Səudiyyə Ərəbistanı ilə husilər arasındakı münaqişə yeni bir problem deyil. Səudiyyə Ərəbistanının 2000-ci illərin əvvəllərindən bəri Yəmən siyasəti və İranın 2004-cü ildən bəri husilərlə münasibətləri məsələni daha da ağırlaşdırıb. Hazırkı münaqişə İran-ABŞ/İsrail münaqişəsinin yansımasıdır.
Bu sözləri Axar.az-a açıqlamasında Qaziantep Universitetinin müəllimi, professor Əli Fuad Gökçə deyib.
Onun sözlərinə görə, İrana hücum etməklə məqsədlərinə çata bilməyən ABŞ və İsrail İslam dünyasının ən həssas nöqtəsi olan məzhəb ayrılığından istifadə etməyə çalışır:
“Bunun üçün ən uyğunu Husi-Səudiyyə gərginliyidir. Hazırda Ənsarullah (Husilər) ilə Səudiyyə Ərəbistanı arasında münaqişə səhnələşdirilir. Bu münaqişə çox əhəmiyyətli risklər və təhdidlər ehtiva edir. İsraili bombalayan husilərə qarşı dərhal altı ölkədən ibarət koalisiya yaradaraq hücuma keçən ABŞ bölgədəki ən mühüm müttəfiqi və maliyyə mənbəyi olan Səudiyyə Ərəbistanına husilər hücum edərkən niyə onları bombalamadı?
Üstəlik, Səudiyyə Ərəbistanından iki dəfə müraciət edilməsinə baxmayaraq, onlar imtina etdilər və hətta öz ticarət gəmilərinin Bab əl-Məndəb boğazından keçməsinə icazə vermək üçün husilərlə razılığa gəldilər. Bu sualın cavabı çox vacibdir. Bəziləri husiləri ABŞ ilə razılaşma əldə etdiklərinə görə tənqid edir, amma yadda saxlamaq vacibdir ki, Səudiyyə Ərəbistanı illərdir ABŞ-la əməkdaşlıq edir. Bəlkə də onlar hətta ABŞ-a verdikləri pullar vasitəsilə İsrailin Qəzzaya atdığı bombaların maliyyəçisi hesab edilə bilər”.
Ekspert hesab edir ki, məsələyə daha geniş perspektivdən baxdıqda, ABŞ-ın sərhədləri daxilində iki mühüm müsəlman şəhəri - Məkkə və Mədinə yerləşən Səudiyyə Ərəbistanına husilərin hücumları barədə susması qəribədir:
“Husilərin hücumları ilə Qərb mediası və Co Uilson kimi sionizmə yaxın siyasətçilər birdən müsəlmanlar üçün narahat olmağa başladılar və Məkkə və Mədinə haqqında açıqlamalar verdilər, paylaşımlar etdilər. Onlardan soruşmaq lazımdır: müsəlmanların ibadət etmək üçün Məscidül-Əqsaya buraxılmadığı, məscidin ibadətə bağlandığı, Fələstində on minlərlə dinc sakinin, ilk növbədə qadınların və uşaqların qətlə yetirildiyi zaman siz harada idiniz?”