Noyabrın 5-də Londonda Avropa Azərbaycan Cəmiyyətinin (AAC)
təşkilatçılığı, Böyük Britaniyadakı səfirliyimizin və Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə
ənənəvi biznes forum keçirilib.
"Axar.az"ın "AzərTAc"-a istinadən verdiyi xəbərə
görə, forumda müxtəlif ölkələrdən dövlət və hökumət rəsmiləri,
diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin nümayəndələri
iştirak ediblər.
Tədbiri açan AAC-ın biznes əlaqələndiricisi Venesa Rain forum
haqqında məlumat verib. Azərbaycanın müasir tələblərə cavab verən
infrastruktura malik olduğunu qeyd edən V.Rain ölkəmizdə son
illərdəki iqtisadi inkişafdan, insanların həyat səviyyəsinin
yüksəlməsindən, dövlət-özəl sektor əməkdaşlığının güclənməsindən
danışıb. Təmsil etdiyi qurum haqqında da məlumat verən xanım V.Rein
AAC-ın Azərbaycanla Birləşmiş Krallıq arasındakı münasibətlərin
daha da inkişafına verdiyi töhfələrini diqqətə çatdırıb.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov
ölkəmizin son illərdə bütün sahələrdə sürətli inkişafı haqqında
statistik rəqəmlərlə ətraflı məlumat verib. Qeyd edib ki, ümumi
daxili məhsulun adambaşına düşən həcmində ötən illərlə müqayisədə
xeyli artım müşahidə edilib.
Azərbaycanın təbii qaz ixracı potensialı haqqında danışan
F.Qurbanov TANAP layihəsi barədə məlumat verib, "Şahdəniz"
yatağından təbii qazın Avropa bazarlarına nəqlini təmin edəcək
layihənin həm Azərbaycanın, həm də Avropa dövlətlərinin maraqlarına
tam uyğun olduğunu bildirib.
AAC-ın sədri Tale Heydərov deyib ki, bu forumun məqsədi hər iki
ölkədə biznes imkanları barədə məlumat vermək, şirkətlər arasında
ilkin təmaslar qurmaq, konkret biznes layihələri və əməkdaşlıq
ətrafında fikir mübadiləsi aparmaqdır. Tale Heydərov forumun Böyük
Britaniya və Azərbaycan arasında iqtisadi və biznes əlaqələrinin
daha geniş müstəvidə baxılmasına, bütün sahələrdə münasibətlərin
daha da inkişaf etdirilməsi və yeni layihələrin planlaşdırılmasına
zəmin yaradacağına əmin olduğunu diqqətə çatdırıb.
Böyük Britaniyanın Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə
ticarət elçisi Çarls Hendri Birləşmiş Krallıqla Azərbaycan
arasındakı ticarət əlaqələri haqqında məlumat verib,
münasibətlərimizin hər il daha da inkişaf etdiyini bildirib.
Əlaqələrimizin təkcə iqtisadi sahədə deyil, bütün istiqamətlərdə
davamlı inkişafda olduğunu deyən Ç.Hendri təhsil sahəsini xüsusi
vurğulayaraq azərbaycanlı tələbələrin Birləşmiş Krallıq
universitetlərinə üstünlük vermələrini yüksək qiymətləndirib.
Milli Məclisin deputatı Cavanşir Feyziyev sahibkarlığın inkişaf
etdirilməsinin Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi
inkişaf strategiyasının mühüm istiqamətlərindən olduğunu bildirib.
Deputat maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı
istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini qeyd edib.
C.Feyziyev Azərbaycanla Böyük Britaniya arasında müxtəlif
istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf
etdiyini vurğulayıb.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov təmsil etdiyi qurumun fəaliyyəti
haqqında danışıb, Azərbaycanda uğurla həyata keçirilən
sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi
uğurlar, əlverişli biznes və investisiya mühiti, iri layihələr
barədə məlumat verib, respublikamızın xarici investisiyalar üçün
cəlbedici bir məkan olduğunu vurğulayıb.
Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini İlham
Əliyev Böyük Britaniya ilə Azərbaycan arasındakı investisiya
əlaqələri haqqında məlumat verib. Azərbaycanın Britaniya
sərmayədarları üçün böyük əhəmiyyət kəsb etdiyini deyən İ.Əliyev
hər iki ölkədən sahibkarların qarşılıqlı yatırımlarda fəal
olduqlarını vurğulayıb. İ.Əliyev dünyanın müxtəlif ölkələri
tərəfindən Azərbaycanın həm neft, həm də qeyri-neft sektorlarına
yatırımların artmaqda davam etdiyini vurğulayıb.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza ölkəmizin son
illərdəki sürətli inkişafından danışıb. Bakının gündən-günə
gözəlləşdiyini diqqətə çatdıran diplomat bu möhtəşəm şəhərin hər il
daha çox xarici turisti özünə cəlb etdiyini vurğulayıb.
Azərbaycanın mədəniyyət, enerji və bir çox sahələrdəki inkişafının
təqdirəlayiq olduğunu deyən M.Brayza bundan sonra da uğurların
davam edəcəyinə əminliyini bildirib.
Daha sonra forum iştirakçılarının sualları cavablandırılıb. Forum
sessiyalar üzrə işini davam etdirib.