Yuxarı

Almaniya İrana bağlı şəbəkəyə niyə “qucaq açır?”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya İrana bağlı şəbəkəyə niyə “qucaq açır?”

Azərbaycanda fəaliyyətinə son qoyulmuş İranmeylli dini şəbəkənin Almaniyada yaşayan nümayəndələrinin bu ölkənin Xarici İşlər Nazirliyində qəbul edilməsi suallar yaradır: rəsmi Berlin bu şəxslərin kimliyi haqqında məlumatlıdırmı, onların Almaniya, ümumilikdə Avropa üçün yaratdığı təhlükənin fərqindədirmi?

Almaniyanın Azərbaycana qarşı müxtəlif ölkələrin-qüvvələrin maraqlarına uyğun fəaliyyət göstərən xəyanətkarların, eyni zamanda, İranın təsiri altında olan, bu ölkənin xüsusi xidmət orqanlarının göstərişləri ilə hərəkət edən radikal dini şəbəkə üzvlərinin əsas məkanına çevrildiyi bəllidir. Avropaya gedən şəbəkə üzvlərinin xüsusilə Almaniyada yerləşməsi təsadüfi deyil.

Birincisi, “siyasi mühacir” olduqları iddiası ilə bu ölkənin qurumlarını aldada bilirlər;
İkincisi, İranmeylli şəxslərin bir çoxu daha öncədən Almaniyaya gedərək, bu ölkədə yerləşməyi bacarıb və şəbəkənin digər üzvlərinin köçməsinə şərait yaradırlar.

Şəbəkə üzvlərinin Almaniyada yaşaması və fəaliyyət göstərməsinə yaradılan şərait, hətta rəsmi qurumlar tərəfindən qəbul edilmələri göstərir ki, ya bu ölkə müəyyən məqsədlər naminə buna göz yumur, ya da onlar haqqında tam məlumatlı deyil. Halbuki, Almaniya XİN-də qəbul edilənlərin İranın silahlı proksi qüvvələrindən fərqi yoxdur və hazırda “demokratiya” şüarları səsləndirsələr də, istənilən vaxt qanlı aktlara əl ataraq, Avropanı Yaxın Şərqə çevirmək, Azərbaycanda həyata keçirə bilmədikləri planlarını təkrarlamaq potensialına sahibdirlər. Çünki bu şəxslər nə “siyasi mühacir”, nə də Qərb fondlarının “qəhrəmanı” olan ultra-liberallar deyil, İrandan verilən fətvaları “qanun” kimi qəbul edən Hizbullahçılardır.

Onların Avropaya üz tutması da məhz Hizbullahın Azərbaycan qanadını yaratmaq, şəriət rejimi qurmaq cəhdləri baş tutmadıqdan sonra başlayıb. Bütün məlumatlar açıq mənbələrdə, mətbuat səhifələrində mövcud olsa da, görünür, Almaniyaya yenidən xatırlatmaq ehtiyacı var.

Nardaranın İrandan gələn direktivlərlə qara bayraqlar altında idarə olunduğu tarix uzaq keçmiş deyil. İran Azərbaycanda şəriət rejimi qurulması planında platforma olaraq gördüyü qəsəbəni hələ 90-cı illərdə “dini kanton” kimi idarə etməyə çalışırdı. Bu planı həyata keçirmək məqsədilə İran xüsusi xidmət orqanları ilə əməkdaşlığı sirr olmayan Tale Bağırzadə tərəfindən 2015-ci ildə “Müsəlman Birliyi Hərəkatı” yaradıldı. Silahlı qruplaşmanın yaradılması İranın Azərbaycanda Hizbullah modelini tətbiq etmək planının tərkib hissəsi idi və fəaliyyətə başlamasından qısa müddət sonra– 2015-ci ildə Nardaranda hərəkətə keçdilər. Qruplaşma terror aktı ilə Nardaranı tamamilə ələ keçirmək, daha sonra Azərbaycanda şəriət rejiminin qurulması istiqamətində silahlı hücumlara başlamaq istəyirdi. Lakin müvafiq orqanların ayıq-sayıqlığı və zamanında müdaxiləsi nəticəsində plan iflasa uğradı. Şəbəkənin dağıdılmasından sonra bir sıra üzvləri Avropaya, məhz Almaniyaya köçdülər. Bu, prosesin birinci mərhələsi idi. İkinci mərhələ 2018-ci ildə Gəncədə baş verdi. Nardaranda iflasa uğrayan İran planını həyata keçirmək məqsədilə Gəncəni hədəfə aldı. Keçmiş Azərbaycan vətəndaşlarının İranda yaratdığı silahlı “Hüseyniyyun” qruplaşması Gəncə planında icraçı rolunda iştirak edirdi. Qruplaşmanın Suriyadakı düşərgələrdə hazırladığı Yunis Səfərov Gəncədə terror aktına törətdikdən sonra, “Müsəlman Birliyi Hərəkatı”nın üzvləri hücuma keçdilər. İkinci cəhdin də qarşısı alındı və Azərbaycanda “şəriət rejimi” qurmaq imkanları tamamilə sıradan çıxarıldı. Bundan sonra şəbəkənin digər üzvləri 2015-ci ildən sonra Almaniyaya köçmüş və müxtəlif adlar altında özlərinə yer edə bilmiş Hizbullaçıların yanına getdi. Və bu ölkədə “siyasi mühacir”, “demokrat”, “insan haqlarının müdafiəçiləri” adı altında şəbəkələşməyi bacardılar.

