Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistan üzərində qələbə qazanmaqla yanaşı, qonşu ölkənin illər ərzində Dağlıq Qarabağda yerləşdirdiyi hərbi texnikanı da məhv etdi. Məhv edilən hərbi texnikanın tamamı keçmiş SSRİ və Rusiya istehsalı idi. Bu yerdə 1997-ci ildə böyük qalmaqala səbəb olan hadisəyə müraciət etməyi lazım bilirəm. Həmin ilin aprel ayında Rusiya Dövlət Dumasının Müdafiə məsələləri komitəsinin rəhbəri Lev Roxlin parlamentin qapalı iclasında Rusiyanın Ermənistana qanunsuz şəkildə 1 milyard dollar dəyərində silah və hərbi texnika göndərdiyini bildirmişdi. Ancaq Roxlinin bu açıqlamasından bir il sonra bağ evində qətlə yetirilmişdi.
Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Ekspertin sözlərinə görə, Roxlinin ifşaedici çıxışı Azərbaycanda da böyük-əks səda yaratdı:
“Təsadüfi deyil ki, 1997-ci ildə Rusiyaya rəsmi səfər edən mərhum Prezident Heydər Əliyevin Ermənistana ötürülən qanunsuz silahlar məsələsini qonşu ölkənin Prezidenti Boris Yeltsin qarşısında qaldırdı.
Rusiya prezidenti də məsələnin araşdırılması məqsədilə ortaq komissiyanın yaradılması haqqında qərar vermək məcburiyyətində qalmışdı. Ancaq komissiyanın fəaliyyəti nəticə vermədi. Çünki Boris Yeltsinin qərarına baxmayaraq, Rusiya tərəfi məsələni araşdırmaqda maraqlı deyildi. Rusiyanın hazırki Prezidenti Vladimir Putin isə 1997-ci ildə Rusiya Baş Nəzarət İdarəsinin rəhbəri idi. Boris Yeltsin Rusiya Müdafiə Nazirliyində Ermənistana hərbi texnikanın göndərilməsiylə bağlı araşdırmanı məhz Vladimir Putinə tapşırmışdı.
Vladimir Putin həmin ildə “Kommersant” qəzetinə müsahibəsində bildirirdi ki, araşdırmanın nəticəsi olaraq guya o zamankı müdafiə naziri Pavel Qraçovun Ermənistana silah və hərbi texnika ötürməsi barədə xəbəri təsdiq olunmayıb.
Putin rəhbəri olduğu Baş Nəzarət İdarəsinin araşdırma apardığını və ölkə rəhbərliyinin Ermənistana hərbi texnika göndərdməsi barədə qərarının olmadığı qənaətinə gəldiyini deyib. Bu zaman Putin Prezident Boris Yeltsinin 1993-cü ildə münaqişədə olan Azərbaycanla Ermənistana hərbi texnika satışının qadağan olunması fərmanını xatırlayır.
Buna baxmayaraq, Putin müsahibəsində Ermənistana hərbi texnika göndərilməsi faktını təsdiq edir. O jurnalistin “Ermənistana hərbi texnika göndərənlər bəllidirmi” sualına belə cavab verir: “Bəli, isimlər mənə bəllidir, ancaq onların adlarını çəkmək istəmirəm”.
Putin həm də onu etiraf edir ki, Ermənistana hərbi texnika ötürənlər Rusiya Müdafiə Nazirliyinin əməkdaşlarıdır. Belə olan halda Putinin “Pavel Qraçovun xəbəri olmayıb” sözləri məntiqsiz səslənirdi. Azərbaycanın Rusiyadakı o zamankı səfiri Ramiz Rzayev isə Putindən fərqli olaraq Ermənistana hərbi texnikanın göndərilməsinə Pavel Qraçovun şəxsən qərar verdiyini söyləmişdi.
Maraqlıdır ki, Pavel Qraçovdan sonra müdafiə naziri təyin olunan İqor Rodionov Ermənistana hərbi texnika göndərdildiyini təsdiq etmişdi və Rusiyada buna görə heç kim cəzalandırılmamışdı. Qısaca, Ermənistan həmin hərbi texnika hesabına Qarabağda hərbi mövcudiyyətini gücləndirdi.
Xatırlatmaq yerinə düşər ki, Rusiyanın Ermənistana hərbi texnikanın göndərilməsiylə bağlı yaradılan komissiyaya Azərbaycan tərəfdən baş nazirin o zamankı müavini Abbas Abbasov başçılıq edirdi. Abbas Abbasov 2001-ci ildə “Exo” qəzetinə verdiyi müsahibədə Rusiyanın Boris Yeltsinin fərmanına zidd olaraq Ermənistana hərbi texnika göndərildiyini təsdiq etsə də, “Rusiya ilə münasibətlərdə gərginlik yaradılmasının tərəfdarı deyiləm” kimi cümlə də işlətmişdi.
Abbas Abbasov müsahibəsində bəzilərinin bu mövzunun beynəlxalq təşkilatlara daşınmasını təklif etdiyini söyləmişdi. Abbas Abbasov bu təklifin əleyhinə olduğunu belə izah etmişdi: “Minsk Qrupunun həmsədri kimi Rusiyaya inamımız var və hərbi texnikanın geri qaytarılması mümkündür”.
Onun işğalçı Ermənistana 1 milyard dollar civarında hərbi texnika göndərən ölkəyə Azərbaycanın inamının olduğu barədə sözləri məntiqsiz idi. A.Ababsov müsahibəsində Vladimir Putinin Prezident seçilməsiylə Müstəqil Dövlətlər Birliyinin canlanmasından məmnunluğunu da gizlətmirdi. Görünür, ikili arasında əlaqə məhz o illərdə yaranmışdı.
Azərbaycan İkinci Qarabağ müharibəsində Rusiyanın Ermənistana qanunsuz ötürdüyü həmin hərbi texnikanı darmadağın edib. Ancaq 30 il əvvəl baş verənləri gərək unutmayaq. Birincisi, Rusiya Azərbaycan torpaqlarının işğalı məqsədilə illər boyu Ermənistana havayı hərbi texnika göndərib. İkincisi, bu məsələni araşdırmaq məqsədilə təsis edilən komissiyanın işi subyektiv səbəblərdən nəticəsiz qalıb”.