bünyadzadə və onların keçdikləri döyüş yolu, ədəbi taleləri
haqda tədbirin əsasən gənc olan qonaqlarına danışıram. Açığı,
bundan bir qürur hissi də keçirirəm.
Bir neçə dəqiqədən sonra AYB-nin sədri, xalq yazıçısı Anarın
otağında qonaqlarla görüş, tanışlıq baş tutur. Anar müəllim
qonaqları salamlayır. Azərbaycan Yazıçılar Birliyinin yarandığı
gündən bu günə qədər olan fəaliyyətindən qısaca bəhs edir.
AYB-dən sonra qonaqlarla birgə böyük söz ustadı, dahi Azərbaycan
şairi Səməd Vurğunun ev-muzeyinə baş çəkdik. Bu da şairin
ev-muzeyi. Yenə də gənc dostlar mənim ətrafımdadır. Dəfələrlə
olduğum muzeyin bələdçiliyini üzərimə götürürəm. Qaqauz Olqanın,
çuvaş Dimanın maraqlandığı suallara cavab vermək ürəyimcədir.
Səməd Vurğunun ev-muzeyini ziyarət etdikdən sonra qonaqlar nakam
şairimiz Mikayıl Müşfiqin rəmzi məzarına – Xəzər dənizinə baş
çəkdilər. Bu həm də bir gəmi gəzintisi idi. Dənizdən şəhərin
gözəlliyini seyr edən şairlər şeirlər səsləndirir, şəkillər
çəkdirir. Bütün səyahət boyu xalq yazıçısı Anar qonaqlarla
birlikdədir. Gəmi heyətinin qonaqpərvərliyi də qonaqlara xoş
gəlir.
Nargin adasına 1 mil məsafə qalmış gəmi geri qayıdır. Bu dönüşdə
şairlər al-qırmızı qərənfilləri dənizə səpir. Şairin məcazi məzarı
olan Xəzərin sularının qırçın ləpələri qərənfilləri layla çalırmış
kimi ağuşuna alır. Qağayılar qərənfillərə tərəf şığıyır. Şeirimdən
bənd deyirəm:
Gecələr yuxuma girən qağayı
Ölən dənizçinin ruhudur, bəlkə.
Bəlkə də şair Müşfiqin də ruhu qağayıya dönüb özünün son məkanın
üstündə dövrə vurur, düşüncələrimi qonaq şairlərin bir-ikisi ilə
bölüşürəm.
Gəmi gəzintisindən sonra qonaqlar dənizkənarı Milli Parkla
Beynəlxalq Muğam Mərkəzinə gedirik. Beynəlxalq Muğam Mərkəzində
davam edən tədbir, mərkəzin foyesində "AYBkitab" layihəsi
çərçivəsində çap olunmuş "Vaqif Səmədoğlu. Sandıq şeirləri"
kitabının təqdimatı ilə davam edir.
Nəhayət, müasir poeziyamızın görkəmli nümayəndəsi, dramaturq,
xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunan poeziya gecəsi
Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın dövlət himninin
səsləndirilməsi ilə başlayır.
Tədbirdə V.Səmədoğlunun xatirəsi bir dəqiqəlik sükutla yad
olunur. Xalq şairinin həyat yolu və yaradıcılığına həsr olunmuş
sənədli film nümayiş etdirilir. Filmin müəllifi mərhum şairin həyat
yoldaşı Nüşabə xanım Vəkilovadır.
Gecədə Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna,
İran, Rusiya, ABŞ və İsraildən qonaqlar, həmçinin Azərbaycandan
ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət
nümayəndələri iştirak edir.
AYB sədri, xalq yazıçısı Anar əziz dostu V.Səmədoğlunun yeni
şeirlərinin işıq üzü görməsində böyük əməyi olan Nüşabə xanıma
təşəkkürünü bildirir.
Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə
ekspert Arye Qut Azərbaycanı özünə doğma vətən bildiyini söyləyib,
xalqımızın qədim tarixindən, qonaqpərvərliyindən danışıb, dostu
Vaqif Səmədoğlu ilə bağlı xatirələrini bölüşdü.
Sonda "Mikayıl Müşfiq" mükafatının növbəti təqdimatı keçirildi.
Mükafata Azərbaycandan Nəriman Həsənzadə, Rəşid Faxralı, Vurğun
Vəkilov, Nəzakət Məmmədova, Türkiyədən M.N.Parmaksız, Mustafa
Ceylan, İsraildən Arye Qut, ABŞ-dan Robert Yevdayev, Makedoniyadan
Ərol Tufan, İrandan Aydın Araz və başqaları layiq görüldü.