Səfəvi dövlətinin zəifləməsindən istifadə edən Rusiya imperiyası 1694-1722-ci illərdə hakimiyyətdə olan IX Səfəvi şahı Sultan Hüseynə ciddi təzyiqlər edirdi. Azərbaycan Səfəvi dövlətində XVII əsrin son onilliyinə qədər davam edən əmin-amanlıq Şah Sultan Hüseynin hakimiyyətə gəlməsi ərəfəsində artıq böhranla əvəzlənmişdi. 1694-cü il avqustun 6-da onun hakimiyyətə gəlişi isə sadəcə Azərbaycan Səfəvi dövlətinin tənəzzülünü dərinləşdirib, süqutunu tezləşdirmişdi.
I Pyotrun Azərbaycandakı elçisi Artemi Volınski Şah Sultan Hüseyn və Səfəvilər barədə Çara tez-tez kəşfiyyat məlumatları göndərirdi. Artemi Volınski Peterburqa yazdığı məktubunda Şah Sultan Hüseyni nəzərdə tutaraq yazırdı: “Burada elə bir hakim vardır ki, o, təbəələri üzərində deyil, təbəələri onun üzərində hökmranlıq edirlər və yalnız padşahlar arasında deyil, sadə adamların arasında da belə bir axmaq az tapılar”.
Bu məktublaşmadan xəbər tutan Şah Sultan Hüseyn bir ildən artıqdır ki, sarayda dolanaraq, burnunu hər dəliyə soxan ruslardan mümkün qədər tez qurtulmağa çalışırdı.
Səfəvi dövlətinin zəifliyi göz qabağında idi və şah sarayı detalların onların qüdrətli qonşusuna bəlli olmasını istəmirdi. Şah elçini Rusiyaya geri qaytarmaq niyyətilə təklif edir ki, Çarın bəyənəcəyi hədiyyəni desin, onu göndərək.
Artemi Volınski Şahı pərt etmək üçün deyir: “Çarın ən bəyəndiyi hədiyyə var. Siz ona FİL göndərin”.
Seçim yox idi, imtina ciddi təhqirə səbəb ola bilərdi və elçiyə bir fil verilir. Artemi Volınski şahı pərt etmək istəyirdi, amma özü pərt vəziyyətinə düşür. Fili gətirib səfirlik binasının qabağında saxlayırlar ki, aparın hədiyyənizi.
Amma onu o dövrün gəmisinə mindirmək mümkün deyildi. Quru yolla aparmaqdan başqa çarə yox idi.
“Torpaq keçidi” alan Volınski sarayı tərk edir. Leytenant Lopuxin və elçiliyin mühafizəsindən otuz əsgər fili müşayiət etmək üçün təyin edilir. Ekspedisiyaya “Şamaxı xanına filin sərbəst keçməsi haqqında fərman” adlı sənəd verilir.
Lopuxin “Dərbənddən Terekə və Həştərxana qədər quru yol”la getməli idi. 9 mart 1718-ci ildə səyahət başlayır. Volınskinin özü və səfirliyin əsas nümayəndələri dəniz yolu ilə Həştərxana gedir.
Ancaq ruslar geri qayıdan zaman da öz xislətlərindən əl çəkmirlər və səfir leytenant Lopuxinə nəinki marşrut boyunca ərazinin xəritəsini tərtib etmək, həm də qoşunların keçməsi üçün ərazini öyrənməyi tapşırır.
Bunun nəticəsində Mir Mahmud Hotaki asanlıqla 1722-ci ildə Şah Sultan Hüseyni taxtdan sala bilir. Əfqanlar İsfahana daxil olub, tacı Şah Sultan Hüseynin başından qapırlar, övladlarını qılıncdan keçirirlər. Şah özü öz tacını Mahmud xanın başına qoyaraq, “Sən məni yendin, Mahmud xan, mən məğlub oldum” - deyərək, hakimiyyətdən əl çəkir.
Beləlikə, Rusiya öz istəyinə çatır, regionda böyük güc sahibi olmuş Səfəviləri ən zəif duruma gətirir.