Yuxarı

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzindən yayılan görüntülərdə alverin zəiflədiyi, bazarın boş qaldığı bildirilir. Satıcılar müştəri azlığından gileylənir, alıcılar isə qiymətlərin bəzən şəhər mərkəzindəki mağazalardan belə baha olduğunu deyirlər. Ekspertlər hesab edir ki, buna əsas səbəblərdən biri onlayn ticarətin sürətlə yayılmasıdır.

Axar.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli danışıb.

O bildirib ki, “Sədərək” kimi iri topdansatış bazarlarında alverin zəifləməsi tək bir səbəblə izah oluna bilməz. Onun sözlərinə görə, burada həm istehlakçı davranışının dəyişməsi, həm də bazarın özündə yaranan struktur problemlər rol oynayır:

“Son illərdə alıcılar qiymətə daha həssas yanaşır və məhsulu almamışdan əvvəl müxtəlif satış məntəqələrində, eləcə də onlayn platformalarda qiymət müqayisəsi aparırlar. Əgər bazarda təklif olunan məhsul şəhərin digər mağazalarından və ya internet üzərindən satılan məhsullardan baha olarsa, alıcı alternativə üstünlük verir.

Qiymətlərin yüksək olmasının səbəblərindən biri icarə haqları, kommunal xərclər, logistika, əməkhaqqı və digər əməliyyat xərclərinin artması ola bilər. Sahibkar bu xərcləri məhsulun qiymətinə əlavə etdikdə onun rəqabət qabiliyyəti azalır. Xüsusilə icarə haqları yüksək olduqda satıcı qiyməti aşağı salmaq imkanını itirir və nəticədə alıcı başqa satış kanallarına yönəlir”.

A.Nəsirli deyir ki, onlayn ticarətin inkişafı da bazara ciddi təsir edir:

“Temu”, “AliExpress” və digər beynəlxalq platformalar geniş çeşid, rahat sifariş, kampaniyalar və bəzi hallarda daha aşağı qiymətlər təklif edir. Bu, ənənəvi bazarlar üçün ciddi rəqabət yaradır. Xüsusilə geyim, məişət əşyaları və aksesuar kimi məhsullarda onlayn platformalar bazarın bir hissəsini özünə cəlb edib.

Bununla yanaşı, alıcıların vaxt amilinə yanaşması da dəyişib. Əvvəllər insanlar bazarlara gedərək saatlarla məhsul seçirdilər. İndi isə bir çoxları eyni məhsulu internet vasitəsilə bir neçə dəqiqəyə sifariş etməyə üstünlük verir. Bu dəyişiklik ənənəvi bazarların fəaliyyət modelinə təsir göstərir.

Bu, o demək deyil ki, belə bazarlar tamamilə fəaliyyətini dayandıracaq. Onlar hələ də topdansatış, peşəkar alıcılar və məhsulu yerində görmək istəyən müştərilər üçün əhəmiyyətini qoruyur. Lakin əvvəlki kimi dominant mövqedə qalmaq üçün yeni şəraitə uyğunlaşmaları vacibdir”.

İqtisadçının fikrincə, sahibkarlar üçün əsas çıxış yolu yalnız qiymətlə rəqabət aparmaq deyil:

“Müştəri xidmətinin yaxşılaşdırılması, keyfiyyətə zəmanət verilməsi, məhsul çeşidinin artırılması, sosial şəbəkələr və elektron ticarət vasitəsilə satışın inkişaf etdirilməsi, çatdırılma xidmətlərinin təşkili və müştərilərlə uzunmüddətli əlaqələrin qurulması daha səmərəli yanaşma ola bilər”.

O əlavə edib ki, bazarların idarəedici qurumları da icarə siyasətinə yenidən baxmalı və sahibkarların xərclərinin azaldılmasına dəstək verməlidir:

“Ümumilikdə, Sədərək kimi bazarların gələcəyi onların dəyişən bazar şərtlərinə nə dərəcədə uyğunlaşacağından asılı olacaq. Əgər ənənəvi fəaliyyət modeli qorunub saxlanılarsa, alverin daha da zəifləməsi mümkündür. Əgər bazarlar rəqəmsal satış kanallarını inkişaf etdirər, xərcləri optimallaşdırar və qiymət baxımından rəqabət qabiliyyətini artırarsa, onlar həm topdansatış, həm də pərakəndə ticarətdə öz mövqelərini qoruyub saxlaya bilərlər”.

Tarix
2026.07.29 / 20:49
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla