Yuxarı

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

“Qarabağ”ın “Sabah”la oyununda nə baş verib? Hakim doğrudanmı satın alınıb? “Qarabağ”ın qələbəsi doğrudanmı oğurlanıb?

Oyun epizodlarına baxdım, amma futbol haqda düşüncələrim yalnız “22 nəfərin bir top uğrunda gülməli mübarizəsi” ilə məhdudlaşdığından, öz qənaətimi kiməsə sırıyıb, hansısa iddia irəli sürə bilmərəm.

Ancaq mütəxəssislərin rəylərini oxudum, onların sözlərinə görə, son dəqiqə və yaxud saniyələrdə doğrudan da penalti epizodu olub və həmin penalti verilsə, hesab bərabərləşə və mübarizə davam edə, “Qarabağ” qalib gələ bilərdi.

AFFA isə yenicə açıqlama verdi və penalti olmadığını elan etməklə, məncə, odun üstünə yağ tökdü, müzakirələri sadəcə qızışdırdı. Zatən sosial şəbəkələrdə iddia edilirdi ki, “Sabah”ın arxasındakı qüvvə hakimi də bu komandanın sıralarında oynamağa, AFFA-nı ədalətsizliyə qarşı səsini çıxarmamağa məcbur edir. Budur, həmin sözlər, necə deyirlər, göyərdi...

Heç bir iddianı təkzib edə bilmərəm, ancaq bütün ehtimalları düşünə-düşünə dərhal statistikanı axtarmağa və fakt toplamağa başladım:

1. 18 apreldə Misli Premyer Liqasının 28-ci turunun oyunları keçirilib, “Qarabağ” “Sabah”ı qəbul edib. “Sabah” 1:0 qalib gəlib;

Aha!

2. 27-ci turda “Qarabağ” “Şamaxı”nı belə uda bilməyib və xal itirib;

Bay?

3. Azərbaycan Kuboku çərçivəsində “Sabah”la 3 apreldə keçirilən oyunda hesab 2:2 olub - nə hakimdən bir narazılıq olub, nə qol epizodu-filan;

Buy?!

4. Misli Premyer Liqada “Sabah” 69 xalla birinci sıradadır, “Sabah”dan bir oyun az keçirən “Qarabağ”ın 56 xalı var. O bir oyunu qalib gəlsə belə, “Sabah”dan 10 xal geridə qalır.

Vay...

Yəni statistika bir az fərqli düşünmək lazım gəldiyini təsdiqləmirmi?

Digər tərəfdən və lap doğrusu:

90-cı illərdə, xüsusilə müstəqilliyimizin ilk illərində Azərbaycan idmançıları xaricdə çox tez-tez məğlub olurdular - istər güləş olsun, istər boks, istərsə də karate və s. Həmin ərəfədə hansı turnirdə məğlub olurduqsa, bu sözləri eşidirdik - “hakimlər bizə qarşıdır”, “xalımızı saymadı”, “qələbəmizi əlimizdən aldı” və s.

O zaman bir kampaniya başlatdıq və idmançılarımıza çağırışlar etdik: tam qələbə qazanın! Güləşdəsənsə, rəqibini qaldır çırp yerə, otur sinəsinin üstündə; boksdasansa, rəqibini nokauta sal; karatedəsənsə, elə vur ki, rəqibin qalxa bilməsin... Yəni ipponla qalib gəl; yəni asokomiyə sal, 20 saniyə yox, 20 dəqiqə buraxma; yəni nokdaun-zad yox, birbaşa nokaut elə...

Bu, idmançılarımızın yalan danışdığını ifşa etmək kampaniyamız deyildi, qətiyyən, əksinə, tam inanırdıq, tam əmin idik ki, idmançılarımız doğru deyir, onların qələbələrini hakimlər oğurlayır, çünki canlı baxırdıq, videolarını izləyirdik, hər şeyi görürdük. Bu istəyimizin bir səbəbi vardı: hakimi fakt qarşısında qoyun, bu halda qələbənizi oğurlaya bilməz!

“Qarabağ” möhtəşəm komandadır, hamımız sevirik, fəxrimizdir, qürurumuzdur - “Sabah” onunla bazlaşa bilməz!

Amma “Sabah” da erməni komandası deyil axı!

Amma “Qarabağ” bir neçə dəfə qarşılaşanda “Sabah”a uduzub axı!

Elə son qarşılaşmada: məgər “Sabah”ın iki qolunu hakim vurmuşdu, yoxsa “Qarabağ”ın təmiz qollarını hesaba almamışdı? Penalti epizoduna qədər hesabda “Sabah” öndə deyildimi?

“Sabah”ın arxasında doğrudan da kimlərsə durursa və hakim də “Sabah”ın komandasında “oynayırsa”, onda “Qarabağ” “nokaut” edərdi, qapısından bir top da buraxmazdı, “ippona” salardı...

Əlbəttə ki, “Qarabağ” - bir ayrı addır bizim üçün və hər birimiz onun daim qalib gəlməsini istəyirik.

Amma daimi qalibimiz Qarabağdır, dırnaqda olan “Qarabağ” isə FK-dir, feke, yəni futbol komandası və oyunda uduzub, o-yun-da, həm də Bakıda uduzub və digər Azərbaycan fekesinə!

Bu qədər sadə...

Tarix
2026.04.23 / 21:39
Müəllif
Anar Niftəliyev
Digər xəbərlər

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

Hörmüz boğazı İran üçün ikitərəfli riskə çevrildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla