Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 22-də davam etdirilib.
Axar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.
Qeyd edilib ki, ötən məhkəmə iclası zamanı fasilə elan olunduğundan təqsirləndirilən David Babayan çıxışını indiki məhkəmə iclasında davam etdirəcək.
D.Babayan çıxışında ittiham tərəfinin çıxışında bildirdiklərinə əks dəlillər səsləndirib. O, təqsirləndirilən şəxslərin günahsız olduğunu deyib. “Mən özümü heç bir maddə ilə günahkar hesab etmirəm”, - deyə D.Babayan bildirib.
O, çıxışında müdafiəçilərə və tərcüməçilərə təşəkkür edib.
Təqsirləndirilən Levon Mnatsakanyan son sözünü rus dilində etmək istədiyini deyib. Ona çıxışını rus dilində etməyə şərait yaradılıb.
Təqsirləndirilən şəxs deyib: “Qarabağ (qondarma rejimi nəzərdə tutur – red.) Ermənistandan onun təhlükəsizliyinin qarantı kimi çıxış etməyi xahiş etdi və bu dövrdən də təmas xəttində bütün əməliyyatlar Ermənistan Respublikasının baş qərargahı (silahlı qüvvələrin baş qərargahı nəzərdə tutulur – red.) tərəfindən hazırlanmış planlara uyğun aparılırdı. Burada məhkəmə iclasları zamanı qeyd etmişdim ki, mən 1992-ci ildə hərbiyə çağırılmışam. Zabit rütbəmi nəzərə alaraq, məni batalyonun komandir müavini təyin etdilər. Bu vəzifəyə təyin edilmək üçün başqa heç bir şey tələb olunmurdu. Lakin ittiham tərəfi iddia edir ki, məni başqa hansısa parametrlərə görə təyin ediblər”.
Təqsirləndirilən şəxs müharibədə onlar tərəfdən muzdluların döyüşməsi barədə ittiham tərəfinin dediklərinə də münasibət bildirib: “Bildiyim qədər onlar muzdlu olmayıblar. Onlar hamısı könüllülər idi və onları heç kəs xidmətə cəlb eləməmişdi, onlara pul verilmirdi”.
L.Mnatsakanyan məhkəmədə onun əleyhinə ifadə vermiş zərərçəkmiş İlham Məmmədovun dedikləri barədə də danışıb (Xatırladaq ki, İ.Məmmədov oktyabrın 2-də keçirilmiş məhkəmə iclası zamanı ifadəsində Ermənistan silahı qüvvələrinin hərbçiləri tərəfindən döyüldüyünü, işgəncələrə məruz qaldığını, onu döyən zabitlər arasında Levon adlı zabitin xüsusi qəddarlıq nümayiş etdirdiyini deyib. Zərərçəkmiş şəxs dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında L.Mnatsakanyanı göstərərək qəddarlıq edən şəxsin o olduğunu söyləyib – red.). Deyib ki, İ.Məmmədova işgəncə verilməyib.
O, 2020-ci ildə 44 günlük müharibə zamanı Şuşakənddə hərbi hücumun planlaşdırılmasında iştirak etməsi barədə ittiham tərəfinin dediklərini də inkar edib, ümumiyyətlə 2020-ci və 2023-cü ildə heç bir hərbi əməliyyatda iştirak etmədiyini söyləyib. Təqsirləndirilən şəxs deyib: “Bəli, mən həqiqətən orada (Şuşakənddə müşavirə keçirilən məktəbdə - red.) olmuşam. Lakin mən çox gec, müşavirə başladıqdan sonra gəlmişəm. Müşavirəyə mənim aidiyyətim yox idi. Mən ora dəvət olunmamışdım. Həmin məktəbdəki kabinetdə mən ətraf kəndlərin mülki müdafiə qərargahlarının rəhbərləri ilə mülki müdafiə ilə bağlı məsələləri müzakirə edirdim. Əhalinin oradan təxliyə olunmasını danışırdıq. Onlar (müşavirə keçirənlər – red.) isə ora gəlmişdilər və xahiş eləmişdilər ki, iki saatlıq müşavirə keçirmək üçün otaq ayrılsın. Sədr isə onlara həmin kabineti təqdim eləmişdi. Yəni, mənim olmamağımdan istifadə edərək işlətdiyim kabineti təqdim eləmişdi. Mən gələn vaxt artıq orada müşavirə keçirilirdi. Həmin otağa daxil oldum və Artur Ağabekyanla kənarda oturdum. Bu, sadəcə, bir təsadüf idi.
Müşavirədən mənə aydın oldu ki, orada üç ehtiyat batalyonu, bir tank batalyonu, bir artilleriya divizyonu döyüş üçün hazırlanıb. Həmin əməliyyat nəticəsində yol bağlanmalı idi. Hansı ki, orada təchizat işləri görülürdü, yəni hərbiçilər təchizatla təmin edilirdilər. Şuşaya hücum hazırlayan silahlı qüvvələrin məsul şəxsi Samvel Babayan idi. Onlar bütün məsələləri müzakirə etdilər. Həmin əməliyyatın vaxtını müəyyən etdilər və çıxıb getdilər. Vaxtı ertəsi gün saat 5-ə təyin etmişdilər.
Təşkilatçılar getdikdən sonra iştirakçılar öz narazılıqlarını bildirməyə başladılar ki, hazırlıq işləri tam həyata keçirilməyib, tam hazır deyillər. Onlara vaxt verilməyib ki, bu əməliyyata normal şəkildə hazırlaşa bilsinlər, bu səbəbdən də iştirakdan imtina edirlər. Mən soruşdum ki, nəyə görə onlar bunu indi deyirlər, müşavirə keçirilən vaxt niyə deməyiblər? Onlardan bir cavab ala bilmədim və onların işinə də qarışmadım. Fikirləşdim ki, bu, onların öz işləridir”.
Təqsirləndirilən şəxs 2016-cı ildə baş vermiş Aprel döyüşləri barədə danışarkən həmin vaxt “ordu komandanı” (Ermənistan silahlı qüvvələrinin ən böyük birləşməsinin komandiri – red.) olduğunu deyib. O, Aprel döyüşləri ilə bağlı ittiham tərəfinin dəlillərini və zərərçəkmişlərin dediklərini inkar edib, Azərbaycan hərbçilərinin mövqelərinə hücum etmədiklərini deyib.
Məhkəmə prosesi dekabrın 23-də davam etdiriləcək.