Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Quru
Qoşunları komandanı Hulusi Akarın başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
"Axar.az" APA-ya istinadən xəbər verir ki, görüş zamanı dövlət
başçısı bildirib ki, Türkiyə Quru Qoşunları komandanı H.Akarın
başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə
arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən hərbi
sahədə yüksək səviyyədə olduğunu bir daha təsdiq edir.
Hərbi sahədə əməkdaşlığımızı ikitərəfli münasibətlərimizin
inkişafının tərkib hissəsi kimi dəyərləndirən prezident İlham
Əliyev son illər bu istiqamətdə də mühüm nailiyyətlərin əldə
olunduğunu deyib. Dövlət başçısı əməkdaşlığımızın bu sahədə daha da
genişləndirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsinin, birgə
təlimlərin keçirilməsinin və birgə istehsal sahələrinin
yaradılmasının önəmini qeyd edib.
H.Akar isə ilk dəfə ölkəmizə 1994-cü ildə səfər etdiyini və
xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşünü böyük
ehtiramla xatırlayıb. Ötən dövr ərzində Bakıda çox böyük
dəyişikliklərin şahidi olduğunu vurğulayan H.Akar ölkəmizdə gedən
sürətli inkişaf proseslərinin onda yüksək təəssürat yaratdığını
deyib.