Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Avropa İttifaqının
(Aİ) mərkəzi olan Brüsselin diplomatik məhəlləsində yeni ofisinin
açılış mərasimi olub. Cəmiyyətin Brüssel ofisinin adı
dəyişdirilərək TEAS Benelüks ofisinə çevrilib.
Avropa Azərbaycan Cəmiyyətindən Axar.az-a verilən məlumata görə,
açılış mərasiminə Brüsseldəki diplomatik korpusun nümayəndələri,
Belçikanın ictimai-siyasi xadimləri, Azərbaycan diasporasının
fəalları və Azərbaycanın dostları qatılıb. Tədbirdə Azərbaycan
Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda
fövqəladə və səlahiyyətli səfiri, ölkəmizin Avropa İttifaqı yanında
Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Azərbaycanın NATO yanında
Nümayəndəliyinin rəhbəri Xəzər İbrahim, Belçikanın Xarici İşlər
üzrə Dövlət Federal Xidmətinin prezidenti Dirk Aşten, Belçikanın
Xarici Ticarət və İnkişafa dair Əməkdaşlıq üzrə Dövlət Federal
Xidmətinin Şərqi və Cənubi-Şərqi Avropa və Mərkəzi Asiya
Departamentinin direktoru Co İndekeu və Belçika baş nazirinin
müavini, Xarici və Avropa İşləri Nazirinin Ofisinin direktor
müavini Mark Mullie iştirak edib.
Belçika baş nazirinin müavini və xarici işlər naziri Didye Reynders
bildirib ki, Azərbaycan və Belçika arasında çox gözəl dostluq və
əməkdaşlıq münasibətləri var və bu münasibətlər Avropa Azərbaycan
Cəmiyyətinin iştirakı sayəsində daha da irəliləyib. D.Reyndersin
sözlərinə görə, TEAS Brüsseldə Avropa İttifaqının müxtəlif
qurumlarında tədbirlər təşkil etməkdə davam edir: "Mən azərbaycanlı
həmkarım Elmar Məmmədyarovun təyarə ilə Brüsselə enməsindən cəmi
iki saat sonra bu tədbirə qatılmışam. Azərbaycanın Belçikaya və
bütün Avropaya daha da yaxınlaşmasında TEAS-ın rolu yüksək
qiymətləndirilməlidir. Belçika - Azərbaycan münasibətləri yüksələn
xətt üzrə inkişaf edir", - deyə Belçika rəsmisi vurğulamışdır.
Natiq daha sonra bildirib ki, qarşılıqlı ticarət missiyalarının və
ötən il onun Bakıya səfəri zamanı xarici sərmayə yatırımlarının
həcminin artırılmasına dair razılıq əldə olunub. Belçika
şirkətlərinin Bakıda fəal olmasını görmək çox xoşdur. Eyni zamanda
ikitərəfli investisiyaların səviyyəsinin artırılması üçün də bir
çox imkanlar var. Belçika dizaynerləri və şirkətləri Bakının
möhtəşəm inkişafına öz töhfələrini veriblər. Xüsusilə, "Fluxys"
şirkəti Trans-Adriatik Boru Kəmərinin (TAP), Xəzərin Azərbaycan
sektorunda yerləşən "Şah Dəniz" yatağından qazın İtaliyada yerləşən
birləşdiriciyə çatdıracaq Cənub Enerji Dəhlizinin tikintisində əsas
rol oynayır.
"TEAS Brüsseldə yerləşməklə Azərbaycanın haqq səsini Avropa
dairələrinə çatdırır və bu missiyanı uğurla həyata keçirir.
Aİ–Azərbaycan münasibətləri çox inkişaf etmişdir və bunun
nəticəsində Birlik və Əməkdaşlıq Sazişləri imzalanmışdır. Yeni
Çərçivə Sazişi ratifikasiya edilmişdir, Bu sənəd bir sıra
məsələləri əhatə edir. Mən Azərbaycan Prezidenti İlham Əliyev,
azərbaycanlı həmkarım Elmar Məmmədyarov, həmçinin məcburi
köçkünlərlə görüşmüşəm. Azərbaycan rəsmiləri ilə görüşlərdən məmnun
qaldım. Azərbycanlı məcburi köçkünlər Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin qurbanlarıdırlar. Mən onların dərdinə şərik
çıxıram. Tezliklə onların dogma yurdlarına qayıtmasını
arzulayıram."
