Yuxarı

“Nizaminin ölümündən 50 il sonra...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Əvvəli burada)

III hissə

"Ədəbiyyat qəzeti"nin "Müzakirə Saatı" layihəsində "Çağdaş ədəbiyyatşünaslıqda klassik irs məsələləri" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, tənqidçilərdən Elnarə Akimova, İradə Musayeva, Səadət Şıxıyeva, İmamverdi Həmidov, Ataəmi Mirzəyev iştirak edib.

Axar.az müzakirəni təqdim edir.

İradə Musayeva: - Bu əsər əlyazması şəklində idi və bununla bağlı Axundovun xeyli dostları ilə yazışmaları, məktublaşmaları var.

Azər Turan: - Amma yaxın ətrafında heç kəsin xəbəri yoxdur ondan...

İradə Musayeva: - Axı o çap olunmamışdı. Neçə yerə məktub göndərdi. Onun ömrü boyu nəşr olunmayan bir əsəri odur, bir də əlifba islahatı ilə bağlı əsəri. Onun özünün seçilmiş əsərlərində xeyli məktublar var bu barədə. Mirzə Mülküm xana, Yusif xana, Əli Suaviyə, rus maarifçi dostlarına onlarla məktubu var .

Ataəmi Mirzəyev: - İradə xanım, bir şəxsiyyət kimi deyirəm, yəni onun haqqında düşünəndə bilmək lazımdır ki ziddiyyətli baxışları olub.

İradə Musayeva: - Bəli, tam ateist olmayıb.

İmamverdi Həmidov: - Axundov deyir ki, şeir - o da bir istedaddır və o Xudadandır, yəni Allahdandır.

İradə Musayeva: - Hətta onun oğlu Rəşid Brüsseldən məktublar yazır, deyir ki, oruc tuturam, namaz qılıram, Axundov onu təqdir eləyir və çox hörmətlə yanaşır ona. Hətta deyir ki, "Allah qəbul eləsin!"

Ataəmi Mirzəyev: - Düzdür.

İradə Musayeva: - Amma "Kəmalüddövlə məktubları"ndakı ovqatı ola bilər ki, psixoloji durumuyla da əlaqəli olub, fanatizmdən usanıb Mirzə Kazım bəy kimi. Mirzə Kazım bəy deyirdi "Mən islamdan yox, islamın daşıyıcılarından iyrəndim". Mirzə Kazım bəyin atası Qafqazın şeyxi idi, oğlu isə şotland missionerlərinin təsiri ilə islam dinindən çıxdı, xristianlığı qəbul etdi. Amma bütün yaradıcılığı islamla bağlı oldu. Axundov da fanatizmdən, cəhalətdən cana gəldi və "Kəmalüddövlə məktubları"nda bax, həmin şey Axundovda da oldu. Özü də mən Axundov yaradıcılığını ikinci dəfə məhz bu məqsədlə oxumuşam ki, görüm onun dinə münasibəti nə vaxt dəyişir, izləyib oxumuşam. "Aldanmış kəvakib"də o, demək olar ki, qatı bir islamçıdır. Yəni təqdir eləyir və bir çox məsələlərdə, islahat tendensiyasında şəriət qanunlarına da əsaslanır. Orada obrazları içkili olduğu üçün cəzalandırmaq, filan var, amma o birisində dəyişir. "Kəmalüddövlə"də tamam başqadır. O, Jan Jak Russonun və başqa Avropa maarifçi-islahatçıların əsərlərini oxyuyur, o əsərləri oxuyandan sonra deyir ki, hə, bizdə də xristianlıqdakı kimi islahatlar aparmaq lazımdır. O maarifçilər ki, deyir xristianlıq dinində islahatlar aparmaqla fanatizmdən uzaqlaşmaq lazımdır, o nəzəriyyəni götürüb "Kəmalüddövlə"də görürsünüz, tamam ayrı bir şeydir. Məktublardı, traktat filan və fəlsəfi baxışlar.

Ataəmi Mirzəyev: - O məsələni sufizm haqqında danışanda da demək olar.

