Türkiyə Xarici İşlər Nazirliyinin SSRİ üzrə idarəsinin
keçmiş rəisi, Türk Tarix Qurumunun həqiqi üzvü Bilal Şimşir
APA-ya müsahibə
verib.
Axar.az müsahibəni təqdim edir:
- 2011-ci ilin aprelində dərc olunmuş 800 səhifəlik
"Azərbaycan" adlı kitabınızda müstəqilliyin elanından əvvəlki və
sonrakı prosesləri ətraflı şəkildə yazmısınız. O dönəmin
xatirinizdə qalan mühüm anlarını oxucularımızla bölüşməyiniz
mümkündürmü?
- SSRİ-nin dağılması prosesində bizim ən həyəcanla gözlədiyimiz
məsələ Azərbaycanın öz müstəqilliyini elan etməsiydi. Hörmətli
Turqut Özal 1991-ci ilin martında Moskvadan Bakıya gedəndə qardaş
paytaxtda Baş Konsulluğumuzu açdıq. Oktyabrın 18-də Azərbaycanın öz
müstəqilliyini yenidən elan etməsinə dair xəbəri həm Bakıdan, həm
də Moskvadan aldıq. Daha sonra xəbərlərin gəlməməsi və Azərbaycanın
bizdən tanınma tələb etməməsi narahatlığımıza səbəb oldu. Həm
hökumət Azərbaycanı tanımaqda ləng tərpənirdi, həm də qardaş
ölkənin müstəqilliyini tanımağımız üçün Bakıdan tələb gəlmirdi. Mən
prezident Özal və baş nazir Məsut Yılmaza müraciət edərək tanınma
tələbi gətirməsi üçün Bakıya diplomat göndərməyi təklif etdim. O
vaxt xristian ölkələri SSRİ-dən ayrılmış eyni dindən olan ölkələri
tez tanıdılar, ancaq Azərbaycanın müstəqilliyinin tanınmasından
söhbət gedəndə bizim tanımağımıza da mane olmağa çalışırdılar. Həm
Özal, həm də Yılmaz mənim təklifimə müsbət baxdılar və bir an əvvəl
özümün Bakıya getməyimi istədilər. Mən Moskvadakı səfirliyimizin
vəziri-muxtarı Xəlil Akıncı və müavinim Qurtuluş Daşkəntlə Bakıya
getdim. Orada prezident və baş nazirlə görüşərək Türkiyəyə tanınma
tələbi ilə müraciət etmələrini istədik. Müxalifət lideri Əbülfəz
Elçibəylə görüşümü də heç vaxt unutmaram. Çox sadə bir evdə
yaşayırdı, pəncərə sınmış, təzə şüşə salmamışdılar. İqtidarın da,
müxalifətin də Türkiyəyə tanınma tələbi verməsinə müsbət
baxdıqlarını görüb Türkiyəyə qayıtdıq. Tələb gələn kimi, vaxt
itirmədən Azərbaycanı tanıma bəyannaməsi yazıb hökumətə təqdim
etdik. Prezident Özala və baş nazir Məsut Yılmaza dedim ki, biz
Azərbaycanı İrandan əvvəl tanımasaq, tarix bizi əfv etməz və
münasibətlərimizin gələcəyində həmişə böyük nöqsan kimi xatırlanar.
Noyabrın 8-də Məsut Yılmaz hökuməti Azərbaycanın müstəqilliyinin
Türkiyə tərəfindən rəsmən tanınması haqqında bəyannaməni təsdiq
etdi. Daha sonra hökumət dəyişdi və DYP-SHP koalisiyasının xarici
işlər naziri Hikmət Çətin bəyannaməni Məclisdə təsdiq etdirdi.
- Müstəqillik bəyannaməsi elan edilən kimi, Baş
Konsulluğun səfirliyə çevrilməsi barədə qərar qəbul edildi, Altan
Karamanoğlu fövqəladə və səlahiyyətli səfir oldu.