Yaratdıqları təşkilatların adı və fəaliyyət istiqamətlərini məhz “siyasi azadlıq”, “insan haqlarının müdafiəsi” kimi məsələlər üzərindən qurmaqla əsl kimliklərini gizlətməyə çalışırlar. Misal üçün, 2018-ci ildə İranmeylilərin yaratdığı “Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatı bunun real nümunələrindən biridir. İrana bağlı şəxslər belə adlar altında gizlənməklə həm “siyasi mühacir” kimi yaşaya, həm də gerçək fəaliyyətlərini pərdələyə bilirlər. Şəbəkənin Berlində Federal Kansler binasının önündə keçirdikləri son aksiya da onların fəaliyyətlərini necə gizlətdiklərini ortaya çıxardı. “6 dindar xanıma azadlıq” şüarının səsləndirildiyi aksiyanın İranın tapşırığı və maliyyəsi ilə təşkil edildiyi haqda məlumatlar var. Təşkilatçıların “Müsəlman Birliyi Hərəkatı”nın üzvləri olması, Tale Bağırzadənin “təşəkkür məktubu” ünvanlaması da bunu deməyə əsas verir. Şəbəkə üzvlərinin kamuflyaj olmaq və fəaliyyətlərini legitimləşdirmək məqsədilə istifadə etdikləri taktikalardan biri də Avropa ölkələrinin rəsmi instansiyalarını qapı-qapı gəzərək, Azərbaycanda guya dini azadlıqların pozulduğu haqda şikayətlər etməkdir.

Burada sual doğuran əsas məqam Almaniya hökumətinin İran xüsusi xidmət orqanlarının nəzarətində olan bu şəbəkəyə qucaq açması, onların Xarici İşlər Nazirliyində qəbul edilməsidir. Almaniya xüsusi xidmət orqanları bu şəbəkənin İrana bağlı olduğunu doğrudanmı bilmir? Axı hər şey açıq mənbələrdə mövcuddur və bunu görmək, onların məqsədini anlamaq üçün kəşfiyyat axtarışlarına ehtiyac yoxdur. O da sirr deyil ki, bu şəbəkə İranın tapşırığı ilə Almaniyada icmalaşaraq, Hizbullahın Avropa qanadını formalaşdırmağa çalışır. İran müxtəlif ölkələrdə bu taktikadan zaman-zaman istifadə edib. Gürcüstanda azərbaycanlılardan ibarət yaratdıqları hücrələr belə nümunələrdəndir. Azərbaycandan getmiş “Müsəlman Birliyi Hərəkatı”nın üzvləri vasitəsilə hücrələrin yaradılması prosesi hazırda Avropada həyata keçirilir. Bu hücrələr Yaxın Şərqdə olduğu kimi, İrandan verilən tapşırıqlarla istənilən vaxt hərəkətə keçə və terror aktları törədə bilərlər. Vaxtilə Nardaranda və Gəncədə buna cəhd ediblər, hazırda Hizbullahın, husilərin timsalında proksi qüvvələrin nələr etdiyi də göz önündədir. Bu şəbəkə İranın istədiyi vaxt hərəkətə keçirəcəyi potensial terror qruplaşmasıdır. Almaniya hökumətinin, bu ölkənin xüsusi xidmət orqanlarının isə bütün bunları görməməsi, yaxud görmək istəməməsi, əksinə onlara “qucaq açması” açıq suallar yaradır.

Bəs, bu şəbəkə bağlı olduqları qüvvələrin təlimatı ilə Almaniyada hansısa terror aktı törətsə, məsuliyyəti kim daşıyacaq? Cavab bəllidir: bu gün şəbəkə üzvlərini qəbul edən Almaniya hökuməti, onların gerçək kimliyini görməyən, yaxud görmək istəməyən Almaniya xüsusi xidmət orqanları. Azərbaycan bu məsələdə heç bir məsuliyyət daşımır. Çünki onlar Azərbaycandan getsələr də, birbaşa İran xüsusi xidmət orqanlarına bağlı proksi qüvvələrdir. Məhz Azərbaycanda şəriət rejimi qurmaq planları iflasa uğradığı üçün Avropaya – Almaniyaya gediblər.

Azərbaycan bu şəbəkənin gerçək kimliyini və əsl məqsədlərini ifşa edib. Hər şey açıq mənbələrdə mövcuddur. Bu baxımdan, Avropa, xüsusilə Almaniya real təhlükəni adekvat qiymətləndirməli, şəbəkənin neytrallaşdırılması istiqamətində tədbirlər görməlidir. Əks təqdirdə, baş verə biləcək silahlı hücumlar, terror aktlarının törədilməsi kimi xoşagəlməz hadisələrdən özləri məsuliyyət daşıyacaq.

Tarix
2026.07.29 / 17:48
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla