21:51
Oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seçkiləri
ilə əlaqədar təşkil olunan eksit-pollun nəticələri
açıqlanıb.
Axar.az xəbər verir ki, Gürcüstanın OBQ, GDS, İmedi və Maestro
televiziya şirkətlərinin sifarişi əsasında TNS şirkətinin keçirdiyi
eksit-pollun nəticələrinə görə, hakim Gürcü Arzusu - Demokratik
Gürcüstan Partiyası 53,8 faiz, müxalifətdən olan Vahid Milli
Hərəkat Partiyası isə 19 faiz səs qazanıb. Bu nəticələrə əsasən
yalnız bu iki partiya parlamentdə mandat əldə edə bilib.
Beynəlxalq GFK şirkətinin keçirdiyi eksit-pollun nəticələri isə
bir qədər fərqlidir. Şirkətin yekun hesabatına görə, Gürcü Arzusu
səslərin 39,9 faizini, Vahid Milli Hərəkat Partiyası isə 32,74
faizini toplayıb. "Vətənpərvərlər Alyansı" 5,76 faiz, Leyboristlər
Partiyası 4,21 faiz, İrakli Alasaniyanın Azad Demokratlar Partiyası
isə 3,21 faiz səs toplayıb.
Eksit-poll 220 məntəqədə 10 min seçici arasında keçirilib.
00:28
Oktyabrın 8-də Gürcüstan parlamentinə və Acarıstan
Muxtar Respublikasının Ali Sovetinə seçkilər
keçirilib.
Axar.az xəbər verir ki, səsvermə səhər saat 8:00-da başlayıb,
saat 20:00-da başa çatıb. İlkin məlumatlara görə, seçkilərdə
seçicilərin 50 faizdən çoxu iştirak edib. Bununla da səsvermə baş
tutmuş hesab olunur.
Lakin bəzi majoritar dairələrdə ikinci turun keçiriləcəyi
istisna edilmir.
Səsvermənin ilkin nəticələri oktyabrın 9-da, tam nəticələr isə
oktyabrın 19-da açıqlanacaq.
Keçirilən eksit-polların nəticələrinə görə, seçkilərdə ən çox
səsi hakim Gürcü Arzusu Partiyası qazanıb.
Gürcüstanın Baş naziri, Gürcü Arzusu - Demokratik Gürcüstan
Partiyasının sədri Georgi Kvirikaşvili axşam saatlarında qələbə
münasibəti ilə seçiciləri və tərəfdaşlarını təbrik edib. O deyib:
"Düzdür, dərc olunan rəqəmlər ilkin hesablamalara əsaslanır. Hamı
son nəticəni gözləyir. Amma Gürcü Arzusu Partiyası artıq
qalibdir".
Qeyd edək ki, seçki prosesi bəzi detalları ilə yadda qalan olub.
Belə ki, Batumidə 83 yaşlı seçici məntəqədə səs verdikdən sonra
halı qəflətən pisləşib və o, məntəqədə dünyasını dəyişib.
Gürcüstanın Şida Kartli bölgəsinin Kareli şəhərində isə yaşlı
seçici məntəqəyə daxil olduqdan sonra özünü pis hiss edib. Təcili
yardım çağırılsa da, həkimlər onun həyatını xilas edə
bilməyiblər.
Marneuli rayonunda seçki məntəqələrinin birində seçicilər
arasında qarşıdurma yaranıb. Gürcüstanın xüsusi təyinatlılarının
müdaxiləsindən sonra vəziyyət normallaşıb.
Zuqdidi rayonunda isə hakim Gürcü Arzusu Partiyasının üzvləri
ilə məntəqə seçki komissiyası üzvləri arasında münaqişə olub.
Senaxidə seçiciyə pul verilməsi faktı aşkarlanıb.
Seçki günü Vahid Milli Hərəkat Partiyasının müşahidəçilərinin
döyülməsi barədə məlumatlar yayılıb. Ölkənin Daxili İşlər Nazirliyi
faktlarla bağlı araşdırmalara başlayıb.
Gün ərzində MSK-ya müxtəlif məzmunlu 81 şikayət daxil olub.