İradə Musayeva: - Azər müəllim, hətta bilirsiz, nəyə görə ateizm vardı orada? Orada Qurandan - hədislərdən yox, hətta Quranın ayələrinə də kəskin mənfi münasibəti var, yəni "Kəmalüddövlə məktubları"nda.

Azər Turan: - Amma 1920-ci illərə qədər bu əsər heç bir halda ortada yoxdur. Ömər Faiq Nemanzadənin bu barədə yazdıqları - yəni əsəri 1905-cı ildə Tiflisdə əldə satılan kitablar arasından tapması da, heç etibarlı görünmür...

İradə Musayeva: - Çap olunmayıb axı, əlyazmasını hamıya göndərməli idi?

Ataəmi Mirzəyev: - Çapına çalışıb. Tərcümə də eləyib iki dilə: fars dilinə və rus dilinə.

Səadət Şıxıyeva: - Fikir verirsiniz, əsəri farsca və rusca çap eləməyə çalışıb. O dairələrdə yaymaq istəyib, amma Azərbaycan sahəsində, görünür, gizli saxlayıb. Yəni ehtiyat edib, üzə çıxarmayıb.

Azər Turan: - Bir də ki, 1910-cu ildə Tiflisdə Şah Abbas məscidində təziyə saxlayıblar Mirzə Fətəliyə. Dinsiz olan bir adamın necə təziyəsini saxlaya bilərdilər? Heç olmasa, söhbət gəzərdi də. Bilinərdi dinsiz olduğu. Kəmalüddövlə məktublarını bilsəydilər, bu, ruslar üçün göydəndüşmə olardı o zaman. Mütləq çap edərdilər.

İradə Musayeva: - Bizim dairələrdə kim oxuyurdu? Tərcüməçi yox, tədqiqatçı yox...

İmamverdi Həmidov: - Mənim dediyim odur ki, yəni islam bir sivilizasiyadır. Sovet dövründə, lap elə Rusiyada olan şərqşünaslar da elə yazırdılar. "Musulmanskaya kultura", "sivilizasiya". Yəni bu böyük sivilizasiyanın bizim ədəbiyyata təsiri olub, orada qidalanma, mənbə rolu oynaması açıq-aydındı. İndi müstəqillik dövründə islam mənbələrini öyrənmək lazımdır, təsəvvüfün mənbələrini öyrənmək lazımdır. Təsəvvüf xadimlərindən mən ikisini əsas bilirəm: İbn əl-Ərəbi, bir də Qəzali. XII əsrə qədər sufizm zahidilik idi, çəkilir bir qırağa, orada Allaha ibadət eləyir və Allahı düşünür. Amma bu əsrlərdə - İbn əl-Ərəbidə və Qəzalidə o elm halına salındı. Qəzalinin əsərlərini gərək oxusunlar ədəbiyyatşünaslar. "Futuatun-Məkkiyyə", "Ehya-ul-Meddin" "Din elmlərinin dirçəldilməsi"...

