Oktyabrın 20-21-də Cenevrədə BMT-nin İnsan Hüquqları
üzrə Komitəsinin 118-ci sessiyası çərçivəsində Mülki və Siyasi
Hüquqlar haqqında Beynəlxalq Paktın həyata keçirilməsinə dair
Azərbaycan Respublikasının dördüncü dövri hesabatına
baxılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a
bildirilib ki, sessiyada ölkəmiz Azərbaycan Respublikası
Prezidentinin Sərəncamına uyğun olaraq xarici işlər nazirinin
müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə
təmsil olunub.
X.Xələfov açılış nitqi ilə Azərbaycanın dövri hesabatını təqdim
edib. O, ölkəmizdə insan hüquqlarının və əsas azadlıqların təmin
edilməsi sahəsində mövcud olan qanunvericilik, görülən işlər və bu
istiqamətə yönəldilmiş səylər barədə ətraflı məlumat verib. Nazir
müavini sentyabrın 26-da keçirilmiş referendumun nəticəsində
Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş düzəlişlərin
insan hüquqları və azadlıqlarının daha da möhkəmləndirilməsi,
səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşması,
iqtisadi islahatların səmərəliliyinin təmin edilməsi baxımından
əhəmiyyətini vurğulayıb. O, həmçinin Prezident İlham Əliyevin
Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli
Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərmanı,
"Vətəndaşların müraciətləri haqqında" və "İctimai iştirakçılıq
haqqında" qanunlar barədə, habelə "Açıq hökumətin təşviqinə dair
2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi
haqqında geniş məlumat verib.
Bununla yanaşı, X.Xələfov məhkəmə sisteminin təkmilləşdirilməsi,
korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması, insan
alverinin qarşısının alınması, məişət zorakılığı ilə mübarizə,
miqrasiya və vətəndaş cəmiyyətinin təşviqi sahələrində həyata
keçirilən tədbirlər barədə danışıb. O, həmçinin qaçqınların və
məcburi köçkünlərin sosial-iqtisadi şəraitlərinin yaxşılaşdırılması
istiqamətində görülmüş işlərdən bəhs edib.
Nazir müavini ölkəmizdə dini tolerantlıq və millətlərarası
münasibətlərin daha da gücləndirilməsi və inkişafı məqsədilə
Azərbaycan Respublikası tərəfindən həm milli, həm də beynəlxalq
səviyyədə görülən tədbirlər barədə məlumat verib, Azərbaycan
Respublikası Prezidentinin təşəbbüsü ilə keçirilən və
mədəniyyətlərarası dialoqun təşviqi məqsədini daşıyan "Bakı
prosesi" və dövlətimizin başçısının təşəbbüsü ilə aprelin 25-27-də
Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal
Forumu barədə danışıb.
X.Xələfov ərazimizin 20 faizinin hələ də Ermənistanın işğalı
altında qalmasını və işğalın insan hüquqlarının qorunması sahəsində
Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərin yerinə
yetirilməsində əsas maneə olduğunu qeyd edib. Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzünün davam etdiyini bildirən nazir
müavini Ermənistan tərəfindən müharibə cinayətlərinin və Xocalı
soyqırımının törədildiyini, həmçinin insan hüquqlarının və
beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu,
azərbaycanlı mülki əhaliyə qarşı pis rəftarların, müxtəlif
işgəncələrin, çoxsaylı edamların edildiyini vurğulayıb.
Komitə üzvləri nümayəndə heyətimizin yüksək səviyyədə təmsil
olunmasını, Azərbaycanın komitə ilə əməkdaşlığını, Beynəlxalq
Paktın həyata keçirilməsi sahəsində əldə olunmuş nailiyyətləri, bu
sahədə qanunvericilik tədbirlərini, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı verilmiş məlumatları, ölkədə milli
birliyin mövcudluğunu, qadın hüquqları sahəsində görülmüş işləri,
əfv fərmanlarını, eləcə də irqçiliyə qarşı mübarizə,
multikulturalizmin inkişafı və mədəni müxtəlifliyə töhfə
verilməsini təqdir ediblər.
Sessiya zamanı ölkəmizdə insan hüquqlarının təmin olunması ilə
bağlı komitə üzvləri tərəfindən nümayəndə heyətinə ünvanlanmış
suallar aidiyyəti üzrə və dolğun şəkildə cavablandırılıb. Tədbir
interaktiv dialoq formasında keçib.