Belçikanın sabiq iqtisadiyyat naziri və Avropa Azərbaycan
Cəmiyyətinin Benelüks ofisinin direktoru Mark Vervilghen bildirib
"Nəyə görə Brüssel və Benelüks ölkələri TEAS üçün bu qədər
önəmlidir ? Buna bir çox səbəb var – Brüssel Avropanın və Avropa
İttifaqı institutlarının paytaxtıdır. Brüssel NATO-nun baş
qərargahıdır, Brüsseldə ərazinin bir kvadrat metrinə düşən
səfirlərin sayı dünyanın hər hansı yerində olduğundan daha çoxdur,
Benelüks Aİ-nin müjdəçisi olub və Benelüks Belçika, Niderland və
Lüksemburqu təmsil edir – bunlar güclü iqtisadiyyatı olan üç
ölkədir. Benelüks Aİ-nın bir növ sınaq laboratoriyasıdır.
Azərbaycan Avropa və Asiya, Rusiya və Orta Şərq arasında bir çox
yolların kəsişməsində və mühüm coğrafi məkanda yerləşdiyi üçün
geosiyasi cəhətdən vacib ölkədir. Azərbaycan Rusiya, Türkiyə və
İran arasında mühüm bir yer tutur. Bu üç ölkə beynəlxalq siyasət və
iqtisadiyyatın gələcək trayektoriyasının müəyyən edilməsində böyük
rol aynayır və oynayacaqdır. Bundan əlavə, Azərbaycan Avropanı Orta
Asiya ilə birləşdirən 7200 kilometrlik Şimal-Qərb nəqliyyat
dəhlizinin və hazırda inşası gedən 45 milyard dollarlıq Cənub
Enerji dəhlizinin mərkəzi nöqtəsidir. Bu dəhliz Azərbaycan qazını
Avropaya gətirəcək və 2020-ci ildən etibarən enerji təchizatında
müxtəlifliyi təmin edəcək. Azərbaycan dünyavi, tolerant,
multikultural və çox konfessiyalı ölkədir. Dünya Yəhudiləri
Konqressinin nümayəndələri təzəlikcə ölkəyə səfər etmişdilər ki,
onlardan sonra Papa Fransisin səfəri baş tutdu. Papa Azərbaycanın
tolerant olduğunu qəbul etdi. Bu ölkə öz regionunda bir model,
ekstremizmə qarşı dayaq və bütün dünya üçün nümunədir."
Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük
Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan
Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri
Fuad İsgəndərov bildirib: "Benelüks ölkələri Avropa İttifaqının
məhək daşıdır və buna görə də TEAS-ın Benelüks ofisinin olması çox
vacibdir. Yüz illər boyu davam edən müharibələrdən sonra Benelüks
tamamilə sülhsevər bir məkana çevrilib. Cənubi Qafqazın da bu cür
sülhə ehtiyacı vardır. Avropada ölkəmiz haqqında obyektiv
məlumatların çatdırılmasında TEAS-ın çox böyük fəallıq nümayiş
etdirir. Azərbaycan beynəlxalq terrorizm, ekstremizm, mütəşəkkil
cinayətkarlığa qarşı işində bütün ölkələrlə sıx əməkdaşlıq edir.
Həmçinin Avropa İttifaqı ölkələri ilə. Hamımız birlikdə olanda biz
daha güclüyük."
Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov
bildirib ki, TEAS uzun bir yol keçib: "Bizim məqsədimiz
mədəniyyətimiz və tariximizi təbliğ etmək və Avropa İttifaqı -
Azərbaycan münasibətlərinin genişləndirilməsinə öz töhfəmizi
verməkdir. Azərbaycan Aİ ilə eyni dəyər və baxışları bölüşür və bu
günümüzdə üzləşdiyimiz çətinliklərin öhdəsindən birgə əməkdaşlıq
şəraitində gələ bilirik".
Nyu York şəhərində yerləşən Cilliard Musiqi Məktəbinin ilk
azərbaycanlı məzunu və Avropa Azərbaycan Cəmiyyətinin incəsənət və
mədəniyyət üzrə müşaviri, skripkaçı Səbinə Rakçeyeva Azərbaycan
folklor melodiyalarını, İ.S.Baxın D Minorda Tokkata və Fuqa
əsərlərini böyük ustalıqla ifa edib.