Yuxarı

Prezident onlara müraciət ünvanladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident onlara müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumu iştirakçılarına müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, müraciəti Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Müraciətdə deyilir:

"Hörmətli Forum iştirakçıları,

İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) ilk Media Forumunda Sizi səmimi-qəlbdən salamlayıram. Bu Forumun Azərbaycanın təşəbbüsü ilə birinci dəfə Bakı şəhərində keçirilməsi mühüm hadisədir.

Bildiyiniz kimi keçən il Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilmişdir. Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən bu təşkilat ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Bu, ölkəmizə olan beynəlxalq etimadın göstəricisi, təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürü idi. 1,2 milyard əhalini əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv olan dövlətlər ortaq dini-mədəni dəyərləri bölüşürlər. Bu gün artıq üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri ilə mübarizə və enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı irəli aparmaq üçün geniş imkanlara malikdir. Azərbaycan enerji, nəqliyyat və kommunikasiya sahələrində D-8 ölkələri ilə çoxşaxəli tərəfdaşlıqlar qurmaqla regional və beynəlxalq əməkdaşlığın mühüm iştirakçısına çevrilmişdir.

Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı ilə bağlı səylər göstərir. Bu, təkcə iqtisadi deyil, həm də mədəni, sosial və humanitar əməkdaşlıq sahələrində özünü büruzə verir. Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü təşkil olunmuş, D-8 Həftəsi çərçivəsində "D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq"u baş tutmuşdur. Azərbaycan bundan sonra da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcəkdir.

Dost ölkələrin ictimai-siyasi xadimlərini, kommunikasiya üzrə mütəxəssislərini, media nümayəndələrini bir yerə toplayan bu Forumun qlobal informasiya məkanında meydana çıxan yeni çağırışları müzakirə etmək və ortaq məqsədlərə çatmaq üçün səmərəli platforma olacağına inamımı ifadə edirəm. Qlobal böhranlar, bəşəriyyət qarşısında duran yeni sınaqlar və çətinliklər dövründə ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərməsi, o cümlədən media sahəsində həmrəyliyi nümayiş etdirməsi olduqca vacibdir.

Müasir dünyada informasiya adi xəbər olmaqla məhdudlaşmır, beynəlxalq münasibətlərin, ictimai rəyin və iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilərək xalqlar arasında etimadın və anlayışın formalaşmasında mühüm rol oynayır.

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, "deepfake"-lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır. Bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən, D-8 Media Forumunun əsas vəzifələrindən biri – doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır.

Azərbaycan media sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, bu istiqamətdə daim mühüm təşəbbüslərlə çıxış edir. Biz milli media strategiyamızı beynəlxalq təcrübə ilə uzlaşdıraraq, jurnalistlərin peşəkarlığının artırılmasına, faktlara əsaslanan xəbərlərin yayılmasına və media savadlılığının inkişafına xüsusi diqqət yetiririk. Eyni zamanda, biz regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılmasını dəstəkləyirik.

Bugünkü Forum dost ölkələrin media qurumları arasında qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli imkanlar yaradan yeni əməkdaşlıq müstəvisidir. İnanıram ki, burada səslənəcək ideyalar, təkliflər və irəli sürüləcək birgə layihə təşəbbüsləri gələcəkdə D-8 ölkələrinin informasiya siyasətində mühüm rol oynayacaqdır.

D-8 Media Forumunun xalqlarımız arasında əməkdaşlıq, qarşılıqlı etimad və həmrəyliyin möhkəmlənməsinə, informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyinə ümidvar olduğumu bildirir, forumun işinə uğurlar diləyirəm".

Tarix
2025.11.21 / 10:26
Müəllif
Axar.az
Digər xəbərlər

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır

Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Bakıya gəldi

Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən... - Prezident

COP30-da yanğın: azərbaycanlılar xəsarət alıb?

Trampın Ukrayna ilə bağlı sülh planı - Tam mətn

Azərbaycanın strateji rolunu yüksək qiymətləndiririk - Səfir

Laçının torpaq potensialı yenidən qiymətləndirildi

Azərbaycanla İsrail arasında mühüm iclas keçirildi - Foto

2026-cı ilin büdcə zərfinin strukturu...

Erməni mütəxəssislər Bakıya gəlir - Tarix

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla