Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Respublikasının Prezidentinin fəaliyyətinə ictimai münasibətin öyrənilməsi məqsədilə ölkə vətəndaşları arasında rəy sorğusu həyata keçirib.
Mərkəzdən Axar.az-a verilən məlumata görə, sorğu çərçivəsində 2025-ci ilin ilk altı ayı ərzində Prezidentin genişmiqyaslı fəaliyyət xronikasında ön plana çıxan və xüsusi aktuallıq kəsb edən bir sıra istiqamətlər seçilərək ictimai rəy sorğusu əsasında dəyərləndirilib.
Sorğunun nəticələri Prezidentin fəaliyyətinin ümumilikdə yüksək qiymətləndirildiyini göstərib. Xüsusilə Böyük qayıdış və bərpa-quruculuq, hərbi quruculuq, xarici siyasət, hərbi quruculuq və milli təhlükəsizlik sahəsində fəaliyyətə geniş ictimai dəstək ifadə olunub.
Sorğunun nəticələrinə əsasən, Prezidentin xarici siyasət sahəsində fəaliyyətini respondentlərin 67.8%-i çox yaxşı, 24.4%-i əsasən yaxşı olaraq qiymətləndirib. Sorğu iştirakçılarının 1.0%-i bu sahədə fəaliyyəti əsasən pis, 0.6%-i çox pis kimi dəyərləndirib. Respondentlərin 6.2%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.
Nəticələr Azərbaycanın xarici siyasət kursuna – xüsusən regional əməkdaşlıq, geosiyasi balanslaşdırma və beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində fəaliyyətə yüksək ictimai dəstəyin olduğunu göstərib.
Sorğularda yaşı 18 və yuxarı olan 1200 respondent iştirak edib.
Sorğunun sahə işi (məlumatların toplanılması) 2025-ci ilin 10 iyun – 18 iyun tarixləri arasında icra edilib. Məlumatların toplanılmasında kompüter dəstəkli fərdi müsahibə (CAPI) üsulundan istifadə olunub.
Sorğular Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarını əhatə edib. Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları sorğuda əhatə olunmayıb. Sorğular 7 respublika tabeli şəhər, 34 rayon olmaqla ümumilikdə ölkənin 41 rayon və şəhərində keçirilib.
Sorğuda iştirak edənlərin sayına əsasən nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edib.