İradə Musayeva: - İmamverdi müəllim, istəyirəm mən konkret məsələlər üzərində quraq söhbəti. Klassik irs problemi bu gün ədəbiyyatşünaslığın əslində ən vacib problemlərindəndir. Bu, əslində bir az qorxulu mövzudur, həqiqətən də. Məsuliyyət tələb edən bir mövzudur. Mən hətta "Ədəbiyyat qəzeti"ndə mövzunun müzakirəsinə dəvət alanda öz-özümə inanmadım ki, klassik ədəbiyyatla məşğul olan şöbələrdən məhz, o məsuliyyətə görə gələnlər olar. Çünki çoxlu suallar var. Sual o mənada yox ki, konkret niyə bu belədir? Yəni tutaq ki, mən təbii ki, müasir dövr ədəbiyyatı ilə məşğul olan filoloqam. Amma klassik ədəbiyyatla bağlı bir müəllim kimi, fərqi yoxdur, orta məktəb müəllimi olsun, ali məktəb müəllimi olsun, N qədər suallar var. Konkret faktlara istəyirəm keçək. Tutaq ki, auditoriyada Nizami Gəncəvi barədə tələbələr deyir ki, Nizami Gəncəvinin türkcə "Divan"ı tapılıb. Bunu mən özüm də həm mətbuatda, həm də saytlarda oxumuşam. Əliyar Səfərli, Sənan İbrahimov - hətta onlar ürəklə açıqlama verdilər ki, Misirdə kitabxanaların birində bu tapılıb. Və təbii ki, bu sual doğurur və biz də az-çox müəllim kimi buna cavab verməliyik. Amma nəticə gəldi, başladılar müsahibələr almağa Akademiyanın Ədəbiyyat İnstitutunun şöbələrindən, aidiyyəti olan adamlar da bu məsələ haqqında fikir bildirdilər, aidiyyəti olmayanlar da. Dedilər ki, yox, heç Nizaminin ana dilində bir dənə də olsun şeiri yoxdur, o başqa Nizamidir, hətta dedilər Türkiyədə Nizami Karamanlı, hətta Kahramanlı filan bu adlarla verdilər. Əliyar müəllim də bir müsahibəsində, mənim yadımdadır, dedi ki, orada belə bir misra var: "Mən Şeyx Nizami", yəni belə bir ifadə işlədib. O Nizaminin 19 yaşı var, o türkiyəli Nizaminin. Bu, o Nizami ola bilməz, yəni faktlardan birini deyirəm. Bu, elə Şeyx Nizamidir.