- Altan bəy Ankaraya gəldi, onun güvən məktubu hazırlandı,
Bakıdan razılıq gələndən sonra səfir oraya gedərək güvən məktubunu
prezidentə təqdim edəcək, rəsmən fəaliyyətə başlayacaqdı. Ancaq
Altan bəyin ayağı sınmışdı, bir müddət xəstəxanada yatdı. Biz isə
güvən məktubunun bir an əvvəl Bakıda prezidentə təqdim edilməsinə
çalışırdıq. Məktubu Bakıya mənim aparmağım qərarlaşdırıldı. Əvvəlcə
baş nazirlə görüşdüm, məktubu alıb bir tərəfə qoyandan sonra dedi
ki, tələsəcək işimiz yoxdur. Mən isə Türkiyənin tələsdiyini və
səfir Karamanoğlunun güvən məktubunun bir an əvvəl təsdiq
edilməsinin lazım olduğunu dedim. Məktub prezidentə təqdim edildi,
mən Ankaraya qayıtdım, bir müddətdən sonra Altan bəy Bakıya getdi.
Dekabrın axırında Azərbaycan müstəqillik referendumu keçirəndə də
mən Bakıdaydım. Azərbaycan çox gənc bir dövlət idi, səfirimizin
güvən məktubunu prezidentə təqdim edəndə demişdim ki, bu, güvən
məktublarının vahid formasıdır, siz də Azərbaycan türkcəsində
bundan hazırlatdırın. Həm iqtidarla həm də müxalifətlə daimi
əlaqədə idik. 1992-ci ilin fevralında prezident Ankaraya gəldi,
müharibə şəraitində olan qardaş Azərbaycana dəstəyi genişləndirməyi
qərarlaşdırdıq.
- Sizin Azərbaycana daha əvvəlki gəlişinizi şəxsən yaxşı
xatırlayıram. 1991-ci ilin iyununda Türk Tarix Qurumu heyəti ilə
Bakıda olanda professor Abdulhaluk Çay sizin 20 dollarınızı mənə
verib, poçt markaları almağımı istəmişdi. O gəlişinizdə siyasi və
diplomatik məşvərətləriniz olmuşdumu?
- O vaxt Azərbaycan müstəqillik elan etməmişdi. Ancaq prosesin
Azərbaycanı müstəqilliyə doğru apardığını görməmək mümkün deyildi.
Biz daha çox ortaq əlifba və tarix məsələləri üzərində müzakirələr
aparırdıq. Məndə "Kommunist" qəzetinin 1922-ci ildə latın
hərfləriylə çıxmış nüsxələri vardı. Əbülfəz Elçibəy dedi ki,
bunları ilk dəfə görürük. O vaxt biz ərəb əlifbasından istifadə
edirdik. Azərbaycan o işdə bizdən çox qabağa düşmüşdü, ancaq
1939-cu ildə kiril əlifbasını qəbul etmək məcburiyyətində qalmışdı.
Biz Azərbaycanın latın əlifbasını qəbul etməsini istəyirdik.
Bakıdakı müzakirələrimizdə fikir ayrılığı daha çox "ə" və "x"
hərflərinin üzərində olmuşdu. Azərbaycan alimləri bu səslərin dildə
olduğunu, ona görə əlifbada da olmasının lüzumu üzərində durdular.
Mən filatelistəm, ona görə Azərbaycanın öz poçt markalarını hansı
əlifbada yazacağı da mənim üçün maraqlı idi. O gediş-gəlişlərimizin
həm müstəqilliyin qazanılmasında həm də ölkələrimiz arasındakı
münasibətlərin inkişafında əhəmiyyətli dərəcədə rolu oldu.
- Siz "erməni məsələsi" ilə bağlı Türkiyədə ən çox kitab
çap etdirmiş araşdırıcı olduğunuza görə o sahədə dünya miqyasındakı
prosesləri də yaxından izləyirsiniz. Fransa Senatının "soyqırım
olmayıb" deyənləri cəzalandırmağı nəzərdə tutan qanunu yenidən
qəbul etməsi barədə nə deyə bilərsiniz?
- AİHM-in Perinçək qərarında bir hadisənin "soyqırım" kimi
xarakterizə edilməsi üçün məhkəmə hökmünün olması zərurəti ifadə
edilib. 1915-ci il hadisələri ilə bağlı heç bir məhkəmə qərarının
olmamasına baxmayaraq, Fransa Senatının yenidən qanun qəbul
etməsinin heç bir hüquqi əsası yoxdur. İsveçrə parlamenti öz
qərarlarını ləğv etməyə hazırlaşarkən Fransa Senatının yenidən eyni
qərarı qəbul etməsi heç nə ifadə etmir. AİHM Böyük Palatasının
Perinçək-İsveçrə prosesində verdiyi qərar Avropa Şurasına üzv olan
bütün ölkələr üçün bağlayıcıdır.