Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə iyulun 31-də iki ölkə arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. Həmçinin Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb.
Dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar.
Mövzu ilə bağlı Axar.az-a açıqlamasında siyasi ekspert Samir Hümbətov bildirib ki, əslində, Azərbaycanla Qırğızıstan arasında münasibətlər qədim tarixə malikdir.
“Çünki həm Azərbaycan, həm də Qırğızıstan dili, dini, milli kimliyi və etnik tərkibi baxımından ortaq dəyərləri paylaşan dövlətlərdir. Düşünürəm ki, tariximizi araşdırsaq, bu əlaqələrin kökünün daha qədim dövrlərə uzandığını görərik.
Müstəqilliyin bərpasından sonra, xüsusilə də son illərdə Azərbaycan-Qırğızıstan münasibətləri daha sürətlə inkişaf etməkdədir. Qırğızıstan prezidenti bir neçə dəfə Qarabağa səfər edib, həmçinin Qırğızıstan Ağdamda aparılan quruculuq işlərində fəal iştirak edir.
Azərbaycan Prezidentinin bu səfəri zamanı da tərəflər arasında bir sıra sənədlər imzalandı. Həmçinin Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının III iclası keçirildi. Həmin iclasın yekunları və imzalanan sənədlərin məzmununa baxdıqda görürük ki, burada təkcə ikitərəfli münasibətlər deyil, həm də regional və qlobal məsələlər xüsusi yer tutur”, - o bildirib.
Ekspert ölkələrimiz arasında istər siyasi, istər iqtisadi, istər hərbi, istərsə də mədəni sahələrdə əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da dərinləşdiyini vurğulayıb:
“Bu dərinləşən əməkdaşlıq hər iki ölkəyə böyük faydalar verir. Son görüş zamanı Azərbaycanın Şuşa şəhəri ilə Qırğızıstanın Çolpon-Ata şəhəri, eləcə də Azərbaycanın Qəbələ şəhəri ilə Qırğızıstanın Karakol şəhəri, Gəncə şəhəri ilə Oş şəhərinin qardaşlaşması şəhərlər arasında mədəni, iqtisadi, turizm və digər sahələrdə əməkdaşlığın inkişafına töhfə verə bilər.
Bu cür tədbirlərin keçirilməsi yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın güclənməsinə xidmət edir. Gözləntilər ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatı gələcəkdə Avropa Birliyi modelində daha institusional və səmərəli fəaliyyət göstərən nüfuzlu beynəlxalq platformaya çevrilsin.
Bu prosesdə Azərbaycanın da mühüm rolu və böyük faydaları var. Hesab edirəm ki, təşkilat gələcəkdə beynəlxalq aləmdə öz layiqli yerini tutacaq və Azərbaycanla Qırğızıstan arasında inkişaf edən münasibətlər də bunun bariz nümunələrindən biri kimi qiymətləndirilə bilər”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.