Nizaminin yaradıcılığına araşdırıcı marağı elə onun öz zamanından başlayır, məsələn, M.Ə.Rəsulzadənin məqaləsində var ki, Nizami Gəncəvinin tədqiqatı özünün ölümündən 50 il sonradan başlayıb. Ad da çəkir ki, Şəmsi Qeys adında bir müəllif olub. O da "Xosrov və Şirin" əsəri haqqında fikir bildirir. Ondan sonra təbii ki, Xaqaninin, Ənvərinin, yəni müasirlərindən söhbət gedir, daha sonra İsfəhanilər olub, səhv eləmirəmsə, Cəlaləddin, Kəmaləddin İsfəhanilər. M.Ə.Rəsulzadənin məqaləsindən çıxış edib mən deyirəm bunu. Bunlar elə onun dövründə şairin tədqiqatçıları idi. Eyni zamanda da Nizami Gəncəvidən bəhrələnənlər, "Xəmsə" yazanlar və s. Sovet dövründə Nizami Gəncəvi, demək olar ki, ən çox öyrənilən klassiklərdən biri idi. Mən hətta bu yaxınlarda oxudum ki, Nizami Gəncəvinin heykəli qoyulanda, 800 illiyi qeyd olunanda, bu komissiyanın tərkibində ermənilər də olub bizim Mikayıl Hüseynov və başqa heykəltəraşlarla ilə bir yerdə. Və indi arxivlərdəki sənədləri açıb baxıblar ki, o məktubların içində ermənilərin xeyli sayda məktubları var ki, onlar deyib buna heykəl qoyula bilməz, çünki bunun heç bir miniatürdə də şəkli yoxdur, onun şəxsiyyətilə, görüntüsü ilə bağlı bir fakt yoxdur, onun heykəlinin qoyulması da məqbul hesab edilmir. Amma məhz Stalinin göstərişi ilə Azərbaycanda Nizami Gəncəvinin heykəli qoyuldu. 1941-ci ildə də Leninqrad mühasirədə ola-ola 800 illik keçirildi. Yəni haradasa ruslar və rus tədqiqatçıları, Bartold da, Bertes də siz daha yaxşı bilirsiniz, bunlar bizim ədəbiyyatşünaslardan daha çox diqqət göstəriblər klassiklərimizə. Bayaq Səadət xanım dediyi kimi, bizim tədqiqatçılar başqa ölkələrin tədqiqatçılarının kölgəsində gizlənir, yəni onlar nə isə ortaya çıxardandan sonra onun arxasında dayanırlar. Biz məsələn, dərs keçəndə çox narazı qalırdıq ki, Nizami Gəncəvinin "İsgəndərnamə"sində kommunizm ideyaları axtarılırdı və sitatlar gətirilirdi. Biz məcbur idik deyək ki, Nizami kommunizmi o vaxtdan görürdü və "İsgəndərnamə"də kommunizm vardı. İmadəddin "dinin dirəyi" deməkdir. Amma Nəsimini ateist kimi təbliğ eləyirdilər və bütün tələbələrin beynində belə bir fikir vardı ki, ateizmdən danışanda mütləq bu, Nəsimiyə aiddir. Nəsimi bizim klassik ateistimiz idi - belə çıxırdı. Ondan sonra gəlirdi Axundov, Cəlil Məmmədquluzadə, Sabir və s. Halbuki elə deyildi. Və bu 25 ildə tutaq ki, mən bayaq dedim ki, Əliyar Səfərli, Xəlil Yusifovun dərsliyindən keçirdik, hətta yeni nəşrlərində də o səhvlər düzəldilmir. Hətta Azərbaycan ədəbiyyatı tarixi yenidən nəşr olunur, mən çox ümidlə aldım baxdım, tələbələr də baxdı, gördük ki, bir çox məsələlər tamam yanlış yozulubdur. "Leyli-Məcnun"da qadın hüquqsuzluğu, "Leyli və Məcnun"da gender problemlərindən məqalələr yazılır. Yəni bunlar tamam yanlış şeylərdir. Və bizi narahat eləyən nədir? Bu, kitabdan kitaba keçir, bu o deməkdir ki, kitabdan kitaba təsdiq olunur. Yəni tədqiqatçılar, Akademiya və başqa institutlar bunu təsdiqləyir. Konkret fakt deyim. 2004-cü ildə Nəsiminin kitabı çap olundu : Seçilmiş əsərləri. Və onun ön sözü iki nəfərin adınadır. Həmid Araslının ön sözünə, Teymur Kərimli əlavə edib, ya yenidən işləyib, bilmirəm. Orada belə bir fikir yazır ki, Nəsiminin həyatı rəvayətləşib, yəni tarixi faktlardan uzaqlaşıb. "Nəsimi haqqında bir sıra rəvayətlər yaranmışdır. İllər keçdikcə şairin həqiqi tərcümeyi-halı da bu rəvayətlərə qarışaraq əfsanələşmişdir. Xüsusən şairin ölümü haqqında bir-birindən fərqli rəvayətlər mövcuddur". Sonrakı yanaşmalarda, Nəsimi şəxsiyyətinin tarixiliyinə münasibətdə də bu "əfsanə" məsələsi davam edir... Belə çıxır ki, biz artıq rəvayətlərin, əfsanələrin qarşısında acizik və Nəsimi faktla izah oluna bilməz. Hətta bir dəfə orta məktəb müəllimlərinin şagirdlərlə müzakirəsi idi. O müəllimlər də təsdiq kimi dedilər ki, siz Nəsimi haqqında onun şəxsiyyəti ilə bağlı konkret suallara getməyin. Çünki Nəsimi bir əfsanəvi, rəvayətləşmiş şəxsiyyətdir. Halbuki Nəsimi XIV əsrdir də. Eradan əvvəlki yazıçıların, tarixçilərin həyatını çıxardırlar ortaya. Düzdü? X əsr yapon ədəbiyyatının nümunələri var konkret faktlarla ki, məsələn, kim yazıb, harada yaşayıb və s. Amma XIV əsr faktını əfsanə sayırıq, hansı ki, bu yanaşma tədrisə də yansıyır, artıq müəllimlər də təslim olub bu faktsızlığın qarşısında. Məsələn, bayaq dediyim anadilli "Divan" məsələsi elə açıq qaldı. Mən tutaq ki, öz fərziyyəmi deyə bilərəm. Biz güvənirik klassik ədəbiyyat tədqiqatçılarına. Belə bir tendensiya var klassik ədəbiyyat araşdırıcılarında - Qurana yanaşma kimi. Mollalar deyir ki, sən ərəb dilini bilmirsənsə, Qurandan danışmamalısan, Qurandan sitat gətirməməlisən, Quranın adını çəkməməlisən. Belə bir xof yaradırlar. Bu klassik ədəbiyyat tədqiqatçılarının da çoxu nə isə bir fikir irəli sürəndə ki, Nəsimidə filan şey filandır, deyir ərəb dilini, fars dilini bilirsən? Deyirsən yox. Belə bir münasibət yaranır ki, yəni sən onu bilmirsənsə, bundan niyə danışırsan? Amma biz onlara güvənirik, bu dili bilənlərə. Bu dili bilənlərin yanaşması yanlışdırsa, bu dili bilmək elə mollaların Qurana yanaşması kimi bir şeydir. Çox üzr istəyirəm, bəlkə kəskin çıxdı. Amma belə bir fikir yaranır. Ona görə də qalırıq belə. Mən, müasir dövrdən yazan adam N.Gəncəvinin mənzum romanları ilə bağlı başlayıram öz fikirlərimi yazıram və müasir dünya romanı ilə bunu əlaqələndirirəm. Həmid Araslı yazır ki, Nizaminin mənzum romanı var - "Xosrov və Şirin". Azadə Rüstəmovada da "Xosrov-Şirin" adı çəkilir. Ondan sonra da kim yazıbsa N.Gəncəvinin mənzum roman məsələsindən, böyük əksəriyyətini oxumuşam, hamısında ad çəkilir ki, "Xosrov-Şirin" mənzum romandır. Bu əsər niyə mənzum romandır? Hansı prinsiplərlə mənzum romandır? Mənzum roman nədir və onu müqayisə edib müasir dünya romançılığı ilə uyğunlaşdıran faktlar yoxdur. Yəni nəzəriyyəsi yoxdu bunun. Bu elə şüar kimi qalır. Buna adekvat olaraq, tutaq ki, mən bayaq yapon ədəbiyyatından misal gətirdim. Biz deyirik ki, Azərbaycan ədəbiyyatında romançılıq başlayır XIX əsrdən. Yəni farsdilli romanlardan, belə yazırlar kitablarda. Çox üzr istəyirəm, bu fikrimi deyim, sizə mesaj vermiş olacağam həm də. Və deyirlər ki, bu şeirlə yazılıb. Eynilə bu fikir ki, "Genjinin hekayəsi" X əsrdə, 1007-ci ildə, bəzi yerlərdə 1007, bəzi yerlərdə 1010 yazıblar, nəzmlə yazılıb. Yapon sarayında yazılıb, 350-dən çox orada obraz var. Və hansı dildə yazılıb? Çin dilində yazılıb. O vaxt nə cür ki, bizdə saray dili və ədəbiyyat dili fars dili idi, eynilə bizim məsələmizdir. Amma bunu müqayisə eləmirlər. Bizdə deyirlər ki, fars dilidir, sənin ədəbiyyatın deyil. Bəs onda niyə yapon ədəbiyyatında Çin dilində olan "Genjinin hekayəsi" romanını bu gün yaponlar özlərinin ilk romanı hesab edir və yazırlar ki, dünyanın ilk romanıdır. Deməli, yaponlar arxasında dayandığı üçün bu faktı, Çin dilində olanı onun alimləri dünyaya belə təqdim edirlər. Amma biz N.Gəncəvinin o boyda epopeyasını - "İsgəndərnamə"ni, bu epopeyadır əslində, yəni bunu nəsr dilinə çevirəndə "İsgəndərnamə" bir epopeyadır. Heç dilogiya da deyil, trilogiya da, - amma bunu məhz o klassik ədəbiyyat biliciləri müasir dövrlə əlaqələndirmirlər. Səhv deyirəmsə, fikrinizi bildirin.

(Ardı var)

Tarix
2016.06.28 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla